“Tamaşaçı teatra əylənməyə gəlir”

 

Teatr canlı orqanizmdir, o, yaşadıqca, nəfəs aldıqca öz mühitini yaratmalıdır”

 

Bakıda Rus Dram Teatrının, ümumiyyətlə rusdilli teatrın tarixi təxminən peşəkar milli teatrımızla yaşıddır. Hətta etiraf edək ki, bu tarixin başlanğıcında yerli rusdilli teatrın tamaşaçıları daha çox olub. Lakin elə bir zaman yetişdi ki, ölkəmizdə teatral mühitin formalaşmasında mühüm rol oynamış bu sənət ocağı öz auditoriyasını itirmək təhlükəsi ilə üz-üzə qaldı. Nə yaxşı ki, həmin dönəm geridə qaldı, teatr bu böhrandan çıxdı. Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski ilə söhbətimizdə də bu məqam önə çıxdı.

- Sovet İttifaqının dağıldığı, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi dövrdə həqiqətən də potensial auditoriyamız azalmağa başlamışdı. Hətta elə günlərimiz olurdu ki, teatra gələn yox idi. Amma teatr canlı orqanizmdir, o, yaşadıqca, nəfəs aldıqca öz mühitini yaratmalıdır. Biz həmin çətinlik mərhələsini keçə bildik, yenidən öz tamaşaçımızı qazandıq.

- O zaman belə bir fikir dolaşırdı ki, Şarovski teatrı şou ilə saxlayır. Amma razılaşaq ki, “Torqovı”da görüşərik” kimi səmimi komediya tamaşaçını teatra çağırırdı...

- Bəli, teatrı saxlamaq, tamaşaçı cəlb etmək, truppanı da dolandırmaq lazım idi. Amma mən bu tamaşadan əvvəl «Bütün ulduzlar» tamaşasını hazırlamışdım. Çünki itirdiyimiz tamaşaçılardan bir qədər fərqli zövqün sahibləri teatra gəlməli idilər və biz onların simasında öz ciddi tamaşalarımızın seyrçisini qazanmalıydıq. Başqa yolumuz yox idi. O da var ki, tamaşaçı teatrda komediyaya, məzhəkəyə baxandan sonra afişada gördüyü dram, faciə əsərləri ilə də maraqlanır, növbəti dəfə həmin tamaşalara bilet alır. Əslində dünyada belə bir tendensiya var: tamaşaçı teatra əylənməyə gəlir. O, komediyaya, xoşbəxt sonluqla bitən melodrama baxmaq istəyir ki, gündəlik qayğılardan bir qədər uzaq olsun. Buna görə də hazırda bütün dünya teatrlarının repertuarında komik əsərlər daha çoxdur, nəinki dram və faciə. Əslində biz indi də xatırlatdığınız «Torqovı»da görüşərik» tamaşasının xəttini unutmuruq. Məsələn, aprelin 1-də Vladimir Neverovun «Cız-bız» tamaşasını təhvil verdik. Düzdür, biz tamaşanı 14 yaşında teatra gəlib tam 50 il sədaqətlə bu teatra xidmət edən Neverovun benefisi və 1 aprel zarafatı kimi hazırlamışıq, amma tamaşaçı istəyərsə, onu daimi repertuara daxil edəcəyik. Əgər yadınızdadırsa, «Bütün ulduzlar»da aktyorlar fonoqramla çıxış edirdilər. «Cız-bız»ı hazırlayanda isə truppanın qarşısında şərt qoydum ki, əgər mahnıları səhnədə canlı ifa edə biləcəksinizsə, bu işə başlayırıq, yox, əgər özünüz oxumayacaqsınızsa, məşqə başlamayaq. Xoşbəxtlikdən, kollektivdə oxumağı bacaranlar tapıldı və əsəri hazırladıq.

- Aleksandr Yakovleviç, kollektivdən söz düşmüşkən, yeni aktyorlarla bağlı problemi necə həll edirsiniz? Azərbaycanda rus dilində teatr təhsili verilmir.

- Biz öz aktyorumuzu özümüz yetişdiririk. Əslində mən özümixtisasca filoloqam. Amma 18 yaşımdan teatrdayamteatrda yetişmişəm. Biz istedadlı uşaqların arasından teatr studiyamıza stajorlar seçirik. Təxminən dörd il onlar xırda işlər görməklə yanaşı, kütləvi səhnələrə, uşaq tamaşalarında epizodik rollarda səhnəyə çıxırlar və beləcə teatra alışırlar. Biz onlara teatr aktyoruna lazım olan hər şeyi tədris edirik; oyun, plastika, səhnə danışığı, qılıncoynatma, rəqs və s. Ola bilsin ki, onlar teatr estetikasına aid nəzəri biliklərdən uzaqdırlar, amma aktyor kimi yetişirlər. Sadəcə, bir problemimiz var ki o da cavan kişi aktyorlarla bağlıdır.

