Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış

 

İkinci yazı

 

 Teatr və musiqi

 

Canlı orqanizmə bənzər teatr sənətində musiqi, heç şübhəsiz ki, onun əsas elementlərindən birini təşkil edir. Bu sənət növü yaranandan musiqi ifadə vasitələri heç vaxt yalnız təsviredici funksiyalar yerinə yetirməmişdir. Əksinə, teatr sənətinin ilkin formalarında, daha dəqiq desək, prototeatr nümunələrində musiqi, quruluşun əsas vasitələrindən biri kimi çıxış etmişdir.

Türk teatr düşüncəsinin qaynaqlarına nəzər saldıqda, aydın görmək olar ki, ritual-mifoloji kompleksdə və qədim mərasimlərdə musiqi önəmli təlqinedici funksiya yerinə yetirmişdir. Mifoloji simvolika ilə zəngin olan ayinlərdə hətta bir sözdən ibarət olan oxumalar da müəyyən rəmzi məna daşıyırdı. Türk bədii təfəkkürünün parlaq təzahür forması olan yuğ mərasimlərində, oğuznamə və dastanların ifasında musiqidən geniş istifadə olunurdu. Qədim insanların dünyagörüşünə görə, musiqinin sədaları, qədim çalğı alətlərinin özünəməxsus tembri həm ifaçını, həm də dinləyiciləri sanki zaman və məkandan qopararaq, onları bədii obrazlarla zəngin sehrli dünyaya aparırdı.

Teatr sənətinin erkən inkişaf tarixi mərhələlərini nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki, artıq o dövrün tamaşaları ayrı-ayrı sənət növlərinin bəsit şəkildə uzlaşması əsasında deyil, bədii sintezin zəngin təzahür formaları üzərində qurulurdu.

Artıq XVIII əsrin sonundan başlayaraq teatr musiqisinin özünəməxsusluğu nəzəri şəkildə də təsbit edilmişdir. Alman nəzəriyyəçiləri İ.Şeynbe və Q.Lessinq tərəfindən işlənilmiş bu bədii-estetik prinsiplər indiyədək öz aktuallığını qorumaqdadır.

Təbii ki, teatr musiqisi digər musiqi janrlarından bir sıra cəhətləri ilə fərqlənir. Teatr musiqisi tamaşada önəmli dramaturji funksiyalar yerinə yetirir. O, tamaşanın ümumi ideyasını ifadə etməklə yanaşı, onun emosional ovqatını formalaşdırır, sürət-ritmini təyin edir, dramatik inkişafın mühüm məqamlarına diqqət yönəldir, müəyyən tarixi dövrün və ya mühitin ab-havasını səciyyələndirir, təbiət hadisələrini təsvir edir və s. Ümumi şəkildə desək, tamaşaya yazılmış musiqi sırf teatral xarakter daşımalıdır, yəni bilavasitə pyesin məzmunu ilə bağlı olmalı və rejissor konsepsiyasını ifadə etməlidir.

XX əsr teatr musiqisi tarixinə gərgin bədii axtarışlar və cəsarətli eksperimentlər dövrü kimi daxil olmuşdur. Həmin dönəmdə yaşamış teatr xadimlərini düşündürən problemlərdən biri də bu sənət növünə xas olan sintetizmin tamamilə yeni səpkidə təfsiri ilə bağlı idi. Məsələn, keçən əsrin teatr sənətinin ən görkəmli simalarından biri olan V.Meyerxold musiqi ilə teatrın daxili əlaqələri probleminə öz münasibətini aşağıdakı kimi bildirmişdir: “Musiqi ən kamil sənət növüdür. Simfoniyanı teatr sənəti ilə müqayisə etmək olar. Ritm, temp, təzadların mübarizəsi, əsas və köməkçi mövzuların vəhdəti - bu anlayışlar musiqidə olduğu kimi, teatrda da mövcuddur. Musiqi əsərlərinin kompozisiya özəllikləri tamaşanın quruluş prinsiplərinin dərk edilməsində sizə yardım göstərə bilər”.

Qeyd edək ki, keçən əsrin sonunda teatr məkanında müxtəlif incəsənət növlərinin çarpazlaşması nəticəsində bədii sintezin yeni-yeni formaları meydana gəlmişdir.

Ötən əsrin Azərbaycan teatr musiqisi də son dərəcə maraqlı və zəngin ənənələrə malikdir. Ayin və mərasimlərdən, xalq oyun və tamaşalarından, aşıq dastanları və şəbihlərdən qaynaqlanan Azərbaycan teatr musiqisi bir əsr ərzində möhtəşəm inkişaf yolu keçmişdir.

