Sənət və...
siyasət
Həyata
“Alın, aa... Yana-yana
qalın, aa!” deyib gəlmiş
şairin dünyadan yana-yana getməkliyi...
Həmin şeiri “Bu pasportu mənəm daşıyan, Mən - sovet vətəndaşıyam!” misrasıyla bitirən parlaq işıq, hədsiz energetika ilə dolu Mayakovski sabiq sovetlər məkanının son onilliklərinin şagirdləri, tələbələri, ümumən poeziyasevərləri üçün xeyli qaranlıq və mübhəm birisi...
Amma təəssüf, bu siyasi-sovet şairinin çox gözəl,
çox poetik misraları
da var:
“Poeziya da -
radi tək
çətin tapılır,
çətin”.
Bu şair özünün və hamıdan daha çox, daha alovlu tərənnüm
etdiyi sovetin ölümünədək adı,
ata adı ilə yox, eləcə,
“Mayakovski” kimi anıldı
və bu dünyanın fani olduğunu bilənlərçün
əsasən bu kəlmə ilə xatırlandı: “yanıldı...”
“Sol! Sol!..” məzmunlu həyat
Bu görkəmli rus-sovet
şairi, dramaturqu, teatr və film aktyoru 1893-cü ildə Gürcüstanın Bağdadi
kəndində doğulub. Atası Bağdadi
bölgəsində meşəbəyi,
bacıları Lyuda və Olya azad
düşüncə, sərbəstlik,
“hər gün yeni həyat” aşiqləri, anası isə klassik rus qadını imiş. Lyudanın xatirələrindəki bir
epizod nəqli təəssüratlar dolu bitkin bir tablo
təsiri bağışlayır:
“Biz gürcü adətlərinə
bağlı bir həyat tərzi keçirmiş, lakin rus dilini, rus
düşüncəsini də
qorumağı bacarmış
xoşbəxt bir ailə idik...”
Bir müddət
sonra bu ailə Kutaisi şəhərinə
köçür və
1900-cü ildə burada
liseyə gedən
Vladimir “məktəbin ən
yaxşı şagirdi”
kimi məşhurlaşır. Yeniyetməlik yaşlarında fantastika janrlı romanlar oxuyan Vladimiri “unikal sənətçi uşaq” kimi qəbul edən müəllimlərindən biri
ona xüsusi dərslər keçməyə
başlayır.
“Uşaqlıq” dünyasından
çox erkən doyan Mayakovski siyasətlə
maraqlanmağa başlayır. 1905-ci il
inqilabı zamanı gizlicə Moskvaya gedən bacısı ona “revolyusioner” sənədlər gətirir
və bunlarla tanış olan lisey şagirdi birdən-birə necə ayılıb-böyüyürsə, göz açıb özünü Kutaisidə
bolşeviklərin yeraltı
sığınacaqlarından birində görür. Meşə işləri zamanı kəsilmiş barmağına düşmüş
infeksiyadan dünyasını
dəyişən atasından
sonra isə Vladimir ailədə də “inqilab”i mübarizələrlə
üzləşməli olur...
Onun tezliklə qoşulacağı
inqilabi mübarizə
təşkilatının başçısı
(və adaşı) “kommunistlərdə “solluq”
uşaq xəstəliyi”
kimi tezislər yazır, o özü isə -
“Mən qurd tək gəmirərdim
bürokratizmi!”
Kutaisidən Moskvaya köçüb bir müddət yoxsulluq içində yaşayan Mayakovski sosializm
tərəfdarı olan
dostlarına qoşulur. Burada getdiyi
məktəbdə dərslərdən
çox fəlsəfə
kitabları mütaliə
edir. On dörd yaşlı bu uşaqçün məktəb
sinifləri həyat siniflərinin kölgəsində
qalır və gələcəkdə anası
üçün belə
xatirələr yaradırdı:
“...Məktəbli ikən
vaxtının çoxunu
dərslərə yox,
təbliğata həsr
edirdi. On dörd
yaşı olmasına
baxmayaraq, on doqquz yaşında birisi kimi davranırdı.
Çox
çılğın idi.
Partiya üzvləri onunla görüşməyə gəlir,
çevriliş üçün
ondan faydalanırdılar.
Vladimir sanki qocalmışdı...”
