Azərbaycan rəssamlarının
əsərləri “Sotheby’s” satış-sərgisində
Martın 27-dən aprelin 1-dək Londondakı “Sotheby’s” hərrac evində Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisi keçirilib. “Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət” devizi altında keçirilən sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 59 əsəri nümayiş olunub. Tədbirə “PASHA Bank” sponsorluq edib.
Dünyaca məşhur hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi artıq ikinci dəfə geniş auditoriyaya təqdim olunub. Xatırladaq ki, 2013-cü ilin martında “Sotheby’s” ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdi. Sərgiyə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən 50-dək əsər çıxarılmışdı.
Budəfəki sərgidə Azərbaycan rəssamlarının 10 əl işi nümayiş etdirilib. Sərgidə üç nəsil rəssamlarımızın portret janrında əsərləri yer alıb. Bu əsərlərdə siyasi, sosial-iqtisadi, eləcə də Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə bağlı mövzular əksini tapıb. Müəlliflər arasında həm çox məşhur, həm də nisbətən az tanınan, amma maraqlı əsərləri olan rəssamlar var. Tahir Salahov, Mirnadir Zeynalov, Aida Mahmudova, Tofiq Cavadov, Aydan Salahova, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Faiq Əhməd, Rəşad Ələkbərov və Rauf Məmmədovun sərgidə nümayiş olunan əsərləri son 50 ildə Azərbaycan təsviri sənətinin nə dərəcədə rəngarəng olduğunu və inkişaf etdiyini göstərir.
“Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət” sərgisi əhatə
etdiyi ölkələrin bir-biriləri ilə
qarşılıqlı əlaqələrinin sənət aləminə
təcəssümünü əks etdirir”.
Bu sözləri satış-sərginin kuratoru Suad Qarayeva
jurnalistlərə müsahibəsində deyib.
S.Qarayeva bildirib ki, bu il
ikinci dəfə təşkil edilən sərginin
əhatə dairəsi genişlənib, Türkiyə, İran və Əfqanıstan rəssamlarının
da iştirakı təmin olunub.
Sərginin əhatə dairəsinin genişlənməsi
həm də bu ölkələrin
bir-biriləri ilə müxtəlif sahələrdə
qarşılıqlı əlaqələrinin sənət aləmində
təcəssümünü əks etdirir.
Ötən il keçirilən sərginin
uğurla başa
çatdığını söyləyən kurator builki sərgiyə
də böyük ümidlər bəsləndiyini
bildirib. O, gələcəkdə də bu sahədə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.
Mədəniyyət.- 2014.- 2 aprel.-
S. 8.