Yay turizm
mövsümünə hazırlıqla bağlı monitorinqlər
başlayır
Aydın İsmiyev: «Xidmət sahəsindəki problemləri
həll etmək üçün vaxt lazımdır»
Mədəniyyət və Turizm Nazirliyi, hər il olduğu kimi, bu il də yay turizm mövsümünə hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün monitorinqlər aparacaq. Bu barədə jurnalistlərə açıqlama verən nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin sözlərinə görə, artıq Bakıda turizm şirkətlərinin fəaliyyətinin monitorinqi başlanıb.
Yaxın 1-2 həftə ərzində bu proses paytaxt mehmanxanalarında davam etdiriləcək: «Mayın sonundan isə regionlarda monitorinqə start veriləcək. Hazırda regionlarda turizm xidməti lazımi səviyyədə deyil. Bu problemi aradan qaldırmaq məqsədilə nazirlik tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bunlardan biri də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə mehmanxana əməkdaşları üçün treninqlərin təşkil edilməsidir. Adətən treninqlər bir neçə istiqaməti əhatə edir. Amma bütün bunlara baxmayaraq, turizm sahəsində peşəkar səviyyədə kadrların hazırlanması üçün müəyyən qədər vaxt tələb olunur. Bu sahədə mövcud problemləri qısa müddətdə həll etmək mümkün deyil. Bir məqamı da qeyd edim ki, əvvəlki illərə baxanda indi xidmət sahəsində müəyyən irəliləyişlər müşahidə olunur».
Şöbə müdiri ötən il Azərbaycana gələn turistlərin sayı barədə də danışdı. Onun sözlərinə görə, 2013-cü ildə ölkəmizə ümumilikdə 2 milyon 508 min xarici ölkə vətəndaşı gəlib. Onların arasında Azərbaycanda təhsil alan və işləyən əcnəbilərin də olması nəzərə alınsa, ölkəyə gələn turistlərin sayı 2 milyon 400 min nəfər olub».
Azərbaycana gələn turistlər bir həftə ərzində 700-800 dollar pul xərcləyirlər. Onlar bu vəsaiti daha çox mehmanxanalarda yerləşdirilməyə, yeməyə, ekskursiyalara və s. sərf edirlər: «Azərbaycanda son 2-3 il ərzində 3-4 ulduzlu hotellərin sayı artıb. Yerlərin qiyməti günlük 60-80 manatdır. Sevindirici haldır ki, ölkəmizə gələn turistlər təkcə Bakıda deyil, regionlarda qalmağa da maraq göstərirlər. Bölgələrin tarix-mədəniyyət abidələri, özünəməxsus mətbəxi turistləri cəlb edir, turizm şirkətləri tərəfindən təşkil edilən turlarda onlara ətraflı informasiya verilir”.
Aydın İsmiyev 2015-ci il Avropa Oyunları zamanı Bakıya təşrif buyuracaq qonaqların yerləşməsi üçün apartamentlərin yaradılması məsələsinin nəzərdən keçirildiyini bildirdi: “Bizdə çoxlu yeni tikilmiş binalar var. Onların sahəsi geniş, otaqları gözəldir. Həmin evlərdən qonaqların qalması üçün istifadə etmək olar».
Şöbə müdiri bu təcrübənin əksər xarici ölkələrdə yayıldığını vurğuladı.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 11
aprel.- S. 9.