Bizim teatrda olanlar

 

Bakı Novruz təntənəsini, baharın ilıq təbəssümünü teatral mənzərə ilə tamamlamaq istədi. Neçə-neçə festivallara, maraqlı sənət layihələrinə ev sahibliyi edən şəhərimizin bayram havasına “Bizim teatr” adı altında keçirilən beynəlxalq festival da qoşulmuş oldu.

Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə Bakı Uşaq Teatrının keçirdiyi festival martın 27-dən 29-dək sənətsevərləri bir araya gətirdi. Teatr Xadimləri İttifaqının tamaşa zalında sənət nümayişinə Türkiyə və Gürcüstandan kollektivlər qonaq gəlmişdi.

 

Bayram əhvalında

 

Festivalın açılış günü təbriklər səsləndirildi, tədbirə uğurlar arzulandı. Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov festivalda ölkəmizi Bakı Uşaq Teatrının təmsil etdiyini, yaradıcı heyət tərəfindən bir neçə maraqlı və eksperiment xarakterli tamaşaların hazırlandığını dedi. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmadığını diqqətə çatdırdı.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan belə tədbirlərin sənət əlaqələrinin qurulmasına kömək etdiyi bildirdi. Qonaqlar - Türkiyənin EKsanat Teatrının direktoru Erhan Kaya və Gürcüstanın Berikebi Teatrının rejissoru Revaz Bainazişvili festivala dəvət olunduqlarına görə təşəkkürlərini bildirdilər, nümayiş etdirəcəkləri səhnə nümunələri barədə məlumat verdilər. Teatrın xalqlar arasında nadir ünsiyyət vasitəsi olduğunu dilə gətirərək hər kəsə teatrla yaşamağı, bu sehrli aləmlə iç-içə olmağı tövsiyə etdilər.

 

İlk günün dörd tamaşası

 

Qaranlığa qərq olmuş səhnənin ortasında, tavandan asılı lampadan öləziyən işıq həbsxananın “kars”ında çarəsiz çırpınışlar edən gəncin əzablarını göstərir. Tamaşaçılar ilk nümunəni - “Apokalipsisi seyr edirlər. Aktyor Niyaz Qasımovun qəhrəmanı üsyankardır. Yaradana qarşı inkar dolu həqarətlər yağdırır, cənnətdən qovulan Adəm və Həvvaya nifrət edir, Tanrının dünya dediyi böyük həbsxanaya və məhkum kimi göndərdiyi insanlara acıyır, lənətlər yağdırır. Özünün uğursuzluğunda, bədbəxtlik və naşükürlüyündə Allahı günahlandırır...

M.Hacıbabanın quruluşunda əsərdən (müəllif S.Eker) irəli gələn dramatik hal, gərgin psixoloji durum tam çılpaqlığı ilə görünürdü. Məhkum iztirab çəkir, arzularını, heç vaxt kiminsə eşidə bilməyəcəyi etiraflarını Allahına ünvanlayır.

Əslində, o elə yaranışdan tənhadır. Ona görə də Allahdan başqa kimsəsi yoxdur. Bir də çörəyin içindən düzəltdiyi insan fiqurlardan başqa. O, öz tənhalığına üsyanından doğan arzularından silkinirküt, yarıxəmir qara çörəkdən insan fiquru - Adəm düzəldir, sonra onun təkliyinə dözə bilməyib Həvvasını da yapır. Onları qorumaq, xoşbəxt etməklə bağlı vədlər verir. Onları əbədi səadətə qovuşduracağı ilə bağlı xəyallar da qurur. Ta uzun gecənin sonunadək qışqırır, kövrəlir, gülür, sevinir, kədərlənir... və səhər açılır, kamera qapısından düşən işıq içinə işləyir. Anlayır ki, yox, Allah insanları unuda bilməz, nə də o Allah ola bilməz...

Bu iki hissin cənginin tamaşa zalına payladığı təlatüm dalğasını qonaq teatrın, Gürcüstanın Xelvachaursk Teatrının iki gənc aktyorunun pantomima parçalarından ibarət harmonik plastikası ilə ayrı bir rəng qazandı. Bədən plastikasında mükəmməl harmoniya yaradan aktyorlar gürcü musiqisinin sədaları altında xoreoqrafik imkanlarını da bacarıqla sərgilədilər.

Estafet səhnədə debüt edənlərə verildi. Üçüncü tamaşaBir yoxsul olsaydım” adlansa da, varlı gəncin əslində xoşbəxtlik arzularından bəhs edir. Türkiyəli yazar T.Cücenoğlunun əsəri əsasında hazırlanan nümunəyə İ.Əhmədova quruluş vermişdi. Şahin Kazımov və Şəbnəm Nəsirovanın qəhrəmanları zəngin xəstə və kasıb həkimdir. Aralarında sevgi münasibətlərinin qığılcımları yaransa da, iki fərqli qütbdə olmaları ilk anda anlaşılmazlıq yaradır. Xoşbəxt kasıbla bədbin dövlətli həyat fəlsəfələrini bölüşdükcə onları sıxan düşüncələrdən də azad olurlar və özünəməxsus sevgilərində səadətə qovuşurlar.