- Bu gün Rus Dram Teatrının repertuarında klassik dramaturgiya çoxdur. Bu nədən irəli gəlir? Azərbaycanda rus dilində yeni pyeslərin yazılmaması ilə bağlıdır, yoxsa...

- Bəli, bizim üçün müasir həyatdan pyesdən yazan, demək olar ki, yoxdur. Maqsud İbrahimbəyov mənim xahişimlə bir povestinin səhnə variantı üzərində çalışır. Əlbəttə, yaxşı olardı ki, başqaları da bizim üçün maraqlı əsərlər yazsınlar. Tamaşaçı səhnədən özünü görmək, öz ağrısını eşitmək, özünə gülmək istəyir. Bu günlərdə İlyas Əfəndiyevin «Büllur sarayda» pyesinin məşqlərinə başlayacağıq. Mən nəyə görə bu pyesi seçdim? Əgər söhbət görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə onun əsərlərindən birini səhnələşdirməkdən gedirsə, başqa pyesi seçmək olardı. Amma mən görürəm ki, bu əsərdə qoyulan məsələ - xoşbəxtliyi sevgidə yox, maddi zənginlikdə axtarmaq bu gün həmin əsər yazılan dövrə nisbətən daha aktualdır. Bu tamaşa ilə biz səhnədən öz tamaşaçımıza mesaj göndərmək istəyirik ki, sevgini pula satmasınlar.

- «Büllur sarayda» pyesi vaxtilə sizin teatrın repertuarında olub uğurlu alınıb...

- Məncə, indi kollektivimizdə bu əsərdəki rolları ifa edəcək aktyorlar var. Görək, olur...

- Hər halda istərdik ki, Azərbaycan dramaturgiyasına hər müraciətiniz Mirzə Fətəli Axundzadənin əsərlərinin teatrınızdakı uğurunu təkrarlasın.

- Mən Azərbaycan dramaturgiyasının banisi, hələ öz layiqli qiymətini almamış Mirzə Fətəlinin vurğunuyam. Bir neçə il əvvəl «Lənkəran xanının vəziri»ni tamaşaya qoymuşdum. O tamaşa uzun illər anşlaqla oynanıldı. Böyük dramaturqun 200 illik yubileyi münasibətilə «Müsyö Jordan dərviş Məstəli şah»a müraciət etməyimin səbəbi əsərin mövzusudur. Ailənin böyüyü - kişi inkişafa, tərəqqiyə razıdır, evin xanımı isə israrla ailə dəyərlərini üstün tutur, övladının xoşbəxtliyinə çalışır. Görün, burada necə dərin mətləb, mühüm ailə dəyərləri var! Tamaşa, gözlədiyimiz kimi, uğurlu alındı. Sonra Tbilisidə oynadıq. İnanırdıq ki, orada da uğur qazanacağıq. Necə olsa, bizə doğma bir mühitdir. Düşündüyümüz kimi oldu, teatrda ağzınadək dolu salonda tamaşa oynadıq. Bu əsəri Moskva Sankt-Peterburqa apararkən düşünürdük ki, orda tamaşaya gələn elə özümüzünkülər olacaq yəqin. Amma hər iki şəhərdə pərdə açılanda gördük ki, salonda azərbaycanlılar o qədər gözə dəymir, elə ruslardır. Budəfəki uğurumuzu da Moskvanın, Sankt-Peterburqun teatral ənənələrinin, rus dilində xarici dramaturgiyaya alışqanlığın ayağına yazdıq. Odessada da tamaşanın uğurla keçəcəyini gözləyirdik. Çünki bu şəhərin özünəməxsus yumor ənənəsi var. Burada da istəyimizə nail olduq. Lakin hələ narahat idik. Sonra tamaşanı Kişinyova apardıq. Yenə uğur! Ardınca Moldova paytaxtından 2 saatlıq məsafədə, Beltsı şəhərində tamaşanı oynayacaqdıq. Dərə-təpə yollarla Beltsıya gəlib çatanda gördük ki, burda rus dilində tamaşa oynanılmır. 800 yerlik salonu olan iri bir binadır. Amma teatrda cəmi 2 gün, özü həftə içi tamaşa göstərirlər. Həftəsonu teatr bağlıdır.

- Niyə?

- Əyalət şəhəridir. Həftəsonunu hamı bağ-bostanda, şəxsi təsərrüfatında keçirir.

- Maraqlıdır...