Azərbaycan teatr musiqisinin təşəkkül dövrü XX əsrin 20-30-cu illərinə təsadüf edir. Görkəmli bəstəkar Asəf Zeynallı o dövrdə fəaliyyət göstərən Tənqid-Təbliğ Teatrının tamaşalarına musiqi bəstələməklə Azərbaycan teatr musiqisinin bünövrəsini qoymuşdur. Respublikada bu sahənin inkişaf tarixinin ilk mərhələlərində Müslüm Maqomayev və Əfrasiyab Bədəlbəylinin də böyük xidmətləri olmuşdur. Bu bəstəkarların dram tamaşalarına yazdıqları musiqi örnəklərində Azərbaycan incəsənətində ilk dəfə olaraq teatr musiqisinin özünəməxsus xüsusiyyətləri öz ifadəsini tapmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin sonrakı nəsillərinə aid nümayəndələrin yaradıcılığında bu ənənələr uğurla davam etdirilmişdir.

Ötən əsrin 50-60-cı illərində teatr musiqisi sahəsində fəaliyyət göstərən bəstəkarlardan Niyazi, Səid Rüstəmov, Soltan Hacıbəyovun yaradıcılığına nəzər saldıqda belə qənaətə gəlmək olar ki, artıq o dövrün dram tamaşalarında musiqi önəmli dramaturji funksiyalar yerinə yetirirdi. Məsələn, Səid Rüstəmovun Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Cəfər Cabbarlının “Od gəlini”, Səməd Vurğunun “Vaqif”, Sabit Rəhmanın “Toy”, “Nişanlı qız” tamaşalarına yazdığı teatr musiqisi obrazların konkretliyi, parlaq melodizmi, milli musiqinin səciyyəvi xüsusiyyətlərinin özünəməxsus şəkildə təfsiri ilə seçilirdi.

Azərbaycan teatr musiqisinin inkişafının keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcı Qara Qarayevin adı ilə bağlıdır. Tam cəsarətlə demək olar ki, bəstəkarın teatr musiqisi sahəsində yazdığı əsərlər bu janrın ən parlaq nümunələri sırasına daxildir.

Qara Qarayevin teatr musiqisi XX əsrin 60-cı illərində Azərbaycan incəsənətində baş verən mühüm bədii-estetik prosesləri əks etdirirdi. Onun Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” dram əsərlərinə yazdığı musiqi dərin psixologizmi, gərgin dramatizmi, intellektual zənginliyi, əsl simfonik vüsəti ilə seçilir. Xatırladaq ki, “Antoni və Kleopatra” tamaşasına yazdığı musiqisinə görə bəstəkar Azərbaycan SSR-nin Dövlət mükafatına layiq görülmüşdür. Bəstəkarın SSRİ-nin digər teatr kollektivləri üçün, o cümlədən də A.S.Puşkin adına Leninqrad Dram Teatrında səhnəyə qoyulmuş V.Vişnevskinin “Nikbin faciə”, M.Yermolova adına Moskva Dram Teatrında səhnələşdirilmiş Nazim Hikmətin “Qəribə adam” və s. əsərlərə yazdığı musiqi də böyük əks-səda doğurmuşdu.

Keçən əsrin 60-70-ci illərində Azərbaycan teatr musiqisinin inkişaf tarixinə parlaq səhifələr əlavə edilmişdir. Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Arif Məlikov, Aqşin Əlizadə, Emin Sabitoğlu və digər bəstəkarlar tamaşalar üçün musiqi bəstələmişlər. Bütün bunlara nəzər saldıqda bu nəticəyə gəlmək olar ki, o dövrdə Azərbaycan teatr musiqisi püxtələşərək bir sıra yeni keyfiyyətlər əldə etmiş, musiqi sənətimizin müstəqil qollarından birinə çevrilmişdir.

Səciyyəvi haldır ki, həmin dövrdə Azərbaycan dramaturgiyasında parlaq şəkildə təzahür etmiş lirik-psixoloji üslub teatr sənətinin bütün sahələrində, o cümlədən teatr musiqisinin inkişafında yeni üfüqlər açmışdır. Azərbaycan teatr tarixində bu üslubun yaradıcısı olan İlyas Əfəndiyevin əsərləri, bir sıra tədqiqatçıların fikrincə, təkcə bədii ədəbiyyatımızı, o cümlədən də dramaturgiyanı zənginləşdirməklə kifayətlənməmiş, bütövlükdə teatr sənətinin və mədəniyyətimizin müxtəlif sahələrinin inkişafına təsir göstərmişdir.

