“Niderland turistlərinin Azərbaycana
marağı artır”
“Sizin gözəl bölgələriniz,
dağlarınız, mənzərələriniz, fərqli
iqliminiz var. Turistləri zərbaycana cəlb edən əsas
amillər mədəniyyət və gözəl təbiət
ola bilər”
Müsahibimiz Niderland Krallığının Azərbaycandakı
səfiri Robert Yan Qabriyelsedir. O, 2013-cü ilin sentyabrında
ölkəmizdə diplomatik fəaliyyətə
başlayıb. Söhbətimizdə ikitərəfli
münasibətlərin müxtəlif sahələrinə
toxunduq.
- Cənab
səfir, Azərbaycana təyinatı necə
qarşıladınız?
- Azərbaycan
diplomatik fəaliyyət göstərdiyim
üçüncü ölkədir. Bundan əvvəl
İraqda və Maltada səfir işləmişəm. Bunlar bir-birindən fərqli ölkələrdir.
Doğrusu, Azərbaycana təyinatımı təəccüblə
qarşıladım. Azərbaycandakı səfirlik
bizim üçün böyük əhəmiyyət kəsb
edir. Çünki burada qlobal iqtisadi
maraqlar var. Holland kompaniyaları da Azərbaycana investisiya
qoyublar və bu, böyük bazardır. Bundan
əvvəl Azərbaycanda cəmi bir dəfə olmuşdum.
2002-ci ildə ölkəmizin NATO-dakı
nümayəndə heyətində işləyirdim və
Bakıya NATO-nun konfransına gəlmişdim. O vaxt
Bakı məndə bir sovet şəhəri təəssüratı
yaratmışdı. Təyinatım haqqında
eşitdikdən sonra ölkəniz haqqında oxumağa,
öyrənməyə başladım. Oxuduqlarımdan
da bəlli oldu ki, Bakı indi müasir şəhərdir.
Bəziləri bu şəhəri Xəzər dənizi
sahilində Dubay da adlandırır. Buraya gələndə
2002-ci illə müqayisədə inanılmaz dərəcədə
dəyişikliklər gördüm.
- Ölkələrimiz
arasında əlaqələri necə dəyərləndirirsiniz?
- Əlaqələrimizin səviyyəsi çox
yaxşıdır. Hər iki tərəfdən bir sıra
yüksək səviyyəli görüşlər olub. Bu günlərdə Azərbaycan Prezidenti İlham
Əliyev Haaqada nüvə sammitində iştirak etdi. Bundan əvvəl Niderland Krallığının
Baş naziri və Prezident İlham Əliyev Davosda iqtisadi forum
zamanı görüşdülər. Bir
ay əvvəl ölkəmizin xarici işlər naziri Azərbaycana
səfər etdi. Ötən ilin
noyabrında Rotterdamın meri böyük heyətlə
Bakıya gəldi. Bu ay Niderland
Senatının üzvü Rene van der Lindenin rəhbərliyi
ilə nümayəndə heyətinin səfəri gözlənilir.
Cənab Linden 2009-2011-ci illərdə Niderland
Senatının prezidenti və 2005-2008-ci illərdə isə
Avropa Şurasının Parlament Assambleyasının prezidenti
olub. O, Azərbaycanın yaxşı dostudur. İqtisadi səviyyədə də gözəl əlaqələrimiz
mövcuddur. Holland kompaniyaları burada
müxtəlif sahələrdə çalışır.
Təhsil sahəsində əlaqələr
inkişaf edir. Azərbaycandan çoxlu tələbə
Hollandiyada təhsil alır. Biz holland
professorlarının Azərbaycana gəlmək
imkanlarının stimullaşmasını səbirsizliklə
gözləyirik.
- Mədəni
əlaqələr barədə nə deyə bilərsiniz, səfirlik
olaraq bu istiqamətdə hansı layihələri həyata
keçirməyi düşünürsünüz?
- Mədəniyyət
sahəsində əlaqələrimiz də inkişaf edir, bu
sahədə bir sıra fəaliyyətlərimiz olub. Hazırda aprelin sonuna nəzərdə tutulan
Krallıq gününü qeyd etməyi səbirsizliklə
gözləyirik. Bu günlə
bağlı Bakıda Niderland həftəsi keçirməyi
planlaşdırırıq. Tədbirdə
Azərbaycanın tanınmış sənətçiləri
də iştirak edəcəklər. Düşünürəm
ki, bu sahədə daha çox işlər görmək
lazımdır. Məsələn, ötən il “YARAT” Müasir İncəsənət Məkanının
təşkil etdiyi festival çərçivəsində məşhur
hollandiyalı rəssam Florentin Hofmanın “Rezin ördək”
layihəsi Bakıda təqdim olundu. Heydər
Əliyev Mərkəzi ilə əməkdaşlıq edirik.
