Bahar oğlu

 

Böyük dramaturq Cəfər Cabbarlının xatirəsi anıldı

 

Martın 29-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq, şair, yazıçı, publisist, ssenarist Cəfər Cabbarlının 115 illiyinə həsr olunmuşBahar oğlu” adlı tədbir keçirildi. Tədbir Gənclər Kitabxanası və Cəfər Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşdı.

Kitabxananın direktoru Tahir Sadıqov mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, kitabxana Cəfər Cabbarlı irsinin təbliğinə hər zaman öz töhfəsini verir.

Cəfər Cabbarlı irsinin araşdırıcısı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli ədibin həyat və yaradıcılığından danışdı. Onun yaradıcılığını milli ədəbiyyatımızın, mədəniyyətimizin xüsusi mərhələsi kimi xarakterizə etdi: “Cəfər Cabbarlı dramaturgiyası Azərbaycan teatrının inkişafını sürətləndirdi, onun gələcək inkişafına səbəb oldu”.

Sənətşünaslıq elmləri doktoru, professor Rafiq Sadıq böyük dramaturqun əsərlərindən söz açdı: “Onun əsərləri sanki bir dan ulduzudur. Bu dan ulduzu öz parlaqlığı ilə milli dramaturgiyamızın gələcək inkişafının yol göstəricisi oldu”.

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Cəfər Cabbarlının qeyri-adi istedada malik yaradıcı insan, qüdrətli dramaturq və həqiqi vətəndaş kimi yaddaşlarda əbədi yaşayacağını bildirdi. Qeyd olundu ki, qısa ömür sürmüş ədib zəngin yaradıcılıq yolu keçərək ədəbiyyatın şeir, dram, nəsr janrlarında ölməz əsərlər yaratmaqla yanaşı, istedadlı jurnalist, tərcüməçi və kino xadimi kimi də şöhrət qazanıb.

Gənc yaşlarında qələmə aldığı əsərlərində böyük ideallar yaradan, insanın mənəvi ucalığı tendensiyasını diqqətə çatdıran Cəfər Cabbarlı xalqın tərəqqisini mədəniyyətin, teatrın inkişafında görürdü. Ədib “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Aydın”, “Oqtay Eloğlu”, “Sevil”, “Almaz”, “Nəsrəddin şah”, “Yaşar”, “Ədirnə fəthi” və digər ölməz əsərləri ilə Azərbaycan peşəkar teatrının inkişafında misilsiz xidmətlər göstərib.

Tədbir çərçivəsində Cəfər Cabbarlının 115 illik yubileyi münasibətilə işıq üzü görən, şairin poeziya nümunələrinin, şeirlərinə bəstələnmiş mahnıların toplandığı “Turan ellərinə salam söyləyin” adlı diskin təqdimatı keçirildi. Şeir nümunələri Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Zülfiyyə Eldarqızının səsində diskə yazılıb.

Mərasimdə paytaxtın Nizami Rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi dram dərnəyi üzvlərinin ifasında Cəfər Cabbarlının əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edildi. Həmçinin ədibin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Kitabxananın foyesində böyük sənətkarın əsərləri sərgilənirdi.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 12.