“Zamanla
üz-üzə” III müasir musiqi layihəsi davam edir
"Zamanla üz-üzə" layihəsi ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007/2008-ci ilin konsert mövsümündə keçirilib.
Layihə çərçivəsində bir çox XX əsr klassiklərinin əsərlərindən ibarət konsertlər təşkil olunmuşdu. Uğurlu keçən bu layihə 2010/2011-ci il konsert mövsümündə davam etdirilib.
2013-cü ilin dekabrında başlanan "Zamanla üz-üzə” III müasir musiqi layihəsi bu ənənənin davamıdır. Budəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini ehtiva edir. Buraya müasir əsərlərlə bərabər, XX əsr klassikasının inciləri də daxildir. Mart ayında Arnold Şönberqin “İntizar” ("Erwartung") monodramı təqdim olunub.
Aprelin 23-də Gənc Tamaşaçılar Teatrının səhnəsində “Zamanla üz-üzə” III müasir musiqi layihəsi üzrə növbəti əsər - “Zamanın qaçışı” (“La fuga del tempo”) təqdim olunacaq. Tenor və instrumental ansambl üçün yazılmış və doqquz hissədən ibarət olan kamera operası holland bəstəkarı Elmer Şönberger tərəfindən 2011-ci ildə italyan yazıçı-dramaturqu Dino Buzattinin məşhur "Tatar çölü" ("Il deserto dei Tartari") romanının motivləri əsasında yazılıb. Əsərin ilk ifası 2012-ci ilin yanvarında Hollandiyada olub.
Tamaşada solist Marsel Bekman (Hollandiya), dirijor Fuad İbrahimov (Azərbaycan), rejissor Elmer Şönberger, rəssam/video işi üzrə Violette Baudet (Hollandiya), mətnin tərcüməçisi Elmir Mirzəyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər ansamblı məşğuldur.
May ayında layihə
üzrə XX əsr klassikasından İqor
Stravinskinin “Əsgərin tarixçəsi”
əsəri səhnələşdiriləcək. Müasir rus bəstəkarlıq məktəbinin ən
parlaq nümayəndələrindən olan Vladimir Tarnopolski
tərəfindən 2006-cı ildə qələmə
alınmış "Kölgənin o biri üzü" ("Jenseits der Schatten")
kamera operası isə alman
rejissoru Robert Veksler tərəfindən hazırlanacaq.
Layihənin bədii rəhbəri professor
Fərəc Qarayev, baş
dirijoru Xalq artisti Rauf Abdullayevdir.
Mədəniyyət.- 2014.- 23
aprel.- S. 2.