Ölkəmiz Londonda keçirilən kitab sərgisində uğurla təmsil olunub

 

Aprelin 8-dən 10-dək Londonda ənənəvi beynəlxalq kitab sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin, Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin (AZICS) təşkilatçılığı və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə sərgidə Azərbaycan kitablarının da zəngin çeşidi nümayiş olunub.

1971-ci ildən etibarən hər il təşkil olunan London kitab sərgisi bu sahədə dünyanın ən nüfuzlu tədbirlərindəndir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti London sərgisinə ilk dəfə 2009-cu ildə qatılıb. Beynəlxalq kitab sərgilərində iştirak zəngin mədəniyyətimizin, ölkəmizin inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliği, respublikamızda aparılan quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm vasitədir.

Azərbaycanın uğurlu mədəniyyət siyasəti nəticəsində ölkədə kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində bir çox uğurlar əldə edilib, sahənin inkişafına təkan verən lazımi şərait yaradılıb. Prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişləri bu istiqamətdə mühüm rol oynayır. Azərbaycan kitabı müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlib.

Bu il London kitab sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla sektorunun müdiri Pərviz İsgəndərli, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, aparıcı məsləhətçisi Lalə Məmmədova və AZICS-nin sədri Sənan Əliyev təmsil ediblər.

Milli ekspozisiyamızı təşkil etmək məqsədilə sərgidə 30 kvadratmetrlik sahədə stend avadanlığı quraşdırılmışdı. Guşədə ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 115 adda 200 nüsxədən çox kitabreklam çap məhsulları nümayiş olunub. Stenddə Prezident İlham Əliyevin sərəncamlarına əsasən, kütləvi tirajla nəşr olunmuş dünya ədəbiyyatı nümunələrinə üstünlük verilib. Bu il ilk dəfə "Hədəf" və "Qələm" nəşriyyatlarının kitabları da sərgidə nümayiş etdirilib.

Azərbaycan stendində həmçinin "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı plakatlar yerləşdirilib. Ekspozisiyada Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları və adət-ənənələrimizdən bəhs edən videoçarx nümayiş olunub, maraqlananlara ölkəmizin mədəniyyəti və tarixi haqqında kitablar hədiyyə olunub.

 

Mədəniyyət.- 2014.- 11 aprel.- S. 8.