İpək Yolundan başlayan
turizm marşrutu:
ÇİN
Dünya turu
Qədim tarixi və zəngin mədəniyyəti,
ecazkar təbiəti ilə hər zaman səyahət həvəskarlarını cəlb
edən Çin Xalq Respublikası ən çox turist qəbul edən ölkələr siyahısında üçüncü
yerdədir. Dünya Turizm Təşkilatının
2012-ci il üzrə statistikasına
görə, Çin
58 milyon turist qəbul etməklə yalnız Fransa və ABŞ-dan geridə qalır. Son onilliklərdə həyata keçirilən
iqtisadi islahatlar və “açıq qapı” siyasəti də bu ölkəyə
gələn əcnəbi
qonaqların sayında
böyük artıma
səbəb olub və qədim İpək Yolundan başlayan turizm və ticarət anlayışı yenidən
öz mahiyyətini bərpa edib. Proqnozlara görə, dünyanın
ən sürətlə
inkişaf edən iqtisadiyyatına sahib Çin
2020-ci ildə ən çox turist qəbul edən birinci ölkə olacaq. Ölkədə biznes turizminin
əsas istiqamət olması, ümumi payda 38 faiz təşkil
etməsi də bu amilin göstəricisidir.
Həm ticarət, həm
ziyarət
Bu gün bir çox Avropa ölkələri turizm infrastrukturunu inkişaf etdirmək, yeniləmək,
fərqli xidmətlər
təklif etmək üçün milyardlarla
vəsait xərcləyirlər. Çünki turist daha çox
yeniliyi sevir. Çin turizminin inkişafı göstərir ki, bu ölkəyə böyük turist axını tarixən ipək ticarəti ilə, müasir dövrdə isə dünya qiymətlərilə
müqayisədə istehsalı
daha münasib başa gələn məhsullarla bağlıdır.
İkinci Dünya müharibəsindən
70-ci illərin sonuna qədər ölkə sərhədlərini əcnəbilərin
üzünə bağlayan
Çinin kommunist hökuməti sonda başa düşdü ki, xaricdən gələn sərmayənin
qarşısını alır,
ticarətə, iqtisadiyyatın
inkişafına mane olur.
80-ci illərin əvvəllərində, Den Syaopin
hakimiyyəti dövründə
ölkədə böyük
turizm infrastrukturunun qurulmasına başlanıldı,
hotellər, istirahət
kompleksləri tikildi.
1985-ci ildə ölkəyə
1,4 milyon turist gəlmişdi. Sonrakı illərdə bu rəqəm həndəsi
silsilə ilə artdı.
Çin təcrübəsinin önəmi
Bu ölkənin təcrübəsi
göstərir ki, turizm sənayesini inkişaf etdirmək üçün sadəcə
gözəl təbiət,
zəngin tarixi-mədəni
irs yetərli
deyil. Bütün bunların yanında
bir də iqtisadi amil, azad ticarət imkanı, biznes təşviqi olduqda ölkə turizmi daha çox cəlbedici olur, ziyarət həm də ticarətə çevrilir. Bu baxımdan Dubayı, Sinqapuru misal göstərmək olar.
Tarixi zənginliyinin olmamasına
baxmayaraq, bu yerlər turistlərin ən çox baş çəkdiyi məkanlardır. Hətta
Avropada ən qədim tarixi ilə öyünə biləcək Yunanıstan
İtaliyadan daha az turist
cəlb edir. Səbəb: İtaliyanın
təklif etdiyi biznes imkanları bu ölkədə yoxdur. Qayıdaq Çinə. Bu gün
Çin Xalq Respublikası da dünyanın iqtisadi güc mərkəzi, əsas turizm mərkəzi olmaq yolunda irəliləyir.
Dünyanın ən hündür
binası olan Yeni Əsr Qlobal
Mərkəzi 2013-cü ilin
iyul ayında tikilib istifadəyə verilib. Mərkəzdə
dünya markalarının
brend mağazalarından
transmilli kooperasiyaların
ofislərinə, teatr
və əyləncə
mərkəzlərinə qədər
turistlər üçün
maraqlı ola
biləcək bütün
üstünlüklər var. “Şərqin Havay adaları” adlandırılan
Haynan adasında da müasir resort hotellər göz oxşayır. Tropik iqlimilə seçilən
bu ada bütün
Cənubi Şərqi
Asiya məkanında məşhurdur və qonşu ölkələrdən
ildə yüz minlərlə turist cəlb edir. Rəngarəng təbiəti, dağları,
çimərlikləri, yaşıl
qolf meydançaları
olan adada turizm infrastrukturunu inkişaf etdirmək məqsədilə böyük
layihələr həyata
keçirilib, 2004-cü ildə
ada dəmiryolu xətti ilə Çinə birləşdirilib.
Tarix və mədəni
irs
Çinin tarixi-mədəni irsinin
45 nümunəsi UNESCO-nun siyahısına
daxil edilib. Ölkə hökuməti
bu zənginliyin qorunması istiqamətində
böyük işlər
görür. Paytaxt
Pekinin qədim şəhər hissəsində,
Böyük Çin səddində, “Cənnət
məbədi”ndə və
s. əsaslı bərpa
işləri görülüb.
Bu siyahıda yer alan ilk imperator mavzoleyi, Magao mağaraları, Böyük
Çin kanalı da turistlərin maraq göstərdiyi məkanlar arasındadır.
Çinin qeyri-maddi mədəni
irsi də UNESCO-nun müvafiq siyahısında
öz yerini tutub.
Əsas şəhərləri
Çin Xalq Respublikasının turizm baxımından ən cəlbedici şəhəri, təbii
ki, paytaxt Pekindir. Hazırda 21 milyon sakini
olan şəhər 8
əsrdən çoxdur
ki, paytaxt statusunu qoruyub saxlayır. Müasir infrastrukturu, inkişaf
etmiş xidmət sektoru, nəqliyyat sistemi ilə dünyanın qabaqcıl paytaxtları siyahısındadır.
Şanxay və Honkonq
da əhalinin sıxlığı ilə
seçilən şəhərlərdir.
Birinci nisbətən ənənəvi
şəhər statusunu
saxlasa da, Honkonq daha çox
müasir həyat tərzi, infrastrukturu, Avropa düşüncə
tərzinə yaxın
mədəniyyəti və
biznes mərkəzləri
ilə seçilir.
Burada dünyanın ən hündür binalarını,
hotel və biznes mərkəzlərini görmək
olar.
Sadiq Musa
Mədəniyyət.- 2014.- 4 aprel.-
S. 10.