Xalq yazıçısının yubileyinə həsr olunmuş tədbir

 

Xalq yazıçısı Çingiz Abdullayevin anadan olmasının 55 illiyi münasibətilə S.Ə.Şirvani adına Şirvan şəhər Mərkəzi kitabxanasında tədbir keçirildi.

Tədbirdə kitabxananın Xidmət şöbəsinin müdiri Alma Cəfərova çıxış edərək dünya şöhrətli yazıçının yaradıcılıq yolu haqqında danışdı. Qeyd olundu ki, milli ədəbiyyatımızın görkəmli nümayəndəsi olan Çingiz Abdullayev 1983-cü ildən ədəbi-bədii yaradıcılıqla məşğul olur. Onun detektiv janrda yazdığı əsərləri 20-dən çox ölkədə xarici dillərə tərcümə olunaraq böyük tirajla nəşr edilib.

Uşaq şöbəsinin baş kitabxanaçısı M.Zərbəliyev, İREX-in inzibatçısı G.Məmmədova və başqa çıxış edənlər də Çingiz Abdullayevin yaradıcılığından söz açdılar. Bildirildi ki, “Mavi mələklər” romanı ilə Azərbaycanda detektiv ədəbiyyatının əsasını qoyan yazıçı bu janrın ustası kimi dünya şöhrəti qazanıb. Yazıçının “İnsan ovu”, “Qanın üç rəngi”, “Əfsanə hüququ” və s. romanları çağdaş siyasi detektiv janrının zirvələridir.

Qeyd olundu ki, Çingiz Abdullayevin ədəbi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ölkə Prezidentinin sərəncamı ilə 2005-ci ildə onaXalq yazıçısı” fəxri adı verilib, 2009-cu ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Tədbirdə iştirak edən 9, 16, 21 saylı orta məktəbin müəllim və şagirdləri Çingiz Abdullayevin 55 illiyi münasibətilə kitabjurnallardan hazırlanmış sərgi ilə tanış oldular.

 

K.İsayeva

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 12.