Ötəri
söhbətlərdən fraqmentlər
Bir neçə dəfə Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kamal Xudaverdiyevlə mətbuat üçün söhbət eləmək istəmişəm, hər dəfə də onun ortadan bir işi çıxıb. Hərdən ötəri görüşəndə, ya teatrın aktyor bufetində çay içəndə müsahibə məsələsini yadına salırdım. O da deyirdi ki, «müsahibə yox, amma gəl, teatrın problemləri ilə bağlı mübahisə edək. Bu olar iş».
Razılaşmışdım, amma və di gəl ki, buna da vaxt tapmırdı. Bir az özündə özünə qarşı biganəlik vardı, bir az da bunu özünüreklam kimi başa düşürdü. Özündən çox danışmağı xoşlamadığı üçün də söhbətləşməyimizə dəqiq vaxt təyin eləmirdi.
Buna baxmayaraq, elə ayaqüstü, ötəri görüşlərimizdə sənət barədə söhbətləşəndə ürəyimdən keçən sualları sual kimi yox, sözgəlişi deyim kimi dilə gətirirdim. Kamal da ya əsəbi, ya rahatsızlıqla, ya da mübahisə təriqiynən mənim sözlərimə öz münasibətini bildirirdi. Beləcə, istədiklərimi yavaş-yavaş ondan alırdım...
Xəstə vaxtlarında görüşümüz az olurdu və onda da hiss eləyirdim ki, teatrdan danışmağa halı yoxdur. Həm də bir az əsəbiləşirdi və mən də onu bu vəziyyətdə gərgin görmək istəmirdim.
Müxtəlif vaxtlarda, hətta müxtəlif illərdə ikilikdə, eləcə də bir neçə nəfərin iştirakı ilə adi görüşlərimiz də olub. Həmin vaxt etdiyimiz söhbətlərdən qeydlərimdə yazılmış fraqmentləri oxuculara təqdim etmək istəyirəm.
Gərək oxucular söhbətlərin arasındakı qırıqlığa görə məni məzur tutsunlar. Ona görə də hər epizodu ulduzlarla bir-birindən ayırıram.
* * *
1981-ci ilin sonlarında İrəvanda ümumittifaq Şekspir tamaşaları festivalı keçirilirdi. Azərbaycan Milli Dram Teatrı festivalda yenicə tamaşaya hazırladığı «Maqbet» əsəri ilə iştirak edirdi. Festivalda SSRİ məkanının müxtəlif teatrlarından çox maraqlı tamaşalar gətirmişdilər. Zəif tamaşalar da vardı və təəssüflər ki, onlardan biri də Azərbaycanın nümayiş elətdirdiyi səhnə əsəri idi.
Festivalda mən də iştirak edirdim və günü bu gün də ürək ağrısı ilə yadıma salıram ki, tamaşanın birinci pərdəsi sona çatar-çatmaz salonun yarısı boşalmışdı.
Axşam elə oldu ki, təxminin on ikinin yarısında eyni vaxtda restorana yeməyə düşdük. Həmin söhbətdən kövrək xatırlamalar...
Kamal. Teatrdaydın?
İlham. Hə.
Kamal. Bilirəm ey, teatra avtobusda biznən getdin. Yəni baxırdın tamaşaya?
İlham. Baxırdım.
Kamal. Axıra kimi qaldın?
İlham.
Lap axıra kimi.
Kamal.
Gördün də... Bizimkilərin, deyəsən,
heç utanan sifətləri yoxdur ey.
İlham.
Nə olub ki?
Kamal. Sən də qəribə adamsan ey. Hələ bir sual da verirsən. Day
nə olmalıdır ki? Hökm idi, gərək
70 yaşlı Ledi Maqbetnən festivala gələydik?
İlham.
70 yox, 68 yaş.
Kamal. Olsun 68 yaş. Gördün, finalda beş-on adam qalmışdı zalda... Hamı
gülürdü ey bizə. Səhnədən
bu gülüşləri eşitmək, bilirsən, nə qədər
ağırdır?
İlham.
Yəqin... Amma sənin Maqdufun
yaxşıydı.
Kamal. Nəyi yaxşıydı ey? Bir
tamaşada ki, Maqbet yoxdu, Ledi Maqbet yoxdu, orda hansı
yaxşıdan danışırsan? Yanıb
tökülürəm... Əşi, bəyəm
bizdə həmin rolları oynaya bilən cavan aktyorlar yoxdur?
