Bakıda kitabxana işi ilə
bağlı beynəlxalq elmi konfrans
Kitabxana-informasiya sahəsində əldə
edilmiş nəzəri və təcrübi nailiyyətlərin
tətbiqi müzakirə olunur
Aprelin 1-də ADA Universitetində “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı. Tədbir ADA Universiteti ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
ADA Universitetinin rektoru Hafiz Paşayev tədbirdə çıxış edərək bildirdi ki, rəhbərlik etdiyi ali təhsil ocağının yaranması kitabxanadan başlayıb: “Biz Amerika arxitektorları ilə birlikdə ADA üçün kampusun layihəsini müzakirə edərkən ilk planlaşdırdığımız məsələ kitabxana oldu. Çünki hər bir elm-təhsil ocağının əsas hissəsi kitabxanadır. Əlbəttə, müasir dövrdə kitabxanaların rolu və iş üslubu dəyişib. Bu səbəbdən də biz ADA-da kitabxana sistemini qurmaq üçün xaricdən kitabxana mütəxəssisi dəvət etdik. Onun köməkliyi ilə müasir üslublu kitabxana sistemi qurduq. Burada dünya təcrübəsinin ən yaxşı nailiyyətləri tətbiq olunur. Bugünkü tədbiri təşkil etməkdə də məqsədimiz Azərbaycanda kitabxana işinin canlandırılmasına nail olmaqdır. Bu işdə bizə yaxından dəstək verən Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm».
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransı ölkəmizdə kitabxana-informasiya şəbəkəsinin inkişafına yönələn mühüm təşəbbüs kimi yüksək qiymətləndirdi: «Hazırda Azərbaycanda fəaliyyət göstərən 11 min kitabxanadan təqribən 4 minə yaxını Mədəniyyət və Turizm Nazirliyi şəbəkəsinə daxildir. Kitabxana şəbəkəsi bu gün Azərbaycanın hər rayonunda, kəndində mövcuddur. Əfsuslar olsun ki, yerlərdə kitabxanaların vəziyyəti heç də istədiyimiz səviyyədə deyil. Azərbaycan dövlətinin məqsədi bu şəbəkənin insanların tələbatına cavab verən formatda fəaliyyətinin təmin olunmasıdır. Ona görə də 2006-cı ildən - Mədəniyyət və Turizm Nazirliyi yarandığı dövrdən ölkə başçısının tapşırığı ilə yerlərdə kitabxana şəbəkəsinin təkmilləşdirilməsinə dair xüsusi planın hazırlanması başlandı. Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq olundu. Bu sənəd kitabxana işini tamamilə yeni səviyyəyə qaldırmağa imkan yaratdı. Proqram 2013-cü ildə başa çatdı. Biz hazırda növbəti proqramı hazırlayırıq”.
Birinci proqram çərçivəsində görülən işlər deməyə əsas verir ki, Azərbaycanda kitabxana rəflərdə saxlanılan kitablar anlayışından çıxaraq kitabxana-informasiya mərkəzi anlayışına daxil olub: “Respublikamızın rayonlarının yarısından çoxunda kitabxana-informasiya sistemi fəaliyyət göstərir. Ötən il 90 illik yubileyini qeyd edən Azərbaycan Milli Kitabxanası dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının tərkibində öz fəallığı ilə seçilir. Bu nümunə respublika ərazisində də tətbiq olunur. Bütün fondların rəqəmsal daşıyıcılara köçürülməsi prosesi tamamlanmaq üzrədir. Bu, uzun vaxt və böyük vəsait tələb edən bir işdir. Amma proses artıq bu sahəyə münasibəti dəyişib. Əgər vaxtilə kitabxanaya gələnlərin sayı ancaq oxucu biletləri və götürülmüş kitablarla təyin edilirdisə, indi bu say saytlara daxil olan, internet vasitəsilə kitab sifariş edən auditoriya ilə müəyyənləşdirilir. Dövlət Proqramı bizə imkan verdi ki, ötən il ilk dəfə olaraq öz milli internet kitabxana proqramımızı yarada bildik. ALİSA proqramının tətbiqi bu ildən Azərbaycanın bütün kitabxana şəbəkəsində həyata keçiriləcək».