- Doğrudan, maraqlıdır. Amma biz çox həyəcanlıydıq. Tamaşadan əvvəl direktorun kabinetində əyləşib söhbət edirdik. Bizim teatrda səs elə qurulub ki, salon mənim otağıma translyasiya edilir. Yəni teatrda belə olmalıdır. Amma Beltsı teatrında belə deyilmiş. Mən də bunu bilmirəm: direktorun otağında əyləşmişik, zaldan səs belə gəlmir. Ürəyimin içini yeyirəm ki, o boyda uğurlar qazanandan sonra, deyəsən, burada tamaşamıza baxan olmayacaq. Amma pərdə açılanda gördük ki, zal ağzınadək doludur. Aktyorlar tamaşanı elə bir həyəcanla oynadılar ki! Hamı da sakit əyləşib tamaşaya baxır. Necə olsa, bir əyalət şəhəri, rus dilini bilənlər o qədər də çox deyil... Tamaşa bitəndən sonra bizi elə alqışladılar ki!.. Təsəvvür edin, Natalya Şarovskaya, Səfa Mirzəhəsənov kimi təcrübəli, hər cür alqış görmüş aktyorlar sevincdən göz yaşlarını saxlaya bilmirdilər. Səfa dedi ki, bu cür qarşılanmaya görə 200 km yol getməyə də dəyər!

- Deməli, klassik əsəri anlamaq üçün dili bilmək vacib deyil. Təki əsər tamaşaçıya təsir etsin...

- Bilirsiniz, Axundzadənin yazdıqları əsl xalq komediyasıdır. Bütün xalqlar eyni cür narahat olur, düşünür, gülür, fərqli olan geyimdir, dildir...

- Yenə teatr və tamaşaçı ünsiyyəti probleminə qayıdaq. Teatrınız öz sabit tamaşaçı auditoriyasını necə qazanır?

- Mənim fikrimcə, repertuarında uşaq tamaşaları olan teatrın auditoriya problemi olmamalıdır. Şənbə-bazar günləri saat 12-də biz uşaqlar üçün tamaşa göstəririk. Siz bir dəfə kənardan teatrın qarşısında qədər adam olduğuna diqqət yetirin. Uşaqlar sevincli, əllərində kiçik buketlər teatra gəlirlər. Sakit əyləşib tamaşaya baxırlar, hələ tamaşa bitəndən sonra aktyorlarla şəkil çəkdirirlər. Uşaq ki tamaşanı bəyəndi, o yenə valideynini dartıb teatra gətirəcək. Həmin uşaqlar da böyüyəndə çox güman teatrdan uzaq düşməyəcəklər.

- Hərdən adama elə gəlir ki, Bakının mərkəzində bir-birindən azacıq aralı olan teatrlarımız sanki ayrı-ayrı adalardadır. Bir-birlərindən xəbərləri yoxdur...

- Bu, son illər belə olub. Yadınıza bir əhvalatı salım. Anarın «Şəhərin yay günləri» pyesi Milli Dram Teatrında da oynanılırdı, bizdə . Mən həmin tamaşada Qiyası oynayırdım. İlk tamaşaların birində pərdə açılanda gördüm ki, mərhum Həsənağa Turabov ilə Şəfiqə Məmmədova salonda yanaşı əyləşib bizə tamaşa edirlər. Yəni biz, hətta eyni rolların ifaçıları bir-birimizdən öyrənirdik, bir-birimizin yaradıcılığını izləyirdik. Amma sonradan oldu, bilmirəm. Elə bil hamı bir-birindən aralı düşdü.

- Bir neçə il əvvəl Gənc Tamaşaçılar Teatrının rus bölməsi sizin teatra köçürüldü. Bu birləşmədən sonra nələr baş verdi? Onların potensialından necə istifadə edirsiniz?

- Gələnlərin bəzisi qaynayıb-qarışdı, özünü göstərə bildi, bəziləri isə yox. Mən hərdən solo ifaçılara, rəssamlara həsəd aparıram. Onların öz qabiliyyətini göstərmək üçün kimsəyə ehtiyacları yoxdur. Amma aktyor, rejissor öz istedadını göstərməkdən ötrü başqalarından asılıdır.

- Deyirlər, hər bir rejissor ürəyindən keçən əsərlərin siyahısını tutaraq arzu edir ki, onlara quruluş verəcəyəm. Sizin belə bir siyahınız varmı? Varsa, bu siyahı illər ötdükcə uzanır, yoxsa qısalır?

- Bəli, mənim də arzusunda olduğum əsərlər var. Sadəcə, o siyahıya çox vaxt kollektivə görə düzəliş etməli olursan. Kollektivi nəzərə almalısan. Aktyoru da işsiz qoymaq olmaz. İndi bizim teatrda yaşlı nəsil ilə bağlı seyrəklik var. Bir-birinin ardınca vəfat edənlər oldu, Nodar Şaşıqoğlu kimi nəhəngi itirdik, birinin ürəyi ağrıyır, o birinin ayağı sınıb... Artıq orta nəslin yaşlı nəslə keçid prosesi başlayıb. Amma cavanlara nümunə olmaq, onları davamlı işlətmək lazımdır. Buna görə də «Maskarad»da özüm səhnəyə çıxdım. Yəni mən də sizinlə birgə işləyirəm, oynayıram. Bütün çətinliklərə baxmayaraq, mən inanıram ki, hər şey yaxşı olacaq, bütün problemlər həllini tapacaq.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 7.