İlham.
Sən rejissor olsaydın kimə verərdin Ledi
Maqbeti?
Kamal. Ledi Maqbeti verərdim Şəfiqə Məmmədovaya,
Maqbeti də Həsən Turabova. Maqbeti elə
özüm də oynamaq istəyərdim. Lap elə
Turabova dublyor olardım.
İlham.
Bəlkə də haqlısan, ay Kamal. Amma,
necə deyərlər, qatar getdi.
Kamal. Hara getdi ey? Day qatar yoxdur bəyəm?
Elə hər il gedir də bu qatar... Axırı nə olacaq, Allah bilir.
İlham.
Nəyi nəzərdə tutursan?
Kamal. Teatrın vəziyyətini, özümün işləməyimi.
Əşi, Otar, İslam, Kamandar, Tahirov, Həmkar,
Loğman kimi ala-bula rollarnan hara gedəcəm mən? Ya olsun Kral obrazı. Bəyəm
Puşkinin «Yatmış gözəl və yeddi qardaş» əsəri
akademik teatrın xörəyidir? Bunun
üçün «Tyuz» (Gənc Tamaşaçılar
Teatrı. - İ.R.) var
də. Son səkkiz ildə oynadığım
rolların içində az-çox ürəyimə
yatanı «Qılınc və qələm»də Fəxrəddin,
bir də «Dəli yığıncağı»nda Cinni
Mustafadır. Aktyor da səkkiz ildə cəmi
on rol alar? Onun da ancaq ikisi yaxşı
olsun? Niyə düşünmürlər
biz aktyorları?
İlham.
Eldarı da oynamısan...
Kamal.
Saxla!.. Açığını
deyim, mən bərpa tamaşalarında oynanan rolları
yaradıcılıqdan saymıram. İş
odur ki, hansısa əsərdə əvvəldən məşq
edib ilk tamaşalarda oynayasan.
* * *
Teatrın binası 1990-cı ildən təmirə
dayanmışdı. Kollektiv öz tamaşalarını Azərbaycan
Dövlət Rus Dram Teatrının, Gənc
Tamaşaçılar Teatrının, Respublika
Sarayının, Aktyor evinin səhnələrində göstərirdi.
1991-ci il mart ayının 7-də sarayda
İlyas Əfəndiyevin «Tənha iydə ağacı»
pyesinin ikinci premyerası gedirdi. Fasilədə səhnənin
arxasına keçib aktyorları təbrik etmək istədim.
Səhnənin yanındakı meydançada
xeyli aktyor vardı. Nəcibə Məlikova, Mikayıl
Mirzə, Əliabbas Qədirov, Firəngiz Mütəllimova, Məlahət
Abbasova ilə görüşdüm. Digər
ifaçıları soruşdum. Dedilər
ki, bəzisi yuxarıda qrim otaqlarında, bəziləri də
bufetdədir.
Geri qayıtmaq istəyəndə gördüm ki, Səyavuş
Aslanla Kamal Xudaverdiyev gülə-gülə, qol-boyun liftin
yanından səhnəyə tərəf gəlirlər. İstədim
zarafat eləyim.
İlham.
Allah sizi həmişə mehriban eləsin.
Kamal. (əyilib Səyavuşu öpdü) Atamdı, qurban olaram ona. Məni
bufetdə necə lazımdı təbrik elədi, sağ
olsun.
Səyavuş. Alə, sən öləsən, yığıb ey bu məni
cana. Deyirəm, gəl
yazıl mənim pasportuma, işimi bilim də. Restoran görür, deyir, məni təbrik elə.
Bulvara gəlir, deyir, məni təbrik elə.
Bayaqdan bəri dirənmişdi ki, bura
saraydı, məni təbrik elə.
Kamal. Deyinmə də, ata.
(Rejissor assistenti Nəcəf Həsənzadə bizə
yaxınlaşdı. Kamal Nəcəfin öz sözləriynən
ona sataşdı).
Kamal. Nə lazımdı?
Nəcəf.
(gülə-gülə) tamaşadan sonra, tamaşadan sonra... (üzünü Səyavuşa tutdu) Qədeş, Həsən Turabov səni
çağırır.
(Səyavuş Nəcəfnən pərdənin arxasına tərəf getdilər. Kamal qoluma girdi və keçib divarın dibində düzülmüş stullarda əyləşdik).
