Nadir kitabların
saxlanc yeri
Kitab işinin qədim və zəngin tarixi var. Günümüzə gəlib çatan bir çox nümunələr, dəyər-qiyməti ilə bərabər, kitab sənətinin inkişaf yolundan da xəbər verir. Ölkəmizdə belə nümunələrin qorunub saxlandığı məkanlardan biri də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasıdır. 1923-cü ildə beş min nüsxə ilə fəaliyyətə başlayan kitabxananın fondunda hazırda 5 milyona yaxın kitab var. 1962-ci ildən fəaliyyətə başlayan nadir kitablar bölməsində qədim, dünyada az rastlanan nəşrlər saxlanılır. Bölmə ötən ildən, kitabxananın 90 illiyi ərəfəsində şöbə statusu alıb.
Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsinin fondu 16 dildə təxminən 5000-ə yaxın ədəbiyyata malikdir. Burada 1573-cü ildən bu günümüzədək nadir kitab meyarına uyğun gələn nəşrlər yer alıb. Şöbədə həmçinin ulu öndər Heydər Əliyevin 1995-1997-ci illərdə şəxsi kitabxanasından hədiyyə etdiyi 263 kitab, həmçinin Heydər Əliyev Fondunun nəşr etdirdiyi, nəfis poliqrafik tərtibatlı nəşr nüsxələri toplanıb.
Mexaniki kitab çapının ilk dövrlərinə aid müxtəlif dillərdə qədim ədəbiyyat, Azərbaycan klassiklərinin daşbasma üsulu ilə çap edilmiş kitabları, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, miniatür kitablar, eləcə də kitabxananın 85 illik və 90 illik yubileyi münasibətilə müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar tərəfindən verilmiş hədiyyələr maraq doğurur.
Şöbənin müdiri İradə Qulamova bizimlə söhbətində bildirdi ki, fondda saxlanılan kitablar Azərbaycan, rus, ingilis, alman, latın, çin, yunan, ərəb, fars və s. dillərdədir. Nüsxələrin ən qədimi isə alman və yunan ədəbiyyatlarıdır. Tarixi sıralama baxımından burada ilk nəşr 1573-cü ildə çap edilmiş “Homer haqqında ədəbiyyat tarixi” kitabıdır. Növbəti qədim nəşr 1595-ci ildə işıq üzü görən “Türklər haqqında on nəsihət” kitabıdır ki, burada türklərin adət-ənənəsi, dini və tarix haqqında məlumatlar yer alıb. Ən qiymətli kitablar üz qabığı təbii göndən olan nəşrlər hesab olunur. Nadir kitablar nəşr ilinə, bədii tərtibatına, miniatürlüyünə və elmi dəyərinə görə sıralanır. Bu meyarlara görə nümunələr nadir kitablar siyahısına salınır. Azərbaycanın ilk çap kitablarından biri olan, əski əlifba ilə 1779-cu ildə Sankt-Peterburqda nəşr olunmuş “Qanunlar məcmuəsi” də burada saxlanılır.
Nadir kitablar və kitabxana muzeyi şöbəsinin əsas vəzifəsi elmi dəyəri, tarixi əhəmiyyəti və nəşr tarixi baxımından qiymətli hesab edilən ədəbiyyatı, eyni zamanda miniatür kitabları, poliqrafik cəhətdən nəfis şəkildə tərtib edilmiş nəşrləri toplamaq, mühafizə etmək və elmi ictimaiyyətin istifadəsinə çatdırmaqdır. Şöbənin fondu nəşr ilindən, nəşr yerindən və dilindən asılı olmayaraq, nadir kitab meyarına uyğun kitablardan bir nüsxə komplektləşdirilir.
Nadir kitabların saxlanılma prinsiplərindən
danışan İ.Qulamova bildirdi ki, bu nümunələr
günəş işığından, rütubətdən
qorunmalıdır: “İstilik sistemi düzgün qurulmalı,
müxtəlif bakteriyalardan qorunmaq üçün otaq təmiz
saxlanmalıdır. Kitabları qorumağın digər yolu isə
oxucuların kitablardan istifadəsi zamanı diqqətli
olmaları, vərəqləri cırıb əzməməlidir.
Çalışırıq ki, bütün bunlara ciddi nəzarət
edək. Digər qoruma üsulu isə kitabların elektron
variantlarının yaradılmasıdır. Düzdür, biz
muzeydə saxlanılan kitabların heç də
hamısının elektron variantını yarada bilmirik. Bəzi
kitabların elektronlaşdırılmasında dil problemi var.
Oxucuya ehtiyacı olan kitabların bir hissəsini artıq
elektron kitabxanaya köçürmüşük. Köçürülmə
zamanı əsas meyar il deyil, daha aktual olan kitablardır. Bura
azərbaycançılıq, qafqazşünaslıqla
bağlı ədəbiyyat daxildir. Ayrıca fəaliyyətdə
olan islamşünaslıq bölməmizin kitabları da
elektron varianta köçürülmüşdür. Müxtəlif
sahələrə dair, daimi oxucusu olan kitabların
hamısını elektron varianta
köçürmüşük”.
Muzeydə
ötən əsrin əvvəllərinə qədər
dövrə aid kitablar, qəzetlər və jurnallar, bundan əlavə,
müəlliflərin imzalı kitabları, Şərq dillərində
olan ədəbiyyat saxlanılır. Muzey kitabxananın nəzdində
yerləşdiyindən geniş ictimaiyyətin bu barədə
məlumatı yoxdur: “Yəqin ki, fəaliyyətimiz genişləndikcə
əhalinin də muzeyə marağı artacaq.
Düşünürük ki, digər ölkələrin
kitabxanalarında olan nadir kitabların nüsxələri ilə
muzeyimizi daha da zənginləşdirək”.
Həmsöhbətimin sözlərinə görə, nadir kitablarla işləyən kitabxana işçilərinin məsuliyyəti adi kitablarla işləyənlərdən daha çoxdur: “Kitaba maraq həmişə var, nadir kitab olan halda isə biz çalışırıq oxucunu nəzarətsiz qoymayaq, onlara lazım olan bütün köməkliyi göstərək. Bu iş məsuliyyətli olduğu qədər də şərəflidir”.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 4 aprel.-
S. 12.