Mədəni irsturizm

 

Dövlət Proqramına əsasən turizm marşrutlarına düşən tarixi abidələrdə geniş infrastruktur yaradılacaq

 

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərdən biri də mədəni irs məkanlarının turizm məqsədli istifadəsi ilə bağlıdır.

Tarix və mədəniyyət qoruqlarında, turizm məqsədləri üçün istifadə edilən abidələrdə müvafiq infrastrukturun yaradılması sektorun inkişaf etdirilməsi baxımdan xüsusi aktuallıq kəsb edir. Bu gün Azərbaycanda turizmin əsas infrastrukturu qurulub, yeni hotellər istifadəyə verilir, keyfiyyətli xidmətin təşkili, kadr hazırlığı, turizm imkanlarımızın tanıtımı istiqamətində işlər görülür. Turistlərin mədəni istirahəti, tarixi-mədəni məkanlara turların təşkili də bu sahədə işin növbəti mühüm mərhələsidir.

Qeyd edək ki, Azərbaycanda hazırda 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir. Abidə və qoruqların bir qisminin ərazisində turizm infrastrukturu qurulub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə qəzetimizə açıqlamasında bildirib ki, tarixi abidələrin turizm proqramlarına daxil edilməsi istiqamətində artıq müəyyən işlər görülüb. Turizm şirkətləri tarixi abidələrə infoturlar təşkil edirlər. Eyni zamanda bu abidələrin özlərinin lazımi səviyyədə təqdim olunması, müvafiq pasportlaşmanın aparılması zəruridir: “Turizmin inkişafı baxımından tarixi abidələr əvəzolunmaz bir imkan yaradır. Çünki səyahətə gələn hər bir insan gəldiyi ölkənin tarixi, mədəni irsi ilə yaxından maraqlanır. Bunun üçün də turistlərə dəqiq məlumat təqdim olunmalıdır”.

 

Turisti maraqlandıran özünəməxsusluq tarixdə, mədəniyyətdədir

 

Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərovun sözlərinə görə, mədəniyyət və turizmin bir dövlət qurumu çətiri altında birləşdirilməsi əslində tarixi abidələrdə turizm infrastrukturunun qurulmasına xidmət edir. Turizm mədəniyyətin inkişafına xidmət etməlidir, eləcə də turistlərdən əldə olunan gəlirlər vasitəsilə tarix-mədəniyyət abidələrinin də bərpası keçirilməlidir: «Azərbaycanda turizmin inkişafında tarixi abidələrin çox böyük rolu var. Turistlər nə üçün bu və digər ölkəyə səfər edirlər? Onları maraqlandıran, cəlb edən məqamlardan biriyerli özünəməxsusluqdur. Bu da tarixdə, mədəniyyətdə, abidələrdədir”.

Mütəxəssis deyir ki, Azərbaycanda çoxlu tarix-mədəniyyət abidələri olsa da, onların hamısının turizm xidmətləri göstərməyə hazır olduğunu deyə bilmərik: “Bu sahədə dünya təcrübəsi var. Arxeoloji və digər abidələr sadəcə bir abidə olaraq qalsa, turist üçün elə də maraq kəsb etməyəcək. Ancaq bunu turistin başa düşə biləcəyi bir vəziyyətə gətirib çatdırsan, yol infrastrukturu qursan, həmin abidənin yerləşdiyi ərazidə turistlərin dincəlməsi, əyləncəsi üçün şərait yaratsan, o, əsl turizm obyektinə çevriləcək. Bu istiqamətdə bizim də təcrübəmiz var. Məsələn, Qobustan qoruğunda yaradılan yeni muzey digər abidələrdə görüləcək üçün örnək ola bilər”.

 

İnfrastrukturun qurulması üçün öncə abidə bərpa olunmalıdır

 

Elə isə 2014-2020-ci illər üzrə Dövlət Proqramında bu istiqamətdə hansı işlərin görülməsi nəzərdə tutulur?

«Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli sualımıza cavab olaraq dedi ki, Dövlət Proqramına əsasən əvvəlcə turizm marşrutlarına düşən tarixi abidələrin siyahısı müəyyənləşdiriləcək, sonra isə bu məkanlarda turizm infrastrukturunun yaradılması istiqamətində işlər görüləcək: «İnfrastrukturun qurulması üçün birinci abidənin bərpası və ya konservasiyası həyata keçirilməlidir. Bunun əsasında xüsusi mühafizə zolağı yaradılmalıdır. Turistlərin abidənin tarixi, memarlığı, burada aparılan bərpa işləri ilə bağlı müfəssəl məlumat alması üçün məlumat lövhəsi qoyulmalıdır, çap məhsulları hazırlanmalıdır. Turistlərin ekskursiyası üçün şərait yaradılmalıdır. Bələdçilər müxtəlif dillərdə məlumatları onlara çatdırmalıdır».

Həmsöhbətimizin fikrincə, şəhər mərkəzindən uzaqda yerləşən tarixi abidələrin yaxınlığında hotellərin, motellərin olması da önəmlidir. Yəni turistin həm gəzməsi, həm də istirahəti üçün lazımi şərait yaradılmalıdır: «Turistlər regionlarda yerləşən tarixi abidələri ziyarət edərkən, eyni zamanda o bölgənin sənətkarlığı, mətbəxi, özünəməxsus adət-ənənələri ilə də tanış olmalıdır. Bütün bunlarla bağlı Dövlət Proqramı çərçivəsində müvafiq işlər planlaşdırılır”.

 

Abidələrin qorunması istiqamətində beynəlxalq əlaqələr

 

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə mədəni irsin qorunmasının bütün dünyada aktual olduğunu deyir. Onun sözlərinə görə, mədəni irsin qorunması problemi xüsusilə XX əsrdə dünyanı narahat etməyə başlayıb, çünki bu, münaqişələrlə bağlı bir dövrdür: «II Dünya müharibəsindən sonra bu sahədə beynəlxalq sənədlər imzalanıb, sonrakı illərdə UNESCO və quruma üzv olan ölkələrin təşəbbüsü ilə «Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında» (1954), «Dünya mədəniyyət və mədəni irsin qorunması haqqında» (1972) və s. konvensiyalar qəbul edilib”.

Ərtegin Salamzadə deyir ki, Azərbaycan da bu sahədə mövcud olan beynəlxalq sənədlərə, o cümlədən sualtı mədəni irsin qorunması, memarlıq abidələrinin qorunması haqqında konvensiyalara qoşulub: «Bir sıra tarixi abidələrimiz UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilib. Ümumilikdə dünyanın 148 ölkəsinin 900-dən çox mədəniyyət obyekti bu siyahıda yer alıb. Sevindirici haldır ki, onların arasında Azərbaycan mədəniyyət abidələri də var. Əlbəttə, abidələrin qorunması ilə bağlı mövcud konvensiyaların şərtlərinə əməl etmək böyük məsuliyyət tələb edir. Ölkəmiz abidələrin qorunması istiqamətində beynəlxalq konvensiyalara qoşulmaqla yanaşı, bu sahədə beynəlxalq əlaqələrini də gücləndirir. Təbii ki, Azərbaycan kimi turizmin yeni-yeni inkişaf etdiyi ölkələrdə tarixi abidələrin qorunub nümayiş obyekti kimi turistlərə təqdim edilməsi vacibdir. Bu ölkəmizə turist axınını daha da gücləndirər”.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 7.