İlk günün son tamaşası daha ağır notlara köklənmişdi. Bu dəfə qadın cismində “İblis” gəlmişdi səhnəyə. Özünə, hisslərinə, nifrət və eqosuna təslim olan, bunun əsasındakı bədbəxtliyində insanlığa, ən əsası da özünə nifrət edən qadın. Bütün yanlışlıqlarını, şərəfsizlik və ləyaqətsizliyini əsaslandırmağa çalışır, içini məktublara boşaldıb uzaqdakı yazıçı dostuna etiraflar yağdırır. Amma bütün səhvlərinə rəğmən o, bağışlanacaq qədər gözəl və cazibədardır.

Ge De Mopassanın novellaları əsasında hazırlanan tamaşada (rejissor K.Şahbazova) gənc aktrisa Xəyalə Meydanova öz potensial imkanlarını, səhnə ecazını, əslində, sərbəstliyini, səhnə tələblərinə uyğun cəsarətini göstərə bildi. Bəzi nüansları nəzərə almasaq, oyununun, iblisləşmiş qadın rolunun öhdəsindən məharətlə gəldiyini demək olar.

 

28 martın gündəliyi

 

Festivalın ikinci günü də maraqlı səhnə eksperimentləri ilə yadda qaldı. “Mən səni gözləyirəm əzizim” (müəllif Dario Fo, Franko Rame) tamaşasında Könül Şahbazova vardı. Aktrisa gözəl qadının duyğularını, ona bəslənən məhəbbətin yaratmış olduğu sövq-təbii həyəcanları ifadə edə bilirdi.

Türkiyənin Bicirik EKsanat Teatrının hazırlayıb nümayiş etdirdikləri səhnə eksperimenti, plastika və pantomimanın harmoniyası və milli xüsusiyyətlərin əksi də yaddaqalan oldu.

Rejissor İntiqam Soltanın ərsəyə gətirdiyi “Ağac tamaşası da izləyicisi ilə görüşdü. M.Cavanşir, Q.Niyaz və Ə.Elnurun rol aldıqları nümunədə insan münasibətləri, onların paradoksal həlli və ən əsası təzad hiss olunurdu.

Festivala hazırlanan tamaşalardan birində isə klassikaya, H.K.AnderseninKibritsatan qız”ına da müraciət olunmuşdu. Eyniadlı tamaşada gənc və maraqlı oyun üslubuna malik Türkan Şahmarlı rol alırdı. Könül Şahbazovanın quruluşmusiqi tərtibatçısı olduğu tamaşada kibritsatan qızın qorxu və həyəcanları, anlıq sevincləri və kədərli sonu detallarla təsvir olunurdu.

Festivalın ikinci gününün son tamaşasıKalxasoldu. A.Çexovun eyniadlı əsərinə İ.Soltan quruluş vermişdi. Cavanşir Məhərrəmovun aktyor oyununda məşhur müəllifin hekayə qəhrəmanı - 58 yaşlı qocanın ruh halı, dünənlə sabah arasında var-gəli əksini tapmışdı.

 

Son günün akkordları

 

MəşhurƏhməd haradadır?” filminin qəhrəmanları Leyla (A.Soltan) Ağbəniz (İ.Əhmədova) bu dəfə “Retro” adlı səhnədə birləşdilər. Aktrisaların səhnədə məşhur filmlə virtual dialoqu yarandı. Təşəbbüs maraqlı olsa da, nöqsanlar da az deyildi. Natamam oturuşmayan oyunda yeni elementlər sezilirdi.

Festivalın maraqlı nümunələrindən biri illüziya tamaşa idi. Kasıbın yuxusuadlı tamaşa Uşaq Teatrının aktyoru, tanınmış illüziyaçı T.İsgəndərlinin təqdimatında alqışa layiq idi. İ.Soltanın quruluş verdiyi tamaşada T.İsgəndərli R.Şahsuvarovun unikal jest oyun milizmaları baxımlı oldu. Tamaşanın mərkəzində duran varlı-kasıb münasibəti özümüzə kənardan baxış üçün ideal detallarla seçilmişdi. Tamaşa daim insanlara yaxşılıq etmək istəyən kasıbın illüziyaya çevrilən arzuları kimi kövrək notlu idi.

Festivalın son tamaşası 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə ithaf idi. Cəfər Cabbarlının məşhur hekayəsi əsasında səhnələşdirilənQucaqla mənitamaşasında rejissor Mehriban Ələkbərzadənin ekranlaşdırdığıQara bayramfilmindən kadrlar da istifadə olunmuşdu. İki gəncin faciəvi məhəbbətindən, soyqırımında qollarını itirən iki gəncin biri-birini qucaqlaya bilməməklərindən, iztirab sarsıntılarının yanıqlı ifasından həll olunan tamaşa çox təsirli idi. İ.Soltanın quruluş verdiyi tamaşada rol alan Vüsalə Bəşirova Ruslan Adıgözəlovun mükəmməl oyunu, vokal imkanları, musiqi muğam parçalarındakı düzgün, yatımlı ifaları sürəkli alqışlarla qarşılandı.

 

* * *

Beləcə üç gün ərzində müxtəlif janr üslublu, ideya mövzulu tamaşaların nümayişi başa çatdı. Sonda təbriklər dinlənildi, təşəkkürlər elan olundu. Teatr Xadimləri İttifaqının sədri A.Nemətov festival barədə, göstərilən tamaşalar haqqında fikirlərini bölüşdü. Sonra iştirakçılara ittifaqın diplomsimvolik hədiyyələri təqdim edildi.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 13.