Burada çox gözəl ekspozisiyalar var. Mədəni
sahədə prioritet verdiyimiz əsas məsələ əlaqələri
genişləndirməkdir. Əlbəttə,
bu əlaqələrin genişləndirilməsi dövlət
siyasəti və nazirliklər səviyyəsində
olmalıdır. Heydər Əliyev Fondunun
həyata keçirdiyi layihələr bizi sevindirir və biz də
səfirlik olaraq onlara dəstək verə bilərik. Beləliklə, əlaqələrimizin
inkişafı üçün böyük imkanlar var.
-
Bakıda olduğunuz qısa müddətə ölkəmizlə
bağlı sizdə hansı təəssürat
formalaşıb?
- Mən Bakıya ötən ilin avqustunda gəlmişəm. İnsanlarınız
çox qonaqpərvərdirlər. Qeyd
etdiyim kimi, ölkəniz, xüsusilə Bakı surətlə
inkişaf edir. Qısa müddətdə
böyük dəyişikliklər baş verir. Gənclər ingilis dilini öyrənir, Avropa ölkələrinə,
eləcə də Hollandiyaya səfər etməyə
böyük maraq göstərirlər. Onların
bəziləri Hollandiyada təhsil almaq istəyirlər. Mən Bakıya gəldiyim avqust ayının ilk
günlərində təsadüfən ilk
gördüyümüz hollandlar ölkəyə turizm məqsədilə
gəldiklərini dedilər. Onlar Azərbaycanda
hər şeylə maraqlanırdılar. Holland
turistlərində Azərbaycana maraq artır və onlar bu
ölkəyə səyahət etmək istəyirlər.
Bundan başqa, bu günlərdə Bakıda
olan holland rejissoru “Soçi arxasında dağlar” adlanan sənədli
film çəkdi. O, Qış Olimpiya Oyunlarının
açılışından əvvəl Soçiyə
getdi. Eyni zamanda Qafqazla da maraqlanırdı və
beləliklə, səfəri Bakıda yekunlaşdı. Bu sənədli film Niderland televiziyasında
yayımlandı və çoxları məlumat əldə
etdilər. Mənim dostlarımın
çoxu da bu filmə baxdılar. Bu film Azərbaycanın
surətli inkişafı haqqında idi və Niderland
tamaşaçısı üçün maraqlı idi.
- Ölkəniz
dünyada, o cümlədən Azərbaycanda öz gülləri
ilə də tanınır. Məsələn, ənənəvi
olaraq hər il mayın 10-da Bakıda
keçirilən Gül bayramında Hollandiyadan güllər gətirilir.
Yəni bu amilin özü də ölkələrimizi birləşdirir...
- Biz
doğrudan da, müxtəlif növdə güllər
yetişdirir, xaricə ixrac edirik və bununla
qürurlanırıq. Azərbaycanda da
çoxlu holland gülləri var. Mən Gül
bayramının çox fantastik bir tədbir olması
haqqında eşitmişəm və builki tədbiri maraqla
gözləyirəm. Fəxr edirəm ki,
bizim bu sahədə də əməkdaşlığımız
var. Bizdə gül yetişdirilməsi ilə bağlı
sistem çox effektiv qurulub.
- Cənab
səfir, bayaq hollandiyalı turistlərin Bakıya potensial
marağından bəhs etdiniz. Ölkələrimiz
arasında turizm əlaqələrimizin perspektivlərini necə
qiymətləndirmək olar?
-
Hollandiya ilə Azərbaycan arasında hələ ki, kütləvi
turizm əlaqələri yoxdur. Lakin insanlar
ölkənizlə maraqlanır. Məsələn,
yuxarıda qeyd etdiyim kimi, Bakı haqqında sənədli
filmin Niderland televiziyası ilə yayımlanmasından sonra
maraq daha da artıb. Sizin gözəl bölgələriniz,
dağlarınız, mənzərələriniz, fərqli
iqliminiz var. Turistləri Azərbaycana və Bakıya cəlb
edən əsas amillər, məncə, mədəniyyət və
gözəl təbiət ola bilər. Bunlar insanlarımız üçün
maraqlıdır və bu maraq da getdikcə artır. Lakin təəssüf ki, ölkələrimiz
arasında turizm əlaqələrini əngəlləyən
amillərdən biri də birbaşa uçuşun olmaması
və indiyə qədər səfirlikdə viza bölməsinin
fəaliyyət göstərməməsidir. Düşünürük necə etmək
lazımdır ki, azərbaycanlılara vizaların verilməsi
yüngülləşdirilsin. Mən
hazırda bunun üzərində işləyirəm. Ona görə ki, azərbaycanlılar da Hollandiyaya
böyük maraq göstərirlər. Bundan
başqa, “Eurovision” müsabiqəsindən sonra da Azərbaycana
maraq artdı. Bu həm də ölkənizin
reklamı, dünyaya tanıdılması xarakteri
daşıdı. 2015-ci ildə Avropa
İdman Oyunlarının da keçirilməsindən sonra
maraq daha da artacaq.
