Türk sənət tarixi
Sarayevoda müzakirə olunub
Aprelin 6-8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda II Beynəlxalq türk sənətləri, tarixi və folkloru konfransı keçirilib.
Tədbir Azərbaycandan “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkiyədən Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi və Sarayevo Beynəlxalq Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.
Konfransda Türkiyə, Azərbaycan, Bosniya və Herseqovina, Makedoniya və İrandan 50-dək iştirakçı məruzələrlə çıxış edib. AMEA-nın müxbir üzvü, tanınmış memar Cəfər Qiyasi "Memarbaşı Əcəm Əli Ağanın yaradıcılığı haqqında", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev və Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Orta əsr Ağsu şəhəri və ətrafında türk-İslam abidələri", İqtisad Universitetinin professoru Abbas Seyidov "Qədim türk mənəviyyatına bir baxış", İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin şöbə müdiri, professor Kamil İbrahimov "Bakıdan aşkar olunmuş dulus məmulatı üzərindəki insan, heyvan, quş təsvirləri və onların toxuculuq sənəti ilə əlaqəsi” və digər iştirakçıların məruzələri maraqla qarşılanıb.
Tədbir çərçivəsində Sarayevo Universitetinin foyesində "Türk əl sənətləri sərgisi" nümayiş olunub.
Professor Qafar Cəbiyev Səlcuq Universitetinin ənənəvi olaraq hər il təqdim olunan "Elmə, sənətə töhfə" mükafatı ilə təltif olunub. Konfransın təşkilatçıları qarşılıqlı olaraq hədiyyələr təqdim ediblər.
Konfransın son günü iştirakçılar Bosniya və Herseqovinanın tarixi
və görməli yerləri ilə tanış olublar.
Mədəniyyət.- 2014.- 11
aprel.- S. 10.