İlham. Kamal, bayaq səhnədə mənə
elə gəldi ki, mizanı pozdun. Heç yeri deyildi, amma sən pauza
verdin. Bilinmədi ki, sözünü kəsərək
sağa-sola baxıb sonra niyə danışdın?
Kamal. Düz deyirsən. Əşi,
tamaşanın məşqlərini teatrın kiçik səhnəsində
aparmışıq. Rejissor Mərahim Fərzəlibəyov
mizanları həmin səhnəyə uyğun verib. Kərim bəy qızı Sürəyya ilə
görüşdə vətən nisgili haqqında sözlərini
səhnənin bu başından o başına gedə-gedə
söyləməlidir. Kiçik səhnədə
bu ölçü 8-9 metr olardı. Sarayda
bu məsafə 20 metrə yaxındır. Birinci
tamaşanı Əliabbas oynadı. Tamaşadan
sonra rejissor zalım oğluna ikimiz də dedik ki, mizanı dəyiş.
Dəyişmədi. Amaliya
qalıb səhnənin o başında, mən qalmışam
bu başında. Bir-birimizin dediyi sözləri
gücnən eşidirik.
İlham.
Özünüz dəyişərdiniz
mizanları. Bəs sarayda məşq etməmisiniz?
Kamal. Bir gün elədik, o da elə-belə, ötəri.
Üç saatlıq tamaşanın məşqi
bir saata qurtardı.
İlham.
Növbəti tamaşa nə vaxt olacaq? Heç olmasa ona yaxşı hazırlaşın.
Kamal. Nə
bilim, nə vaxt olacaq... (tərs-tərs mənə
baxdı) Sən də qəribə adamsan ey.
Əşi, bilmirsən bəyəm tamaşanın birini ala
dağda oynayırıq, o birini qara dağda?..
“Rus draması”nda bir cür oynayırıq.
“Gənc tamaşaçılar”da başqa
cür. Aktyor evində tamam ayrı cür.
Çünki heç birinin səhnəsinin
ölçüsü bir-birinə uyğun deyil. Nə dekorasiyaları qurmaq olmur, nə mizanları
olduğu kimi oynamaq mümkün deyil. Bu səhnədəki
dekorasiyanın yarası o biri səhnədə kənarda
qalır.
İlham.
Bir az dözün də, bu gün-sabah təmir
qurtaracaq, öz binanızda hər şey yerinə düşəcək.
Kamal. Kefdən danışırsan. Səhnəni
söküb qoyublar böyür üstə. Üç aydan çoxdur bir nəfər də
yoxdur ki, hansısa taxtaya bir mıx vursun. Belə getsə
hələ üç-dörd il də
qaraçı taboru kimi burdan ora, ordan bura köçəcəyik.
İnanırsan, İlham, Allaha and olsun adam
bezir, işləməyə həvəs qalmır.
İlham.
Təzə əsər
hazırlayırsınız?
Kamal. O
günü bədii sovetin iclası oldu. Həsən Əbluc
deyir «Qədr gecəsi»ni qoyacam. Şair Eldar Baxış yazıb. Lütfi deyir «Əcəb işə
düşdük» pyesini hazırlayacam. Mərahim
Fərzəliəbyov təzə dramaturq tapıb, Marat
Haqverdiyev. «Ox, qadınlar, qadınlar»,
«Qısqanc ürəklər» pyeslərini verib teatra.
İlham.
Necə pyeslərdi, oxunuşu olub?
Kamal. Mən oxumuşam. Vallah heç
biri bizim teatrın xörəyi deyil. Bəhram
da bu tərəfdən deyir ki, «Qarağaclar altında məhəbbət»i
ixtisar eləyib üç aktyornan tamaşaya qoyacam.
İlham.
Amerika dramaturqu Yucin O`Nilin əsəridir. Nobel mükafatı laureatıdır. Axı həmin pyesdə iştirakçı
çoxdur.
Kamal. Hələ oxumamışam, amma Bəhram deyir ki,
kamera tamaşası hazırlayacam. Görək nə
olur də... Fərli-başlı biznes qabiliyyətimiz
də yoxdur ki, gedib alvernən məşğul olaq. Siqaretdən, bakuşdan satıb
başımızı dolandıraq.
İlham.
Yəni bu qədər bezmisən teatrdan?
