Hacı Arif Buzovnalının yeni kitabı işıq üzü görüb

 

Aprelin 2-də Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Hacı Arif Buzovnalının “Seçilmiş əsərlər”inin təqdimatı keçirildi.

Ozan” nəşriyyatında işıq üzü görən nəşrə müəllifin bu günə kimi çap olunmuş kitablarından seçmələr və yeni şeirləri daxil edilib.

Yazıçılar Birliyinin tərcümə seksiyasının rəhbəri, şair, yazıçı, ssenarist İlqar Fəhmi tədbiri açaraq Arif Buzovnalının yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirdi ki, müasir dövrdə klassik janrda yazan şairlər sırasında onun xüsusi xidmətləri var. Şair həyatını bütünlüklə klassik ədəbiyyatın inkişafına həsr edib.

Xalq rəssamı Xanlar Əhmədov, Bakı İslam Universitetinin Sumqayıt filialının rəhbəri Mirəziz Seyidzadə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Qiymət Məhərrəmli, şair Azər Buzovnalı, Yuğ Dövlət Teatrının əməkdaşları yeni kitabının işıq üzü görməsi münasibətilə müəllifi təbrik etdilər, şeirlərinin bədii məziyyətlərindən danışdılar. Qeyd olundu ki, ustad Füzuli və Əliağa Vahid məktəbindən bəhrələnən şair əruz vəzninin müxtəlif bəhrlərində mükəmməl nümunələr qələmə alır.

Gənclər şairin şeirlərindən nümunələr səsləndirdilər. Müəllifin “Qarabağdan məktub” şeiri alqışlarla müşayiət olundu.

Sonda Hacı Arif Buzovnalı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 4.