Görkəmli aktyorun xatirəsi yad edildi

 

 Lütfəli Abdullayev - 100

 

Aprelin 1-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Görkəmli sənətkarın 100 illik yubiley tədbirləri Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən qeyd edilir.

Tədbir iştirakçıları əvvəlcə foyedə sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov sənətkarın həyat yolu və yaradıcılıq axtarışlarından söz açdı. Bildirdi ki, L.Abdullayev səhnədə bir-birindən maraqlı 100-ə yaxın obraz yaradıb. Onun bənzərsiz obrazlar qalereyası yaradıcı gənclərin sənətin sirlərini öyrənmələri üçün ən yaxşı əyani vəsaitdir.

Aktyorun sənət dünyasından söz açan sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə qeyd etdi ki, o, realist aktyor nəslinin ən parlaq nümayəndələrindəndir.

Musiqili teatrda işləməyin məsuliyyətindən söz açan alim vurğuladı ki, burada aktyordan həm səs, həm də ifa bacarığı tələb olunur. Musiqili Komediya Teatrının fəaliyyətə başladığı vaxtdan oraya dəvət alan Lütfəli Abdullayev qısa müddətdə tükənməz tamaşaçı sevgisi qazanmağı bacarıb. Bu, hər bir sənətkara nəsib olan xoşbəxtlik deyil.

Lütfəli Abdullayev teatrla yanaşı, həm də populyar kino aktyoru kimi tanınıb. Kinoda ilkson dərəcə uğurlu işi 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filmində Vəli rolu olub. Filmin yaradıcı heyəti ilə birgə 1946-cı ildə Dövlət mükafatına layiq görülüb. Aktyor “Əhməd haradadır?”da Zülümov, “Ulduzda Məhəmməd, “Qəribə əhvalat”da Kefcilov kimi yaddaqalan rollar yaratmağa müvəffəq olub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və başqaları çıxış edərək L.Abdullayevin böyük aktyorluq bacarığından söz açdı, onunla bağlı xatirələrini bölüşdülər.

Vurğulandı ki, 59 illik ömrünün 40 ildən çoxunu Azərbaycanda musiqili teatrın inkişaf və yüksəlişinə həsr edən bu qüdrətli aktyor hələ sağ ikən könüllərdə özünə əbədi heykəl ucaldıb.

Tədbirdə sənətkarın çəkildiyi teatrkinolardan kadrlar nümayiş olundu.

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 4.