Bahar süjetləri” fotomüsabiqəsinə yekun vurulub

 

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Rossotrudniçestvoagentliyinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həvəskar fotoqrafların “Bahar süjetləri” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərkəzdən bildiriblər ki, artıq altı ildir gənc həvəskar fotoqraflar Bakının baharın al-əlvan rənglərinə bürünməsini səbirsizliklə gözləyir və bir-birindən gözəl, gözoxşayan bu mənzərələri öz fotokameraları ilə əbədiləşdirməyə çalışırlar.

Tanınmış fotoqraf, Rəssamlar İttifaqının üzvü Abbas Məmmədovun sədrlik etdiyi münsiflər heyəti onlarla fotoşəkil içərisindən üç ən yaxşısını seçib.

Birinci yeri Viktoriya Kobzeva (“Bakı üzərində axşam səması” fotosu), ikinci yeri Sergey Samuylov (“Meşə nağılı”), üçüncü yeri Nəzrin Musayeva (“Günəşli səadət”) tutublar. Arzu Mürvətova ”Təxəyyül” əsərinə görə “Orijinal ideya” nominasiyasında xüsusi mükafata layiq görülüb. Mərkəzdə, qaliblərlə yanaşı, müsabiqənin digər iştirakçılarının da işləri nümayiş olunub.

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 9.