Kamal. Tək mən yox ey, çoxumuz bezmişik. Aldığımız məvacibə bir kisə
soğan düşür. Bədbəxt oğlu aktyor, gəl
indi dolan görüm, necə dolanırsan... Qiymətlər də
günü-gündən ildırım sürətiynən
qalxır...
* * *
1995-ci il dekabrın 27-də Elçin Həsən
Turabova zəng vurub umu-küsü eləmişdi. Demişdi
ki, üç ilə yaxındır «Ah, Paris... Paris!..» pyesini məşq edirsiniz, amma hələ
axırını bir yana çıxara bilməmisiniz. Düz deyirdi.
Komediyadakı Əsədulla rolunu Səyavuş Aslanla Məlik
Dadaşov oynamalı idilər. Məlik neçə
dəfə məşqə gəlməmişdi. Səyavuş Musiqili Komediya Teatrına bədii rəhbər
keçmişdi. Akademik teatrın binasının təmiri
qurtarmamışdı... Aləm
qarışmışdı bir-birinə. Elçinin
də əsərinin hasilə gəlməsi beləcə
müşkülə düşmüşdü.
Elə həmin gün Həsən Turabovun
otağında Azər Paşa Nemət, Məlik Dadaşov və
mən bu məsələni müzakirə elədik. Həmin
dövrdə teatrda ədəbi hissə müdiri işləyirdim.
Qərara alındı ki, Səyavuş Aslan
yenidən öz roluna bərpa edilsin. Məşqlər
saat 11-dən saat 10-a keçirildi ki, Səyavuş buradan
çıxıb öz teatrında da məşqləri apara
bilsin. Səyavuş Aslan o vaxtı
Şıxəli Qurbanovla Süleyman Ələsgərovun
«Özümüz bilərik» musiqili komediyasını
tamaşaya hazırlayırdı.
Bir azdan Kamal Xudaverdiyev də gəldi. Məlik
Dadaşov ayağa qalxıb getmək istədi.
Həsən.
Məlik, danışdıq də, sabahdan vaxtlı-vaxtında
məşqlərə gəlirsən.
Məlik.
Həsənağa, sənin canınçun səhnəyə
çıxmaqdan bezmişəm. Oynamaq istəmirəm.
Bütün həvəsim ölüb. Deyəsən, ərizə yazıb işdən
çıxası olacam.
Həsən. Çox nahaq yerə. Sən ərizə
yazacaqsan, mən də ya cıracam, ya da qol çəkməyəcəm.
Get, kimə istəyirsən şikayət elə.
Məlik.
Onda icazə ver tamaşa hazırlayım.
Həsən. Gözüm üstə. Hansı əsəri
tamaşaya qoymaq istəyirsən?
Məlik.
Cavidin «Şeyx Sənan»ını.
Həsən. Sabah əmr asılacaq. Üç
günə rol bölgüsünü mənə təqdim elə.
Məlik.
İstəyirəm Şeyx Sənanı sən
oynayasan.
Həsən.
Məlik, ağ eləmə. Mənim
Şeyx Sənan yaşım keçib... Get fikirləş,
rol bölgüsünü müəyyənləşdir. Üç gün sonra görüşərik.
Yaxşı axtarsan elə öz
teatrımızdan azı iki Şeyx Sənan taparsan. Ürəyindən keçsə, başqa teatrdan da
aktyor dəvət edə bilərsən. Təki
sən razı qal.
Məlik.
Onda sən hələ əmri vermə, qoy əvvəlcə
rol bölgüsünü müəyyənləşdirim.
Sonra elə ikisinə bir əmr verərsən.
Həsən.
Danışdıq...
(Məlik Dadaşov razılaşıb kabinetdən
çıxdı. Azərpaşa Nemətov da dilxor getdi.
Təəssüflər ki, «Şeyx Sənan»ı hazırlamaq
fikri söz olaraq qaldı... Məlik müəllim əsasən
pedaqoji fəaliyyətlə məşğul oldu və bir il sonra Mədəniyyət və İncəsənət
Universitetinin Tədris teatrında dərs keçərkən
yıxılıb başından ciddi zədə aldı. 3
dekabr 1996-cı ildə dünyasını dəyişdi...)
Həsən. (Kamala) Görürsən də, Kamal. Bu boyda nəhəng aktyor səhnəyə
çıxmaqdan bezib... O belə edəndə teatrdan
çıxmaq istəyən gənclərə nə deyim?
Kamal. Düz eləyir də Həsən, istədiyi rolu
verin, qoy ürəknən oynasın. Gərək şərait...
