Uzun ömrün
sənət yolu
Xalq artisti Ağahüseyn Cavadov anadan olmasının 120 illiyində yad edildi
Aprelin 18-də Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr edilən tədbir keçirildi.
Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq unudulmaz aktyorun sənət yolundan bəhs etdi: “İnsanı özündən sonra yaşadacaq bir izi olmalıdır. Xalq artisti, görkəmli teatr və kino aktyoru Ağahüseyn Cavadov sənət aləmində bundan sonra uzun illər yaşayacaq iz qoyub. O, həyatda ciddi, həm də çox gülərüz və maraqlı bir sənətkar idi. Uzun illər sənətdə çalışmasına baxmayaraq, cəmi on filmdə çəkilib. Əksəriyyəti də epizodik rollarda. Ancaq buna baxmayaraq o, xalqın qəlbindədir”.
Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə görkəmli aktyorun Azərbaycan kino və teatr tarixində xidmətlərindən danışdı. Bildirdi ki, Ağahüseyn Cavadov 1894-cü ildə Bakıda anadan olub. Sənətə gəldiyi vaxtdan (1919) işinə məsuliyyətlə yanaşıb. Aktyor peşəsinə dərin məhəbbəti kino fəaliyyətində öz əksini tapıb. O, “Bəxtiyar”, “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Əhməd haradadır?”, “Sehrli xalat”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək” və digər Azərbaycan filmlərində yaddaqalan obrazlar yaradıb. Böyük aktyor satirik rollar oynayarkən qroteskdən həssaslıqla bəhrələnib. 1955-ci ildə çəkilən “Bəxtiyar” və “Görüş” kinokomediyalarında yaratdığı obrazlar buna ən yaxşı nümunədir.
“Şərikli çörək” bədii filmində aktyor ciddi bir rola çəkilib. Onun yaratdığı İsmayıl baba uzun ömür yaşamış və böyük həyat təcrübəsi olan ağsaqqaldır. Müharibənin mübtəla etdiyi insanların dərdinə də bir ağsaqqal kimi yanaşır, onları səbirlə dinləyir və məsləhətlərini əsirgəmir.
Böyük sənətkar Ağahüseyn Cavadov zəngin bir ömür yaşayıb, 1981-ci ildə 87 yaşında dünyasını dəyişib.
S.Fərəcov
Mədəniyyət.- 2014.- 23
aprel.- S. 6.