Tarixi-mədəni irsin tədqiqi, qorunması və istifadəsi

 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş konfrans

 

Aprelin 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Tarixi və mədəni irsin tədqiqi, qorunması və istifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Təhsil ocağının Azərbaycan Memarlar İttifaqı ilə birgə təşkil etdiyi konfrans 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub. AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək bu əlamətdar gün və konfransın əhəmiyyəti barədə danışıb.

Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə ümummilli lider Heydər Əliyev ölkəyə başçılıq etdiyi dövrdən başlayaraq xalqımızın tarixi-mədəni irsinə qayğı artıb. Bu illərdən başlayaraq tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və istifadəsi sahəsində böyük işlər görülüb. Bir çox arxeoloji abidələr tədqiq olunub, onların gələcək nəsillərə çatdırılması üçün konservasiya işləri aparılıb, qiymətli tapıntılar elmi ədəbiyyatda öz əksini tapıb.

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova, Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə iştirakçıları Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təbrik edib, tarixi və mədəni irsin tədqiqi və qorunmasına diqqətin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Sonra “Qaracəmirli arxeoloji abidəsinin tədqiqi”, “Göytəpə Arxeoloji Parkının araşdırılması və gələcək istifadəsi”, “Orta əsr Şəmkir şəhərinin tədqiqi və konservasiyası”, “Şəki və Zaqatala regionunun memarlıq irsinin qorunması problemləri”, “Azərbərpa” elmi-tədqiqat layihə institutunun memarlıq və arxeoloji irsin bərpası və qorunması üzrə layihə işləri”, “Orta əsr Ağsu şəhərinin arxeoloji abidələrinin tədqiqi, qorunması və istifadəsi”, “Abşeron qoruqları” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 12.