“Azərbaycan - tolerantlıq məkanı”

 

Aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan - tolerantlıq məkanı” sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri iştirak ediblər. Sərgidə dünya şöhrətli fotojurnalist Rza Deqatinin əl işləri nümayiş olunur.

Rza Deqati son 30 ildə dünyanın bütün qitələrini gəzib dolaşaraq, hər bir ölkədə insanların həyatını fotoaparatın yaddaşına köçürür. Onun “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” və digər layihələri dünyada məşhurdur. O, Amerika Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır.

Tanınmış fotojurnalist bir neçə il əvvəl Azərbaycanı qarış-qarış gəzib, sadə insanların həyatını, adət-ənənələri öyrənərək fotolentə alıb. “Azərbaycan - tolerantlıq məkanı” sərgisi ilk dəfə 2013-cü ilin noyabrında Parisdə keçirilib. Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdi.

Moskvada təşkil olunmuş sərgidə Rza Deqatinin 26 foto əsəri - əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edən fotoşəkillər nümayiş etdirilir. Fotolar Azərbaycanın timsalında müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşamasının mümkünlüyünü sübut edir.

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 3.