Üç qardaşdan böyüyü
Zülfüqar Hacıbəyovun 130 illik yubileyi qeyd olundu
Aprelin 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri muzeyin direktoru, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Azərbaycan opera sənətinin, musiqili teatrın təşəkkülü və inkişafında Hacıbəylilər nəslinin müstəsna xidmətləri olduğunu bildirdi. Qeyd olundu ki, Üzeyir bəyin böyük qardaşı Zülfüqar Hacıbəyov bu istiqamətdə böyük fədakarlıqlar göstərib.
Muzeyin baş elmi işçisi Sevinc Quliyeva görkəmli bəstəkarın həyat və yaradıcılığından danışdı. Qeyd olundu ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında Üzeyir Hacıbəyli, Müslüm Maqomayev kimi böyük sənətkarlarla bir sırada Zülfüqar Hacıbəyovun xüsusi yeri var. O, 1884-cü ildə Şuşada dünyaya göz açıb. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Gələcək sənət yolunun müəyyənləşməsində bu mədəni ab-havanın böyük təsiri olub.
XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Z.Hacıbəyovun “Aşıq Qərib” operası (1915) o vaxt ictimai-mədəni həyatda böyük marağa səbəb olub. Əsər xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirmək baxımından mühüm əhəmiyyətə malik idi. Onun “50 yaşında cavan” (1910), “Varlı” (1911), “Evliykən subay” (1916) musiqili komediyaları bu gün də sənət dünyamızın bəzəyidir.
Bəstəkar mahnı yaradıcılığında da uğurlar qazanır, ötən əsrin 20-30-cu illərində bu janrda yazılan ilk milli nümunələr arasında onun “Kəndçi qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” və digər mahnıları da populyar idi. 1935-ci ildə “Almaz” filminə musiqi bəstələyir. Bu ərəfədə yazdığı “Kölə qadınların rəqsi” adlı simfonik əsəri də ona şöhrət gətirir. Bəstəkarın daha iki əsəri - “Nüşabə” və “Üç aşiq” operası isə tamamlanmamış qalıb.
Z.Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə 1943-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan sənətkar 1950-ci ildə dünyasını dəyişib. Tədbirdə çıxış edən professor Telman Ağdamski, Əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov və başqaları musiqimizin inkişafında Zülfüqar Hacıbəyovun misilsiz xidmətlərindən və yüksək insani keyfiyyətlərindən söhbət açdılar, xatirələrini bölüşdülər.
Savalan
Mədəniyyət.- 2014.- 23
aprel.- S. 6.