“Zirvədən gələn səs”

 

Aprelin 1-də Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Tariyel Qasımovun 75 illik yubileyinə həsr olunmuş “Zirvədən gələn səs” adlı tədbir keçirildi.

Yubiley gecəsində əvvəlcə Özbəkistanda yaşayan həmyerlimizin Tariyel Qasımov haqqında lentə aldığı sənədli film nümayiş olundu. Sonra yubilyar səhnəyə dəvət edildi. Görkəmli aktyor gecənin iştirakçılarına minnətdarlığını bildirərək sənətdə amalının hər zaman gözəl rollar yaradaraq tamaşaçıları sevindirmək olduğunu vurğuladı.

Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımov və digər çıxış edənlər aktyoru yubileyi münasibətilə təbrik etdilər, onun yaradıcılığı, insani keyfiyyətləri haqqında fikirlərini bölüşdülər.

Qeyd olundu ki, Tariyel Qasımov 1964-cü ildən bu günədək (qısa fasilələrlə) Gənc Tamaşaçılar Teatrında çalışır. Aktyor teatrkinoda yaddaqalan obrazlar yaradıb. Tariyel Qasımov təkcə ölkəmizdə deyil, keçmiş SSRİ-nin respublikalarında, Almaniyada və digər ölkələrdə tanınmış aktyorlarla birlikdə filmlərə çəkilib. O cümlədən Özbəkistanda 7 filmdə rol alıb. Görkəmli sənətkar bu günvar qüvvəsi ilə çalışır və yaddaqalan obrazlar yaradır.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi adından yubilyara təbriklər çatdırıldı.

Gecədə müxtəlif teatrların artistləri səhnəciklər təqdim etdilər. İncəsənət ustalarının bir-birindən gözəl ifaları yubiley gecəsinə xüsusi rəng qatdı. Mərasimdə yubilyarın rol aldığı filmlərdən və tamaşalardan fraqmentlər də təqdim edildi.

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 11.