“Sənətkar və zaman

 

İsmayıl Şıxlının 95 illiyi qeyd edildi

 

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Xalq yazıçısı, publisist, ssenarist, ictimai xadim İsmayıl Şıxlının 95 illik yubileyinə həsr olunmuş “Sənətkar və zaman” adlı tədbir keçirildi.

Tədbiri Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova açaraq ədibin yaradıcılığı haqqında danışdı. Bildirildi ki, İsmayıl Şıxlının adı çəkiləndə düşüncələrdə əsl müəllim, görkəmli alim, istedadlı yazıçı canlanır. O, XX əsr ədəbi-ictimai fikrin görkəmli nümayəndəsidir. İllər ötdükcə yaradıcılığı xalqa daha da doğmalaşır, tariximizin, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında böyük rol oynayır: “Nə qədər ki, “Dəli Kür” əsəri var, onun səhifələrində sərt baxışlı Cahandar ağanın səsi eşidilir, İsmayıl Şıxlı da yaşayacaq”.

Milli Məclisin deputatı, publisist, tərcüməçi Elmira Axundova, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi, kinorejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyev, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə çıxış edərək İsmayıl Şıxlının yaradıcılığından, insani keyfiyyətlərindən söz açdılar, xatirələrini bölüşdülər.

Qeyd olundu ki, İsmayıl Şıxlı görkəmli yazıçı olmaqla yanaşı, milli düşüncəli ziyalı və ictimai xadim kimi tanınırdı. Ümummilli lider Heydər Əliyev onun haqqında demişdir: “İsmayıl Şıxlı böyük, dəyərli və çox nümunəvi bir həyat yolu keçibdir. Onun ömrü, yaradıcılığı, insani keyfiyyətləri hər bir Azərbaycan vətəndaşı üçün örnək ola bilər”.

Tədbirdə “Dəli Kür” filmindən fraqmentlər nümayiş etdirildi, “İsmayıl Şıxlı - 95” adlı videoslaydakitab sərgisinə baxış keçirildi. Yazıçının ailə üzvləri adından çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” (“Zerkalo”) qəzetinin baş redaktoru Elçin Şıxlı xatirələrlə dolu olan bu tədbirin hər kəsdə xoş təəssüratlar yaratdığına ümid etdiyini dedi, təşkilatçı və iştirakçılara minnətdarlığını bildirdi.

Sonda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sektor müdiri Gülnarə Seyidova Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərovaya 2013-cü il üzrə “İlin Mərkəzi Kitabxanası” diplomunu təqdim etdi.

 

Lalə Azəri

 

Mədənyyət.- 2014.- 2 aprel.- S. 12.