Kitab mənəvi zövq
mənbəyidir
Beynəlxalq Uşaq Kitabı Günü
ilə bağlı sərgi
Aprelin 2-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş VI milli uşaq kitabı sərgisinin açılışı oldu. Sərginin təşkilində məqsəd uşaqları ölkəmizdə son illərdə nəşr olunan müvafiq ədəbiyyatla tanış etmək, onların mütaliəyə marağını artırmaqdır.
Kitabxananın direktoru Şəhla Qəmbərova tədbiri açaraq 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününün əhəmiyyətindən danışdı: “Respublika Uşaq Kitabxanası hər il bu günü qeyd edir. Məqsədimiz uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaqdır”.
Tanınmış şair İlyas Tapdıq əlamətdar günün ölkəmizdə qeyd olunmasını yüksək qiymətləndirdi. Bildirdi ki, belə kitab sərgilərinin keçirilməsi çox vacibdir: “Uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik insan kimi tərbiyə edir, öz xalqının tarixi keçmişinə dərindən bələd olmasına yardımçı olur”.
Uşaq ədəbiyyatı yazarlarından Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə və “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova belə sərgilərin təşkil olunmasını yüksək qiymətləndirdilər. Qeyd olundu ki, gənc nəslin tərbiyəsində, onların milli ruhda böyüməsində mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edən kitabların böyük rolu var.
Sərgidə son dövrdə ölkəmizdə və dünyada nəşr olunmuş uşaq ədəbiyyatı nümunələrindən 700-dək kitab nümayiş olunur. Tədbirə qatılan məktəblilərə kitabxananın nəşri olan “Göy qurşağı” jurnalı hədiyyə edildi. Sərgi aprelin 5-dək davam edəcək.
Xatırladaq ki, Beynəlxalq Uşaq Kitabı Günü məşhur danimarkalı uşaq yazıçısı Hans Xristian Andersenin (1805-1875) doğum günü şərəfinə Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə 1967-ci ildən qeyd edilir.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 4 aprel.-
S. 11.