İlahi qüvvənin hökmü
ilə
Martın 28-də L.və M.Rostropoviçlərin ev-muzeyində görkəmli violonçelist, dirijor Mstislav Rostropoviçin anadan olmasının 87 illiyi münasibətilə tədbir keçirildi. “Dirijorluq pultuna M.Rostropoviçi ilahi qüvvə, tale aparırdı” adlı tədbiri muzeyin direktoru Şeyla Heydərova açaraq qonaqlara maestronun dirijorluq fəaliyyəti haqqında məlumat verdi.
Qonaqlara muzeyin eksponatlardan ibarət sərgi təqdim olundu. Sərgidə M.Rostropoviçin dirijorluq etdiyi səhnə əsərləri, Bakıdakı konsertlərin afişaları, proqram və bukletləri yer almışdı.
Muzeyin elmi işçisi X.Sadıqovanın ifasında şair Sevinc Heydərovanın “Dirijorun sehri” adlı şeiri səsləndirildi. Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Kamal Paşazadə çıxış edərək Mstislav Rostropoviçlə bağlı xatirələrini danışdı. Bəstəkar Elnarə Dadaşova da xatirələrini bölüşdü, maestronun xatirəsinə ithaf olaraq “Prelüdiya” əsərini ifa etdi.
Çıxışlardan sonra tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində Xalq artisti Zəhra Quliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən “İstedadlar mərkəzi” şagirdlərinin ifasında maraqlı konsert proqramı ilə davam etdi.
Tədbirdə polyak icmasının sədri Olqa Yujanina, dirijorlar Kazım Əliverdiyev, Fəxrəddin Kərimov, paytaxtın musiqi məktəblərinin pedaqoqları, muzey işçiləri iştirak edirdilər.
Rəhimə Salmanova,
L.və
M.Rostropoviçlərin ev-muzeyinin elmi işçisi
Mədəniyyət.- 2014.- 4 aprel.-
S. 13.