-
Hollandiya azərbaycanlı turist üçün hansı
baxımdan maraqlı ola bilər?
-
Hollandiya turistlər bir çox cəhətləri ilə
maraqlıdır. Məsələn, ölkəmizin
paytaxtı Amsderdam turistlər üçün heyrətamiz və
unikal məkandır. Onun ətrafında
çoxlu böyük kanallar, qədim tikililər var. Şəhər
özü çox ənənəvidir. Burada
xüsusilə də yazda gözəl güllər olur. Su yollarımız da var ki, bu da insanlar
üçün maraqlıdır. 1950-ci
ildə Amsterdamda böyük daşqın zamanı çoxlu
insanlar həlak oldu. Ona görə də,
dəniz sahillərində ölkə ətrafında
çoxlu böyük bəndlər salındı. Bu ölkənin gözəl təbiəti var, ərazisi
yaşıllıqdır və burada qədim şəhərlər
var. Bunlar yüksək səviyyəli texnologiya
imkanlarının tətbiq olunduğu sistemdir və şəhərə
səfər edənlər üçün maraqlıdır.
Bundan başqa, yaşıllıqlarla əhatə
olunmuş gözəl qədim şəhərlərimiz var.
Hollandiyada həm də zəngin festivallar, idman və mədəniyyət
tədbirləri keçirilir. Bizdə həmçinin
çimərlik turizmi də inkişaf edib. Qonşu ölkələrdən - İngiltərə,
Almaniya, Fransadan ölkəmizə hər zaman turist
axını var. Azərbaycan turistlərini də ölkəmizdə
görməkdən məmnun olardıq.
- Azərbaycanın
regionlarına səfər etmək imkanınız olubmu?
- Şimal bölgəsində olmuşam. Şəki,
Lahıc, Qobustan, Qəbələyə səfər etmişəm.
Lakin daha çox bölgəyə getmək istəyirəm.
Azərbaycanda gözəl mənzərələr
var, yollar isə rahatdır. Səyahət
etmək gözəldir. Mən həmçinin
Naxçıvana da səfər etmişəm. Doğrudur, bu rəsmi səfər idi. Lakin mən bu bölgənin unikal olduğunu
gördüm. Təbiəti və fərqli
iqlimi xoşuma gəldi və çox zövqverici səfər
idi. Şimal bölgəsində, gözəl,
nadir meyvələr var. Yaşıllığa
bürünmüş hündür dağlarınız
xoşuma gəldi. Beləliklə, ölkənizin
turizm sahəsini inkişaf etdirmək üçün gözəl
imkanları mövcuddur. Gözəl hotelləriniz
var, lakin onlar yüksək səviyyədədir. Turizmin inkişafı baxımından orta səviyyəli
hotellərin tikilməsi də yaxşı olardı.
- İncəsənət tədbirlərinə necə,
baş çəkə bilirsinizmi?
- Mən
xanımımla daha çox axşamlar bulvarda gəzməyi,
asta-asta qaçmağı sevirəm. Təbii
ki, boş vaxtlarımda incəsənət ocaqlarına da
baş çəkirəm. Bakıda
Müasir İncəsənət Muzeyi, Milli İncəsənət
Muzeyində, Heydər Əliyev Mərkəzində olmuşam.
Eyni zamanda xanımımla konsertlərə
gedirik. Məsələn, Azərbaycan
muğamını dinləmişəm və çox bəyənirəm.
Ötən ay İçərişəhərdə
keçirilən Novruz festivalı da çox gözəl oldu.
Orda muğam ifa olundu, milli rəqsləriniz
nümayiş olundu və mən ondan zövq aldım.
- Milli mətbəximizlə
aranız necədir?
- Sizin yeməkləri
çox bəyənirəm. Plovdan xüsusilə
zövq aldım. Bunu hər kəs fərqli
hazırlayır. Hollandiya mətbəxində
daha çox kartofdan istifadə edilir və bizdə
balığın müxtəlif növləri çox olur.
Lakin məsələn, bizdə kürü yoxdur.
Mətbəxinizdəki müxtəlifliyi sevdim.
Novruz şirniyyatları gözəl idi.
Mehparə
Mədəniyyət.- 2014.- 11
aprel.- S. 7.