“Şekspir”
“Mən”
konsepsiyası
“Dəli deyir: “Mən Avraam Linkolnam”, əsəbi xəstə deyir: “Mən Avraam Linkoln olmaq istəyirəm”, sağlam insan isə deyir: “Mən - mənəm, sən - sənsən”.
İnsan özü-özüylə və onu əhatə edən dünya ilə hər bir zaman balanslaşır. Bu harmoniyanı saxlamaq üçün “bədənin müdrikliyinə” inanmaq, orqanizmin tələblərini dinləmək və onların reallaşmasına mane olmamaq lazımdır. Özü olmaq, öz “mən”inin mövcudluğuna inanmaq, öz tələblərini reallaşdırmaq - sağlam, harmonik bütöv olan insana məxsusdur. Bunların əksi isə qeyri-sağlam insanlara aid keyfiyyətlərdir.
Həqiqətdə, psixologiya elminin istiqamətləri olan psixoanaliz, ekzistensializm tərəfindən araşdırılan, insanın keçmişindən “qalan” fizioloji-psixoloji bu xəstəlik dramaturji-ədəbi kontekstə gətirilmişdir. Xalq yazıçısı Elçinin “Şekspir” pyesi ədəbi, elmi, dramaturji material olaraq təhlilə və müzakirəyə maraqlı olan əsərdir. Bu, əsərin müxtəlif teatrlarda səhnəyə qoyulması, müxtəlif rejissorların səhnə quruluşu verməsi ilə də öz təsdiqini tapır. Yazıçı tərəfindən önə çəkilən insanın daxili ilə fərdiyyətinin konflikti teatr üçün maraqlı olan problemə və vəziyyətə səbəb olur. Yazıçının yanaşması bir xəstəxananın divarları ilə əhatə olunmuş xəstələrin müxtəlif rollarda, müxtəlif obrazlarda oyununu müəyyənləşdirir. Akademik Milli Dram Teatrının səhnəsində bu tamaşa Petru Vutkereuya həvalə olundu. Teatrın qoşulduğu “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində əməkdaşlığın məntiqli nəticəsi olacaq bu yaradıcı iş teatrların inteqrasiyasına da səbəb olacaqdır.
Petru Vutkereu - Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəridir. Rejissor yaradıcı işində dramaturji materialdan irəli gələn individual insan konsepsiyası - hərəkətin başlanğıcı, ruhun və hislərin poetikliyi tamaşanın əsas formulu kimi işlənmişdir. Lakin bütün bunlar səhnə məkanında uğurla reallaşması səhnə tərtibatının (Xalq rəssamı Nazim Bəykişiyev) və rəssam işinin (Ramin Bəykişiyev) düzgün, rejissorla harmonik yaradılmasıdır. Ağ pərdənin, daha doğrusu parça-parça bir-birinə tikilmiş, insan beyninin qövslərini xatırladan, bütövlüyü inkar edən arxasında ağ məkandan ibarət bu tərtibat təmizliyin, heç bir ləkənin ora toxunmasına imkan verməyən, təcavüzü, zorakılığı, terroru pisləyən məntiqli sonucdur. Bu məkanda isə xəstəxana və xəstələr yerləşir.
Ümumi görüntü yaratmaq istədiyim bu xəstələri bir neçə prinsipə görə təhlil etmək olar:
1. “İndi” prinsipi - “indi” individin bu dəqiqə nə etdiyidir. Bu xəstələr üçün zaman yoxdur, keçmiş xatirələr onlar üçün indi baş verənlərdir.
Sara Bernar (Əməkdar
artist Mətanət Atakişiyeva)
məşhur dünya
aktrisasıdır. Mətanət Atakişiyeva Sara Bernarı
oynayır, Sara Bernar isə məşhur aktrisanı, keçmişdə
olan məşhurluğunu.
“Sara Bernar məşhur
aktrisa rolunu inanılmaz dərəcədə
gözəl oynayır”
- Bernard Şou. Seçilmiş məşhur isim aktrisa M.Atakişiyeva tərəfindən zaman keçsə belə, “səhnə” məsumluğunu
itirməyən, hətta
dəlixanada belə məşhur aktrisa kimi yaşamağı bacaran həssas, həssas olduğu qədər də güclü obraz yaratmışdır. Sara Bernar M.Atakişiyevanın
ifasında orta yaşı keçmiş,
ingilis aktrisasına məxsus bədən zərifliyini itirmiş, Cülyettanın ən yaddaqalan ifaçısı
kimi, Şekspirin ən sevimli aktrisası kimi, böyük səhnələri
fəth edən Sara Bernarı xatırladır.
2. “Mən - sən” prinsipi - demək istədiklərini lazımi
ünvana deyə bilməmək, ünsiyyət
yaratmağın çətinliyi,
daha doğrusu bütün dünya üçün aktual olan ünsiyyətə vasitəçi, danışmağa
bir insan tapmamaqdır. Bu özünü
Ər-arvadın (Şəlalə
Şahvələdqızı) ifasında göstərir.
