Tanınmış bəstəkar, təcrübəli pedaqoq, nəcib insan

 

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, təcrübəli pedaqoq, gözəl və nəcib insan Ədviyyə Rəhmətovanın yaradıcılığı musiqi ictimaiyyəti tərəfindən xüsusi rəğbətlə qarşılanır. Onun əsərləri özünəməxsus musiqi dili ilə xalq mahnılarımızdan və muğamlarımızdan bəhrələnən intonasiyalarla daima musiqisevərlərin diqqətini cəlb edir.

Baharın ilıq nəfəsinin duyulduğu bu günlərdə həyatının kamillik dövrünə qədəm qoyan bəstəkarın 70 yaşı tamam oldu. 1944-cü il martın 30-da Bakıda dünyaya göz açan Ədviyyə Rəhmətovanın ailəsində musiqi sənətinə xüsusi maraq var idi. Atası Murad Məmmədtağızadə ixtisasca geoloq olmasına baxmayaraq, tarda çalmağı çox sevər, tibb işçisi olan anası isə məlahətli səslə xalq mahnılarını və muğamları ifa edərdi. Ailədəki bu gözəl mühit, sözsüz ki, onun musiqiyə meyl etməsinə təsir göstərmiş və gələcəkdə peşəkar bəstəkar olmasına zəmin yaratmışdır.

İlk musiqi təhsilini Bakı şəhər 2 saylı uşaq musiqi məktəbinin fortepiano sinfində alan Ədviyyə Rəhmətova 1959-cu ildə Asəf Zeynallı adına Musiqi TexnikumununMusiqi nəzəriyyəsi” şöbəsinə daxil olur. Burada təhsil aldığı illərdə bəstəkarlığa böyük həvəs göstərir. Çox sevdiyi və pərəstiş etdiyi görkəmli bəstəkar Tofiq Quliyevin könülləri fəth edən gözəl mahnıları onu bu sahəyə ruhlandırır və o, piano üçün ilk prelüdlərini yazır. Bu prelüdlər müəllimlərinin də diqqətini cəlb edir və onların məsləhəti ilə Midhəd Əhmədovdan kompozisiya üzrə dərslər almağa başlayır.

1963-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsinə (professor Cövdət Hacıyevin sinfi) daxil olur. Konservatoriyada oxuduğu illərdə görkəmli bəstəkarlardan dərslər alaraq bu sənətin sirlərinə yiyələnir. Klassik Avropa musiqi nümunələri ilə, görkəmli Azərbaycan və rus bəstəkarlarının əsərləri ilə tanış olur. Tələbəlik illərində müxtəlif musiqi janrlarında qələmini sınayır, piano üçün prelüdlər, fuqalar, sonatina, simli kvartet, “Nizami” kantatası, xalq çalğı alətləri orkestri üçün pyeslər, mahnı və romanslar yazır.

Ədviyyə Rəhmətova 1970-ci ildə ixtisas müəllimi, görkəmli bəstəkar, professor Cövdət Hacıyevin tövsiyəsi ilə yazdığı “Tar ilə xalq çalğı alətləri orkestri üçün konserti diplom işi kimi təqdim edir. Diplom müdafiəsində əsərin solo (tar) partiyasını onun həyat yoldaşı Əvəz Rəhmətov (uzun illər A.Zeynallı adına Musiqi Texnikumunun direktoru olub) ifa etmişdi.

Müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar müxtəlif janrlara müraciət edərək özünəməxsus musiqi dili ilə seçilən maraqlı əsərlər yaratmışdır. O, tar ilə xalq çalğı alətləri orkestri, kamança ilə kamera orkestri, soprano ilə kamera orkestri üçün konsertlər, kamançaqanun ilə simfonik orkestr üçün ikili konsert, simfoniya, “Şahsevənlər ocağına səyahət”, “Dədə Qorqudsimfonik poemaları, simli kvartet, violonçelpiano üçünElegiya”, həmçinin xalq çalğı alətləri orkestri üçün bir sıra lirik rəqslərin, Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnı və romansların, kamera-instrumental əsərlərin müəllifidir.

1978-ci ildən Bəstəkarlar İttifaqının üzvü olan Ədviyyə xanımın əsərləri mütəmadi olaraq qurumun müxtəlif tədbirlərində müvəffəqiyyətlə ifa edilir. O, Bəstəkarlar İttifaqının vətənpərvərlik mövzusunda mahnı müsabiqələrində dəfələrlə iştirak etmiş, “İrəli hey, əsgər!” (1994) və “Enməyən bayraq” (1997) mahnılarına görə III mükafata, habelə Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş mahnı müsabiqəsində (2009) II mükafata layiq görülmüşdür.

Bəstəkarın yaradıcılığında əsasən instrumental konsert və mahnı janrlarında əsərlər üstünlük təşkil edir. Onun əsərlərinin emosional-obraz dairəsi insanın mənəvi aləmi, hiss və həyəcanı, düşüncələri və arzularının ifadəsindən ibarətdir. İnsanın mürəkkəb və ziddiyyətli daxili aləmini əks etdirən bu ideyalar lirik və ifadəli melodiyalarda öz təzahürünü tapır. Bəstəkarın özünəməxsus milli intonasiyaları ilə qəlbləri oxşayan oxunaqlı və yaddaqalan səmimi melodiyaları geniş dinləyici kütləsi tərəfindən rəğbətlə qarşılanır.