Teatr tariximizdən bəlli olduğu kimi, İlyas Əfəndiyevin pyeslərinə Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Süleyman Ələsgərov, Arif Məlikov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Cavanşir Quliyev kimi bəstəkarlar musiqi bəstələmişlər. Qeyd etmək lazımdır ki, lirik-psixoloji üslubda yazılmış pyeslərin səhnə təcəssümündə musiqi son dərəcə önəmli dramaturji funksiyalar yerinə yetirərək əsərin emosional ab-havasının, rəngarəng psixoloji çalarlarının yaradılmasında böyük rol oynayır. Bu baxımdan təsadüfi deyil ki, əsərin məna yükünü özündə əks etdirən musiqi parçaları teatr səhnələrindən qaynaqlanaraq müstəqil əsərlər kimi də ifa olunurdu. Misal üçün, Emin Sabitoğlunun teatr musiqisi nümunələri kimi bəstələdiyi “Dayan zaman, dayan” və “Bəlkə də” əsərləri qısa zamanda estrada mahnıları kimi də məşhurlaşdı.

Ötən əsrin sonu - yaşadığımız əsrin əvvəlində teatr tamaşaları üçün bəstələnmiş musiqidə bu dövrdə cərəyan edən mürəkkəb bədii proseslər və yaradıcılıq axtarışları öz əksini tapmışdır. Bu illərdə teatr musiqisi janrına Aydın Əzimov, Sevda İbrahimova, Polad Bülbüloğlu, Cavanşir Quliyev, Eldar Mansurov kimi bəstəkarlar müraciət etmişlər.

Həmin dövrdə teatr musiqisi sahəsində bədii sintezin yeni formaları üzərində qurulan novator səciyyəli nümunələr meydana gəlmişdir. Bəstəkar Rəhilə Həsənovanın C.Cabbarlı adına İrəvan Dram Teatrında səhnələşdirilən Hüseyn Cavidin “Maral” pyesinə yazdığı musiqi buna misal ola bilər. Həmin tamaşada musiqinin rolu o dərəcədə önəmli idi ki, əsərin quruluşçu rejissoru E.Məlikova onun janrını “birhissəli faciəvi oratoriya” kimi müəyyən etdi. Özündə çağdaş avanqard yazı üslubu ilə milli musiqimizin klassik xüsusiyyətlərini uzlaşdıran tamaşa Cavid fəlsəfəsinin, Cavid poetikasının orijinal musiqi təcəssümüdür.

Təəssüflə qeyd etmək lazımdır ki, son dövrdə səhnəyə qoyulmuş bəzi tamaşalarda musiqi tərtibatı heç bir dramaturji funksiya yerinə yetirmir, çox vaxt səthi və təsviredici xarakter daşıyır.

Teatr musiqisi öz daxili qanunauyğunluqlarına, özünəməxsus ifadə vasitələr sisteminə və janr özəlliklərinə malik olan yaradıcılıq sahəsidir. Bu qanunauyğunluqlara bələd olmadan, teatr sənətinin sintetik təbiətini dərk etmədən teatr musiqisi sahəsində dəyərli əsər yaratmaq çətindir. Ona görə də bəstəkarlıq sinfində təhsil alan tələbələrə teatr musiqisi haqqında dolğun məlumat vermək son dərəcə vacibdir. Digər tərəfdən, müasir rejissor musiqi sənətinin incəliklərini dərindən duymalı və musiqi sahəsində müəyyən nəzəri biliklərə malik olmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor sənəti üzrə təhsil alan tələbələrin tədris proqramında “Tamaşanın musiqi tərtibatı”, “Rejissorun bəstəkarla işi” kimi fənlər önəmli yer tutur.

Azərbaycan teatr musiqisi tarixinə saldığımız nəzər bir daha göstərir ki, yaradıcılığın bu sahəsində uzun illər ərzində zəngin ənənələr toplanmışdır. Mübaliğəsiz demək olar ki, milli teatr sənətimizin özünəməxsus, bənzərsiz simasının formalaşmasında Azərbaycan bəstəkarları tərəfindən yazılmış musiqi az rol oynamayıbdır. Gəlin, bu ənənələri qoruyaq və onların gələcək inkişafı barədə düşünək.

 

Timuçin Əfəndiyev,

 

professor

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 6.