Kitabxanaların
turizmdə rolu
Nazir qeyd etdi ki, bu gün kitabxanalar yeni formatda fəaliyyət göstərməli və insanların tələbatlarına cavab verməlidir. Yalnız bu halda onlar oxucu auditoriyalarını genişləndirə bilərlər: “Bir neçə il əvvəl mən Böyük Britaniyada olarkən Mançester kitabxana şəbəkəsinin rəhbəri ilə görüşdüm. O mənə dedi ki, daha çox xüsusiləşdirilmiş proqramlar əsasında çalışırlar. Biz də yerlərdə insanların tələbatına cavab vermək üçün kitabxana şəbəkəsini yaratmağa başlamışıq. Onun bir qolu da kitabxana-turizm informasiya mərkəzidir. Turizmin inkişaf etdiyi rayonda bu sahə ilə bağlı ədəbiyyatlar da olmalıdır. Bu proqram yaxınlarda bir neçə rayonda tətbiq olunacaq.
Kənd təsərrüfatı sahəsində də kitabxanaların böyük rolu var. Fermerlər yeni texnologiyaların, aqrar metodikaların tətbiqində müvafiq kitabxana-informasiya imkanlarından yararlanmalıdırlar. Bir sözlə, kitabxanalar cəmiyyətdə lazımlılığını sübut edə bilər. Kitabxanaçı oturub gözləməməlidir ki, kimsə gəlib kitab oxuyacaq. Kitabxanalar şagirdlərin, tələbələrin, mütəxəssislərin və s. “yanına” getməlidir. Hesab edirəm ki, bu konfransda müzakirə olunacaq yeni təcrübə və yanaşmalar kitabxanaların iş üslublarının təkmilləşdirilməsinə təkan verəcək. Bu gün ADA-nın kitabxanasına baxıb fərəhlə deyə bilərik ki, Azərbaycanda bu sahə inkişaf yolundadır. Biz ən yaxşı təcrübəni yerlərdə tətbiq etməliyik. Kitabxanaçılar belə tədbirlər vasitəsilə beynəlxalq təcrübə ilə tanış olmalıdırlar. Ona görə də bu tədbirin təşkilinə görə ADA rəhbərliyinə təşəkkür edirəm».
ADA Universitetinin tədris işləri üzrə prorektoru, doktor Patrik Kvin bildirdi ki, hər bir ideyanın mərkəzində kitabxana durur. O, kitabxanasız inkişafın mümkünsüzlüyünü qeyd etdi və bu sahənin yeni formatda xidmət göstərməsinin əhəmiyyətindən danışdı.
Böyük Britaniyanın Aberisvits Universitetinin kitabxana-informasiya xidmətlərinin direktor müavini Culiya Hart, Qazaxıstanın Nazarbayev adına Universitetinin kitabxanasının baş meneceri Cim Agee müasir kitabxanalarda informasiya xidmətlərindən, Qərb kitabxanaçılıq təcrübəsində istifadəçilərlə əlaqələrin qurulması üsullarından bəhs etdilər. Tbilisi Dövlət Universitetinin Milli Elmi Kitabxanasının direktoru İrakli Qaribaşvili Gürcüstanda kitabxanaların inkişaf tendensiyası barədə məlumat verdi.
Sonra konfrans işini sessiyalarla davam etdirdi. Beş sessiya müasir kitabxanalarda informasiya xidməti, kitabxanalarda tədris və tədqiqat işlərinin düzgün istiqamətləndirilməsi, kitabxanaların rəqəmsallaşdırılması və s. mövzuları əhatə edir. Tədbirin birinci günü «Müasir kitabxanalarda informasiya xidmətləri», «Kitabxanalarda tədris və tədqiqat qlobal elmi tədqiqat cəmiyyətinin bir hissəsi kimi», “Onlayn informasiyaya ümumçıxış» sessiyalarında çıxışlar dinlənildi, müzakirələr aparıldı. Konfrans aprelin 2-də yekunlaşacaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 2 aprel.-
S. 3.