Azərbaycan «Turizm Davranış Kodeksi»nə qoşuldu

 

AZTA ilə Dünya Turizm Təşkilatı arasında bəyannamə imzalandı

 

Sərgi çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə BMT-nin Dünya Turizm Təşkilatı arasında Azərbaycanın «Turizm Davranış Kodeksi»nə qoşulması ilə bağlı bəyannamə imzalandı.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Azərbaycan turizm sahəsinin inkişafı üçün beynəlxalq əlaqələrin qurulmasına çox böyük əhəmiyyət verir: «Azərbaycan vətəndaşları müxtəlif ölkələrə səfər edirlər. Eyni zamanda ölkəmizə təşrif buyuran qonaqların sayı da çoxdur. Bu işi quran isə əsasən turizm şirkətləridir. Onlar dünya miqyasında mövcud olan qanunvericilik çərçivəsində müəyyən məsuliyyət daşıyırlar. Azərbaycan Turizm Assosiasiyası ilə Dünya Turizm Təşkilatı arasında imzalanan bu müqaviləyə əsasən ölkəmiz «Turizm Davranış Kodeksi»nə qoşulur. Bu sənədlə Azərbaycan turizm sənayesi Dünya Turizm Təşkilatı qarşısında Azərbaycan turistlərinin və buraya gələn qonaqların davranışını, etik qaydaları ekoloji baxımdan cəmiyyətin qanunlarına uyğun olaraq təmin edəcək. Bu o deməkdir ki, bu gündən etibarən xarici ölkəyə turist göndərən hər bir şirkət səfərə gedən turistə davranış qaydalarını, etik normalara əməl olunması haqqında məlumat verməlidir. İnanıram ki, azərbaycanlı turistlər səfər etdikləri ölkələrdə bu kodeksin şərtlərinə əməl edəcəklər».

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai qeyd etdi ki, 2011-ci ilin aprel ayında ilk dəfə İspaniyanın Madrid şəhərində 14 ölkənin nümayəndəsi «Beynəlxalq Turizm Davranış Kodeksi»nə imza atıb: «İmzalanma mərasimi İspaniya baş nazirinin iştirakı ilə reallaşdı. O vaxtdan etibarən bu sənədə qoşulan ölkələrin sayı artıb. Hazırda 34 ölkəni təmsil edən 247 assosiasiya bu sənədi imzalayıb. Çox sevinirik ki, Azərbaycan da «Turizm Davranış Kodeksi»nə imza ataraq bu beynəlxalq təşəbbüsə qoşulur”.

Baş katib bildirdi ki, bu sənədə imza atmaqla Azərbaycan turizm sənayesi 3 əsas məqam üzrə öhdəlik qəbul edir. Birincisi, üzv ölkələr öz aralarında «Turizm Davranış Kodeksi»nin şərtlərinə əməl etməlidirlər. İkincisi, «Turizm Davranış Kodeksi»nin əsas məqam və prinsipləri üzv ölkələrin turizm təmsilçiləri arasında yayılmalıdır. Üçüncüsü, üzv ölkələr üç ildən bir «Turizm Davranış Kodeksi» çərçivəsində gördükləri işlər və yeni təcrübələr barədə müvafiq komissiyaya məruzə etməlidir. Bu məruzələrin nəticəsi olaraq DTT illik hesabat hazırlayır. Öz növbəsində DTT kodeksin icrası ilə bağlı BMT-nin Baş Assambleyasında iki ildən bir hesabat verir.

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov bildirdi ki, imzalanan sənəd Azərbaycan turizm sənayesi üçün böyük əhəmiyyət daşıyır: “Azərbaycan Turizm Assosiasiyası DTT-nin Birləşmiş Üzvlər Şurasının Avropa üzrə vitse-prezidenti seçilib. Bütün bunlar ölkə turizminin dünya turizm sənayesinə inteqrasiyasına təkan verəcək. Ümidvaram ki, sektor nümayəndələri “Turizm Davranış Kodeksi»nə riayət edəcək, turistləri də bununla bağlı maarifləndirəcəklər”.

Sonra Nahid Bağırov və Taleb Rifai bəyannaməni imzaladılar.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 9.