Məktəblilərin şəhər turu

 

Aprelin 19-da Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və YAP rayon təşkilatı tərəfindən məktəblilər üçün “Şəhər turukeçirildi.

City Sightseeing Worldwide” şirkətinin təşkil etdiyi ekskursiya Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuşdu. Ekskursiyanın təşkilində məqsəd məktəblilərin tarixi-mədəni irsə, milli və ümumbəşəri dəyərlərə sevgi ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova “Şəhər turunun iştirakçıları haqqında məlumat verdi. Bildirdi ki, rayondakı 32 orta ümumtəhsil məktəbinin il ərzində keçirilən müsabiqələrdə, yarışlarda fərqlənmiş şagirdləri bu tədbirdə iştirak edir: “Biz tez-tez belə ekskursiyalar təşkil edirik. Bu dəfə çalışdıq ki, daha çox Binəqədi rayonunun şəhər mərkəzinə uzaq olan yaşayış məntəqələrindən - 28 May, Xocahəsən, Binəqədi kənd, Biləcəri qəsəbələrindən şagirdləri ekskursiyaya cəlb edək”.

Gəzinti zamanı məktəblilərə Bakının görməli yerləri - Azadlıq meydanı, Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız qalası, “Four Seasonshoteli, Filarmoniya bağı, Alov qüllələri, Dağüstü park haqqında ətraflı məlumat verildi. Bir saat yarım davam edən turda şagirdlər eyni zamanda Bəhram Gurun heykəli, Dövlət Bayrağı Meydanı, “Panoramaattraksionu, Azneft meydanı, Abdulla Şaiq adına Dövlət Kukla Teatrı, Muzey Mərkəzi, “Yeddi gözəl” fəvvarəsi haqqında məlumat əldə etdilər. Ekskursiyada 60 məktəbli iştirak edirdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 23 aprel.- S. 9.