Qeyri-neft sektoruna investisiyalar
cəlb edilməlidir
Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Aprelin 13-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən dövlət başçısı ilin
ilk üç ayında
ölkəmizin dinamik
inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını,
ümumi daxili məhsulun səviyyəsinin
yüksəldiyini, qeyri-neft
sektorunun iqtisadiyyatdakı
çəkisinin artdığını
bildirib. İqtisadiyyatın
şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyi, qeyri-neft sektoruna sərmayələrin
cəlb olunmasının
vacibliyi vurğulanıb:
“Biz çalışmalıyıq ki, xarici investisiyaları
ölkəmizin inkişafı
üçün lazım
olan, prioritet təşkil edən sektorlara cəlb edək. Xarici investisiyalar daha
çox neft-qaz sektoruna qoyulur. Bu da təbiidir.
Nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə
də olacaqdır.
Ancaq çalışmalıyıq ki,
xarici investisiyaları
sənaye inkişafının
artırılmasına, kənd
təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək”.
Prezident
nəqliyyat sektorunun inkişafından söz açaraq yaxın günlərdə Heydər
Əliyev Beynəlxalq
Aeroportunun yeni aerovağzal kompleksinin istifadəyə veriləcəyini
deyib: “Bu, dünya miqyasında ən gözəl aerovağzal komplekslərinin arasında
olacaq, həm xarici görünüşü,
həm daxili rahatlığı çox
gözəldir, ən
yüksək standartlara
cavab verir. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı
beynəlxalq tədbirlər
artıq adi hal alıb, əlbəttə, bu aeroportun ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaq”.
Dövlət başçısı paytaxtda
aparılan yenidənqurma
və abadlıq işləri, yeni bulvar və istirahət məkanlarının
yaradılması barədə
də danışıb. Bildirilib
ki, dəniz limanının şəhərin
mərkəzindən köçürülməsi
bu sahədə yeni imkanlar açacaq:
“Limandan Zığ istiqamətinə yeni bulvar - Ağ şəhər bulvarı
salınır. Onun indiki
uzunluğu təqribən
2 kilometrdən bir qədər çoxdur.
Orada yeni ictimai zonalar
yaradılır. Səkkizzolaqlı sahil avtomobil yolu, gözəl bulvar tikilir. Birinci mərhələni yay aylarında artıq istifadəyə verməliyik”.
Prezident
Bakı ərazisində
çirkab suları, tullantılarla dolu göllərin təmizlənməsi
ilə bağlı proqramın da icrasına başlandığını
və bu ərazilərdə yeni bulvar və istirahət guşələrinin
salınacağını diqqətə
çatdırıb: “Bu göllər
şəhərin içində
bir ekoloji fəlakətdir. Bu məsələ ilə bağlı artıq bütün göstərişlər
verilib, vəsait ayrılacaqdır. Bu çirkab su hövzələrini biz təmiz
göllərə çevirəcəyik.
Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə
artıq müqavilələr
də bağlanıb.
Böyükşor gölünün ərazisi təxminən
min hektardır. Böyükşor gölünü biz hələlik
iki yerə bölürük. Bənd tikiləcək,
bu bənd, eyni zamanda, avtomobil
yolu olacaq. Birinci mərhələdə gölün
Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir.
O sahənin ərazisi
300 hektardır. Orada təmiz,
şəffaf su olacaq, gölün ətrafında gözəl
bulvar tikiləcək.
istirahət zonaları olacaqdır. İkinci mərhələdə isə
gölün qalan böyük hissəsi də təmizlənəcəkdir.
Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq
zonası yaradacağıq.
Düzdür, burada görüləsi işlər
çoxdur, doqquz göldən söhbət
gedir, - ancaq çalışmalıyıq ki,
növbəti 5, ya 6 il ərzində
yerinə yetirək”.
Prezident gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlığın həlledici
mərhələyə qədəm qoyduğunu
bildirib: “Bütün
işlər cədvəl üzrə gedir.
Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika
Arenası, Atıcılıq Mərkəzi tikilir,
digər obyektlərdə təmir işləri
aparılır, yollar çəkilir. Bu Oyunları biz elə
keçirəcəyik ki, bu,
gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü
dünyaya yenidən müasir,
dinamik inkişaf edən,
güclü dövlət kimi
təqdim edəcəkdir”.
Mədəniyyət.- 2014.- 16
aprel.- S. 2.