Xalq yazıçıları ilə görüş
Akademik Milli Dram Teatrında Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbə heyətinin görüşü keçirilib.
Görüşdə kollecin kollektivi ilə yanaşı, Milli Məclisin deputatları, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
Kollecin direktoru, professor Nurlanə Əliyeva əvvəlcə təhsil ocağının tarixindən söz açıb, burada çalışmış görkəmli maarifpərvər ziyalıları xatırlayıb. Anar yaradıcılığının tədqiqatçılarından olan Nurlanə Əliyeva yazıçının keçdiyi ədəbi yol haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edilib ki, geniş oxucu auditoriyası qazanan yazıçı əsərləri və həyatdan gələn qəhrəmanları ilə insanları düşündürür, onları mənən zənginləşdirir.
Sonra kollecin tələbələri yazıçının əsərləri əsasında hazırladıqları kompozisiyaları təqdim ediblər. “Ötən ilin son gecəsi”, “Şəhərin yay günləri” əsərlərindən səhnəciklər maraqla qarşılanıb. “İki dəniz” hekayəsinin yüksək zövqlə təqdimatı isə tamaşaçıları ədibin mənəvi dünyasının zənginliyinə qovuşdurub.
Kollecin müəllimi Şəfiqə Həsənovanın Anarın sözlərinə bəstələdiyi “Taksi, gəncliyimə apararsanmı?” mahnısı ilk dəfə bu görüşdə səsləndirilib.
Bütövlükdə görüşü görkəmli yazıçının yaradıcılığı haqqında mükəmməl təqdimat da hesab etmək olar. Sonda elə yazıçı özü də görüşdən çox təsirləndiyini dilə gətirib. Yazıçıya Dövlət Pedaqoji Kollecinin kollektivi adından hədiyyə təqdim olunub.
* * *
Aprelin 22-də Azərbaycan Milli Kitabxanasında Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev ilə oxucuların görüşü keçirilib.
Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov dünya şöhrətli yazıçının yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, ədibin əsərləri bir çox xalqların dillərində - MDB məkanında, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsrail və digər ölkələrdə nəşr olunub.
Oxuculara məlumat verilib ki, Çingiz Abdullayev dünyada ən çox oxunan müəlliflərdəndir və onun əsərləri əsasında filmlər, teleseriallar çəkilib. Xalq yazıçısı 160-dək roman və povestin, 50-dək ssenarinin, hekayənin, çoxsaylı publisistik məqalələrin müəllifidir. Əsərləri 30-dək dildə 27 milyon nüsxədən çox tirajla çap edilib. Ədibin 2013-cü ildə rus dilində ən çox kitabı satıldığına görə, onun adı “Ginnesin rekordlar kitabı”na düşüb.
Tədbirdə iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin yazıçını anadan olmasının 55 illiyi münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Görüşdə yubilyara Belarus Yazıçılar Birliyinin fəxri medalı təqdim edilib.
Çıxış edənlər Çingiz Abdullayevin həyat və yaradıcılıq yollarından, çoxsaylı əsərlərinin bədii xüsusiyyətlərindən, yazıçının əldə etdiyi uğurlardan danışıblar.
Canlı ünsiyyət şəraitində
keçən görüşdə Çingiz
Abdullayev həyatda ən çox
gənclər üçün
yazdığını bildirib, gənclərə
doğruluq, vətənpərvərlik, həqiqətpərəstlik
aşılamağa çalışdığını
söyləyib. Yazıçı sualları
cavablandırıb, oxuculara avtoqraflar verib. Sonda xatirə şəkilləri çəkdirilib.
Mədəniyyət.- 2014.- 23
aprel.- S. 4.