Siyasi təşkilatda
təbliğatçı, mülki
həyatda aktyor, yazıçı olan bu “qoca” uşaq
məktəbdən qovulur. On beş yaşında ikən polis onun evinə basqın edir və... əvvəlkilərdən xeyli
fərqli növbəti
həbs: bu dəfə gizli məlumatların yazıldığı
qeyd dəftərçəsini
- ələ keçməsin
deyə - udur...
Bu “kulinar” fərasətdən
sonra partiya ona daha etibarlı
adam kimi
yanaşır. İki ay sonra
yenidən basqın edən polislər onu naməlum bir yerə aparır.
12 aylıq həbsdə
durmadan oxuyur, yazır, beynində həbsdən sonra çəkəcəyi siyasi
rəsmlərin xəyali
eskizlərini quramalayır,
“müstəqil fikirlər”
dövrü yaşayır.
Həbsdən sonra daxil olduğu Moskva Rəsm və Heykəltəraşlıq
Məktəbində bir
sıra özünəməxsus
və xalq yaradıcılığına aid işlərilə digər
tələbələrdən fərqlənən Mayakovski XX əsrin
ikinci onilliyində futurizm hərəkatına
qoşulur, burjuaziyaya meydan oxuyan ədəbi
fəaliyyətə başlayır.
Onlara qoşulmayanları köhnə
dünyanın təmsilçiləri
kimi görən Vladimirin yeni dünyaya dair şeirləri o vaxtadək
əldən-ələ gəzən
Puşkin şeirlərini
kölgələyir.
Polis isə, təbii,
təqibləri daha da gücləndirməyə
başlayır. “Faciə” adlı pyesini Sankt-Peterburq parklarının birində mono-tamaşaya qoyan şair daha da məşhurlaşır
və M.Qorkinin həyat yoldaşı Matiya xatirələrində
yazır: “...Mayakovskini
1918-ci ildə səhnədə
izlədim. Məncə. o, bu sahəni
davam etdirsə, əvəzolunmaz bir aktyor olacaq”.
Ancaq həyat Mayakovski üçün
tamam başqa bir dram hazırlayırmış...
Arzular və reallıqlar...
Öncə, obyektiv bir nüans: Mayakovski və...
onun mübarizə düşüncələrini xeyli
“redaktə” edən I Dünya müharibəsi...
İlk döyüş
mənzərələri əvvəllər
zəfər duyğularıyla
alışıb-yanan Mayakovskinin
fikirlərini xeyli dəyişir. 1915-ci ildə
“Şalvarlı bulud” adlı ilk şeir kitabı çapdan çıxır. Həmkarı
M.Qorki bu şeiri çox bəyənir, siyasi başçıları V.İ.Lenin
isə yazır: “...Mayakovskinin şeirlərindən
heç nə başa düşmürəm,
ancaq onun meydan döyüşkəni
olduğunu hiss edirəm.
Ola bilər ki,
onun yazdıqları siyasi cəhətdən mübahisəlidir; şeirlərində
elə də çox siyasi bir şey yoxdur,
insanları nəyəsə
dəvət etmir.
Amma siyasi nöqteyi-nəzərinin
düzgün olduğuna
inamım sonsuzdur”.
1917-ci il oktyabr
çevrilişini coşqu
ilə qarşılayan
və çevrilişin
əsas sözçülərindən
biri olan Mayakovski mübarizəni “təbliğat
afişaları”nda davam
etdirir. Moskva divarları, dirəklər,
binalar “Mayakovski afişaları”
ilə cilvələnir.
Çoxları kimi dövrün
“qırmızı siyasət”
dəbinə inanmış
bu saf qəlbli,
böyük tribun-şair
35 qəzet və 57 jurnalda saysız-hesabsız
yazılar çap etdirib. Həmin materiallar siyasət
dolu təbliğat və təşviqat qoxusa da, onu
digər köşə
yazarlarından ayıran
çox şey var idi.
1925-ci ildə yaxın dostu - Leninqradda intihar edərək sonuncu şeirini (“Əlvida dost, əlvida”) qanıyla yazmış Sergey Yeseninə qarşılıq olaraq dərhal oxşar bir şeir yazan Mayakovski o dövr inqilabçılarının mənfi reaksiyasına səbəb olur. 1930-cu ildə sevimli sevgilisi Lili Brikini və ailəsini SSRİ hökumətinə “əmanət” məktubu ilə vəsiyyət edən şair həyatına son qoyur. Ölümündən sonra doğulduğu kəndə - Bağdadiyə şairin adı verilir.
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 11
aprel.- S. 13.