Həsən. (onun sözünü kəsdi) Gileynən
danışmayın ey. Nə istəyir desin, elə bu saat əmrin verim.
Kamal. Belə getsə, mən də teatrdan
çıxacam.
Həsən. (əsəbi) Sən nə istəyirsən?
Kamal. Nə istəyəcəm, rol... rol... bir də rol.
Həsən. Hansı rolu?
Kamal. Ciddi soruşursan?
Həsən.
Yox bir zarafat eləyirəm... Əlbəttə,
ciddi sözümdü.
Kamal. Sabit Rəhmanın «Toy» komediyasında Kərəmovu,
Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan»ında
Məstəlişahı. Bir də
musiqisiz, adi komediya kimi hazırlamağa icazə versən «Məşədi
İbad»da Məşədi İbadı oynayaram.
Həsən. Zarafat eləyirsən? Bəyəm sən
komediya aktyorusan?
Kamal. Həsənağa, özüm ölüm düz
sözümdür. Özü də lap
ciddi deyirəm.
Həsən.
Kamal, elə bu saat qalx dördüncü mərtəbəyə,
«Yuğ» teatrına. Vaqif İbrahimoğluynan
danış, fikrini ona de. Tamaşaların
rejissoru olmağa razılıq versə, birlikdə gəlin
yanıma. Hansı əsəri birinci istəsəniz,
onun da hazırlanması barədə əmr verəcəm...
Ancaq hər kim sözünün
dalından qaçsa...
Kamal. Nə
deyirsən elə o...
Həsən. Danışdıq.
(Hökumət telefonu zəng çaldı. Həsənin
danışığından başa düşdük ki,
Elçindir. Onların
danışığı xeyli çəkdi. Kamal mənimlə üzbəüz oturmuşdu.
Özümü saxlaya bilmədim).
İlham.
(asta səslə) Kamal, Kərəmovu
Mirzağa Əliyev, Əliağa Ağayev oynayıblar ha.
Elə-belə rol deyil.
Kamal. Onları mən də bilirəm. Kərəmov elə-belə rol olsaydı, mən onu
oynamaq istəməzdim ki. Qoy Vaqif «Toy»u
hazırlamağa razılıq versin, onda görərsən
ki, əsl Kərəmov necə olmalıdır. Eləcə də Məstəlişah. Mən başa düşmürəm, niyə
bütün aktyorlar onu ipləmə, hay-küyçü kimi
oynayırlar. Atam balası, bu kişi
dərvişdi. Səsi-sorağı İrandan bu yana, üzü Tiflisəcən yayılıb. Külli-Qarabağda məşhurdur. Deməli, bu kişidə nəsə var də.
Ya hipnoz, ya gözbağlayıcılıq, hələ
bilmirəm. Ancaq mən onu çox
ağıllı və hər vəziyyətdən baş
çıxara bilən səriştəli
fırıldaqçı, qorxmaz dələduz kimi oynamaq istəyirəm.
İlham.
Nə deyirəm, kaş sən deyən olsun.
Ölməyib sağ qalsaq baxarıq...
Kamal. Niyə ölürük, inşallah baxarıq.
İlham.
Bəs Məşədi İbadı necə
görürsən?
Kamal. Azərbaycanın bugünkü biznesmenləri kimi.
Ağlı var, pul qazanmağın çəmini
tapıb. Evi-eşiyi, bazarda dükanı,
dükanda alveri. Kişi özünə
arvad almaq istəyir də. Burada nə qəbahət
var ki? Həm də qızın atası özü Məşədi
İbadın ayağına gəlir ki, qızının
hesabına ondan bir az pul qoparsın. Bəyəm
bu gün qızını pula satan dəyyus
adamlar yoxdur? Var! Özü də nə qədər istəsən...
Üç-dörd gün sonra öyrəndim ki, Vaqif
İbrahimoğlu Kamalın təklifini qəbul edib. Ancaq onun da
öz şərti olub. Deyib ki, əvvəlcə
Həsən Turabovla Əbdürrəhim bəy Haqverdiyevin
«Ağa Məhəmməd şah Qacar» faciəsini
hazırlayacaq, sonra Kamalnan işləyəcək.
Ancaq və
di gəl ki, bu istəklərin heç biri
reallaşmadı...
(Ardı var)
İlham Rəhimli
Mədəniyyət.- 2014.- 11
aprel.- S. 12; 13.