Ər-arvad - Ş. Şahvələdqızının
ifasında ərini itirən, bunun reallığını qəbul
edə bilməyib, onu içində yaradan, yaşadan obrazdır. Aktrisanın yəqin ki, heç kəsin nəzərindən qaçmayan
saçını tamamilə
kəsdirib, əri oynarkən maraqlı kişi, parik
salıb, arvadı oynarkən maraqlı qadın obrazı yaratması Ər-arvadın
ikili yaşamı - tamaşanın ən rəngarəng komediya nöqtəsidir.
3. “Sona çatdırılmamış
iş” prinsipi - “Mən acıqlıyam”. Həqiqətdə bütün ruhi
xəstələrə məxsusdur.
Onlar qəzəblidir, kimdənsə
acıqlıdırlar. Stalin (Əməkdar artist Pərviz Bağırov) bunun əyani daşıyıcısıdır. Aktyorun Stalini - bizim yaddaşımıza həkk olunan Stalinin qəzəbli görünüşünə uyğun olmasa da, onun sonunu,
cılızlaşmış, peşman olmuş Stalini göstərməyə
çalışır. Monoloqlarında
(baxmayaraq ki, bir az uzundur), etiraflarında aktyor sarsılır, bununla da hətta
Stalinə belə biz acıyırıq.
4. Subyektivizasiya prinsipi - subyektinin nə olduğunu anlamamaq. Tamaşada Veneralı (Əməkdar
artist Elşən Cəbrayılov)
Yerdəki insanlar üçün müəmmalı
həyatın, özgə
bir planetin nümayəndəsidir. Aktyorun hərəkətlərindəki,
jestlərindəki obyektini
bilməməsi, yəni
harada və niyə olduğuna şübhə ilə yanaşan və tamaşaçının da
onun həqiqi dəliliyinə heç bir şübhə qoymayan obrazı yaratmışdır. Veneralı aktyorun
ifasında nəcib xarakterli, lakin yardımçı obraz kimi görünür.
Çünki tamaşanın digər
mühüm qəhrəmanı
Drob 13 (Anar Heybətov) də başqa planetdən gəlib, onların mahiyyətləri eynidir.
Drob 13 aktyorun ifasında onun Yerdəkilərdən
daha ağıllı,
əsl elmin və mədəniyyətin
sahibi olduğunu sübut edir. Onların teatrları olmasa da, özləri böyük elmin, kitabların məftunu, sahibidirlər.
Bu qəhrəmanlar öz
arzularını istədikləri
kimi gerçəkləşdirə
bilmədikləri üçün
öz “Mən”inindən
uzaqlaşıblar.
Bəs onda bu xəstəxananın baş həkiminə, həkiminə, sanitarına
nə olub? Baş həkim
(Əməkdar artist Ayşad
Məmmədov) aktyorun
ifasında, bütün
jestlərində, səsində
özünün dəlilik
kateqoriyasının həqiqiliyini
doğruldur. “Səs - aktyorun intim imzasıdır” -
Bart. Ayşad Məmmədovun səsi
dəliliyin nümayişi
üçün ən
münasib və doğru seçimdir.
Bundan başqa aktyorun tamaşa boyunca yaratdığı incə,
həssas, eləcə
də ləyaqətli,
anlayışlı “həkim”
əsas qəhrəmanlardandır.
Son vaxtlar aktyorun
ifaları bir-birinə
bənzəsə də,
ştamplardan istifadə
etsə də, susqun və öz ideallarına söykəndiyi üçün
hər bir zaman baxımlıdır.
Baş həkimin işçiləri - həkim
(Nigar Güləhmədova)
və sanitar (Aslan Şirinov) dəlixananın deyil, elə güman oluna bilər ki, “katorqa”nın
işçiləridirlər. Həkim həqiqi həyatından - evdə qadın, işdə kişi olmaqdan
artıq bezmiş, “gündəlik” əzab-əziyyətlə
yaşayan qadınların
nümunəsidir. Sanitar Azərbaycanın
demək olar ki, bütün xəstəxanalarında olan
tibb bacılarının,
sanitarların güzgüsüdür.
Ya xəstənin yeməyini,
ya da həkimlərin
payını oğurlayan
- daha doğrusu “götürən”, bununla da tibb - səhiyyə
işçilərinin qiymətini
aşağı salan insanlardılar. Aslan Şirinovun
sanitarı tamaşanın
əsas komediya - gülüş nöqtəsi
olsa da, onun həddindən artıq “duzsuz” gülüşləri tamaşaçının
əsəb nöqtələrinə
toxunurdu.
“Şekspir” tamaşası
dəfələrlə səhnələrdə,
müxtəlif rejissorların
quruluşunda nümayiş
olunub. Lakin... Akademik Milli Dram Teatrının səhnəsində qoyulan
bu tamaşa digərlərinə istər
peşəkar rejissor işinə, istər aktyor ansamblının harmonik ifasına, istərsə də uğurlu rəssam işinə görə nümunə, teatrsevərlərə
isə hədiyyədir.
Həqiqi teatrın qapılarını
mənəvi dünyanız
üçün açıq
edin. Bir daha təkrarən
bilin ki, qidalanmaq nə qədər fizionomiyamız
üçün vacibdirsə,
mənəvi qida da mənəviyyatımız
üçün o qədər
önəmlidir.
Aygün Süleymanova,
teatrşünas
Mədəniyyət.- 2014.- 4 aprel.- S. 13.