Mədəni irsin tədqiqi və səmərəli idarə edilməsi sahəsində əməkdaşlıq

 

UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Azərbaycan Milli Komitəsi yaradılır

 

Aprelin 18-də «Park İnn» hotelində UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS - İnternational Council on Monuments and Sites) Azərbaycan Milli Komitəsinin təsis olunması üzrə təşəbbüs toplantısı və «Azərbaycan və İCOMOS: mədəni irsin tədqiqi və səmərəli idarə edilməsi sahəsində əməkdaşlıq» mövzusunda konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev diqqətə çatdırdı ki, İCOMOS-un təklifi və UNESCO baş konfransının tövsiyəsi əsasında 1983-cü ildən etibarən 18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd mədəni irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir: “Azərbaycan dövləti və cəmiyyəti tarixi-mədəni irsin qorunmasına diqqətlə yanaşır. Bunun nəticəsidir ki, əksər mədəni irs nümunələrimiz artıq dünyada tanınır. Bu gün biz dünya mədəni irs siyahısına daxil olan İçərişəhərimizlə fəxr edirik. Eyni sözləri digər qədim tarixi məkanımız olan Qobustan haqqında da söyləyə bilərəm. 2012-ci ildə Avropanın ən uğurlu 5 muzey layihəsi kimi qəbul olunan Qobustan tarixi-bədii qoruğunun muzeyi dünyada Azərbaycan milli irsinin gözəl bir nümunəsi kimi tanınır. Qoruqların fəaliyyətində təkmilləşməyə, onların təqdimat formasına xüsusi əhəmiyyət verilir. Ölkə başçısının sərəncamı ilə Azərbaycanda son vaxtlar bir neçə yeni tarixi irs məkanı qoruq elan olunub ki, bu, onların fəaliyyətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsinə imkan yaradıb. Bu sırada Atəşgah, Yanardağ, Qazaxdakı Keşikçidağs. qoruqları qeyd etmək olar. Cənab Prezidentin sərəncamı ilə Azərbaycanın mədəniyyət obyektlərinin, tarixi yerlərinin, qoruqlarının fəaliyyətinə dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı təsdiq olunub. Bu proqram çərçivəsində çox böyük tədbirlər həyata keçirilməlidir”.

Nazir qeyd etdi ki, bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çox böyük rolu var. Ölkəmizin müxtəlif regionlarında, eləcə də dünyada mədəni irsin qorunmasında Heydər Əliyev Fondu tərəfindən diqqətəlayiq işlər görülür: “Bu gün Azərbaycan nəinki öz mədəni irsi, tarixi abidələri haqqında düşünür, eyni zamanda özünü dünya ailəsinin bir üzvü hesab edərək, bütün bəşəriyyətin mədəni irsinə hörmətlə yanaşır”.

 

Beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir

 

Abidələrin qorunması və bərpası sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində mühüm addımların atıldığını deyən nazir Azərbaycanla İCOMOS arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğuladı: “Son iki ildə İCOMOS-un rəhbərliyi ilə görüşlər keçirilib, ölkəmizdə bu işin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bunun nəticəsidir ki, İCOMOS Azərbaycan Milli Komitəsinin təsis edilməsi üzrə təşəbbüs toplantısının keçirilməsinə nail olduq. Azərbaycan dövləti bu cür təşəbbüslərə daim dəstək verir. Bizim üçün qeyri-hökumət təşkilatları, müxtəlif qurumlarla da əlaqələrin gücləndirilməsi böyük önəm daşıyır».

 

İCOMOS 100-dən çox milli komitəni birləşdirir

 

Sonra İCOMOS-un təqdimatı ilə bağlı qısa videoçarx nümayiş etdirildi. Bildirildi ki, UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan, 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 minə yaxın fərdi üzvü özündə birləşdirən qurum memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır. 1964-cü ildə Venesiyada keçirilən Memarların və İrs Mütəxəssislərinin 2-ci Beynəlxalq Konqresində İCOMOS-un yaradılması haqqında təşəbbüs irəli sürülübqurum 1965-ci ildə təsis edilib. Qurumun əsas məqsədi dünyada mədəni irs abidələrinin bərpası və konservasiyası işlərinin elmi əsaslarını təkmilləşdirməkdir.

Təqdimatdan sonra İCOMOS-un prezidenti Qustavo Araoz çıxış edərək bildirdi ki, rəhbərlik etdiyi qurum memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Onun sözlərinə görə, bunun da başlıca səbəblərindən biri Azərbaycanda dövlət səviyyəsində bu məsələyə yüksək qayğı və diqqətin göstərilməsidir.

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev çıxışında qeyd etdi ki, son illər ölkəmizdə tarixi abidələrin qorunub saxlanması və bərpası sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Bütün bunlar ölkə rəhbərliyinin milli-mədəni irsə göstərdiyi qayğının nəticəsində mümkün olur. İçərişəhər ərazisində yerləşən abidələrin qorunmasında beynəlxalq təcrübəyə böyük diqqət yetirilir.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirdi ki, tarixi abidələrin qorunması hər bir xalqın əsas vəzifələrindən biridir. Azərbaycan tarixi abidələrlə zəngin olduğuna görə İCOMOS kimi nüfuzlu bir təşkilatın Azərbaycan Milli Komitəsinin təsisi üzrə təşəbbüs konfransının keçirilməsi təqdirəlayiq haldır. Azərbaycan Memarlar İttifaqı da bu komitənin fəaliyyətinə lazımi köməklik göstərəcək.

«Romualdo del Bianko» Fondunun prezidenti Paolo del BiankoİCOMOS-un baş katibi Kirsti Kovanen də çıxışlarında Azərbaycanın milli-mədəni irsin qorunması, tarixi abidələrin bərpası və mühafizəsi istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırdılar.

İclasın ikinci hissəsi «İCOMOS Azərbaycan Milli Komitəsinin təsis təşəbbüsü və qarşıda duran vəzifələr: gənc alimlərin İCOMOS çərçivəsində fəaliyyəti», «İCOMOS-un fəaliyyəti haqqında praktik biliklər», «İCOMOS Beynəlxalq Elmi Komitələri çərçivəsində fəaliyyət», «UNESCO-nun Dünya İrs Siyahısına yeni abidələrin daxil edilməsində İCOMOS-un rolu» və «İCOMOS Azərbaycan Milli Komitəsinin QHT qismində fəaliyyətinin gələcək perspektivləri» mövzularında ekspertlərin çıxışları ilə davam etdirildi.

Sonda beynəlxalq ekspertlər tərəfindən tədbir iştirakçılarının sualları cavablandırıldı.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 23 aprel.- S. 3.