Mahnı janrına xüsusi məhəbbətlə yanaşan bəstəkar tanınmış şairlərdən Əlağa Kürçaylı, Bəxtiyar Vahabzadə, Tofiq Bayram, Nəriman Həsənzadə və başqalarının sözlərinə çoxlu mahnı və romanslar yazmışdır. Onun mahnıları Şövkət Ələkbərova, Elmira Rəhimova, Flora Kərimova və digər tanınmış sənətkarlar tərəfindən ifa edilmişdir.

Bəstəkarın yaradıcılığına xas olan cəhətlərdən birionun milli musiqi alətlərinə xüsusi marağıdır. O, xalq çalğı alətləri üçün böyük və xırda həcmli müxtəlif əsərlər yazmışdır. Tarkamança konsertləri respublikanın aparıcı musiqi kollektivlərinin və görkəmli ifaçıların repertuarında xüsusi yer tutur. Bu əsərlər musiqi təhsili ocaqlarının tədris proqramına daxil edilir.

Ədviyyə Rəhmətovanın tanınmış kamança ustası Ədalət Vəzirovun xatirəsinə həsr olunmuş kamança ilə kamera orkestri üçün 1 saylı konserti alətin virtuoz ifa xüsusiyyətlərini nümayiş etdirən maraqlı əsərlərdəndir. İlk dəfə 2002-ci ildə Bəstəkarlar İttifaqının plenumunda Dövlət Filarmoniyasının kameraorqan musiqisi zalında Q.Qarayev adına Dövlət Kamera Orkestri tərəfindən ifa edilən (bədii rəhbər və baş dirijor - Xalq artisti T.Göyçayev, solist - A.Səlimova) bu əsər 2003-cü ildə Ə.Rəhmətovanın təşəbbüsü ilə təşkil olunmuş xatirə gecəsində də səslənmişdir.

Sənətkarın parlaq və ifadəli melodiya vasitəsilə vokal səsinin ifadə xüsusiyyətlərini əks etdirən soprano ilə kamera orkestri üçün konserti ilk dəfə 2007-ci ildə Bəstəkarlar İttifaqının VIII qurultayında Dövlət Kamera Orkestri (solist - beynəlxalq müsabiqələr laureatı F.Məmmədova) tərəfindən ifa edilmiş və musiqisevərlər tərəfindən maraqla qarşılanmışdır.

Bəstəkarın xüsusi maraq doğuran əsərlərindən birikamançaqanun ilə simfonik orkestr üçün ikili konsertdir. Bu əsərdə müəllif ilk dəfə olaraq iki milli musiqi alətinin - kamançaqanunun solo imkanlarını qabarıq şəkildə ifadə edərək simfonik orkestrin müşayiəti ilə ikili konsert janrında təqdim etmişdir. Əsərin II hissəsi “Azəri naxışları” adı ilə ilk dəfə 2012-ci ildə Bəstəkarlar İttifaqının IX qurultayının Bakı Musiqi Akademiyasının böyük zalında keçirilmiş yekun konsertində Azərbaycan Televiziyası və Radiosu Niyazi adına Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor - Əməkdar incəsənət xadimi A.Əliyev, solistlər: M.Əsədullayeva - kamança, R.İlyasov - qanun) ifasında böyük müvəffəqiyyətlə səslənmişdir.

Konservatoriyada təhsil aldığı illərdən başlayaraq Ədviyyə xanım paralel olaraq A.Zeynallı adına Musiqi Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onun pedaqoji stajı yarıməsrlik bir dövrü əhatə edir. O, təqaüdə çıxana qədər (2013) Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin fortepiano şöbəsində nəzəriyyə fənnindən dərs demişdir. Dərin biliyə və zəngin təcrübəyə malik olan bəstəkar-pedaqoq gənc musiqiçilərə hər bir fənni sevdirməyə çalışmışdır. Sevimli müəllimi Cövdət Hacıyevin pedaqoji prinsiplərinə həmişə sadiq qalan bəstəkar öz tələbələrinə qarşı son dərəcə diqqətli və tələbkar olmuş, eyni zamanda qayğıkeş insan kimi onlarla səmimi ünsiyyət qurmuşdur. Yüksək nəcib insani keyfiyyətləri ilə həmişə tələbələrinin və həmkarlarının, habelə onu tanıyan hər bir kəsin məhəbbətini qazanmışdır.

Bu gün yaradıcılığının ən məhsuldar çağını yaşayan Ədviyyə Rəhmətova daha böyük şövqlə çalışır. Hazırda respublikanın görkəmli kamança ifaçısı, Xalq artisti Şəfiqə Eyvazovaya həsr etdiyi kamança ilə kamera orkestri üçün 2 saylı konsert üzərində işləyir. Bu yubiley ilində bəstəkara yaradıcılıq fəaliyyətində uğurlar diləyir, möhkəm cansağlığı, uzun ömür və yazıb-yaratmaq eşqi arzulayırıq.

 

Sevda Hüseynova,

 

musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 10.