Azərbaycan vətəndaş cəmiyyətinin uğuru

 

Aprelin 22-də “Park İnn” hotelində Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) BMT-nin İqtisadi-Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsi ilə əlaqədar tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, xarici diplomatlar, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirdi.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxış edərək bildirdi ki, BAMF-ın BMT-nin İqtisadiSosial Şurasında yüksək status alması Azərbaycanın vətəndaş cəmiyyəti tarixində, ümumiyyətlə, ictimai-siyasi həyatda mühüm hadisədir: “Azərbaycandan QHT-nin BMT-də etimad qazanması sevindirici faktdır. Statistikaya görə, dünyada 10 milyon, o cümlədən beynəlxalq səviyyədə fəaliyyət göstərən 40 mindən çox QHT var. Onlardan yalnız 147-si BMT-nin bu statusunu qazanıb. Qürur duyuruq ki, BAMF 148-ci oldu. Bu münasibətlə BAMF-ın sədri Umud Rəhimoğlunu ürəkdən təbrik edirik. Postsovet məkanında indiyədək yalnız Rusiya QHT-ləri bu statusa malik olub. İkinci ölkə Azərbaycan oldu. Bu, doğrudan da, Azərbaycan vətəndaş cəmiyyətinin qələbəsidir. Bu uğurun qazanılmasında dövlətin, Azərbaycan Prezidentinin QHT-lərə göstərdiyi dəstəyin də mühüm rolu olub. Bu dəstək artıq nəticələrini verir və Azərbaycan QHT-ləri beynəlxalq aləmdə yer tutur”.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk bildirdi ki, BAMF-ın belə yüksək status qazanması Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına əlverişli mühit yaradacaq. İnanırıq ki, qurum bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verəcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlibu hadisəni Azərbaycan vətəndaş cəmiyyətinin böyük uğuru kimi səciyyələndirdi. BAMF-ın BMT-də yüksək status əldə etməsi həm də beynəlxalq təşkilatla necə əməkdaşlıq etməyin nümunəsini göstərir.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov qeyd etdi ki, hər bir vətəndaş cəmiyyəti təşkilatının nüfuz qazanmasının iki xüsusiyyəti var. Biri, QHT-nin ölkə daxilində əldə etdiyi uğurlar, həyata keçirdiyi layihələr, ikincisi, QHT-nin beynəlxalq təşkilatlarda təmsil olunma məsələsidir. Bu baxımdan, BAMF hər iki sahədə öz fəaliyyətini quranuğur qazanan QHT-dir.

Sonda çıxış edən BAMF-ın rəhbəri Umud Rəhimoğlu qeyd etdi ki, təşkilat fəaliyyətə başladığı gündən BMT agentlikləri, beynəlxalq qurumlarla əməkdaşlığa həmişə can atıb: Bu status bizə əhəmiyyəti beynəlxalq layihələrdə iştirak etmək, ölkəmiz haqqında daha geniş informasiyaları yaymaq, BMT-nin gündəliyinə ölkəmizlə bağlı məsələləri salmaqbu məsələlərlə bağlı müəyyən tədbirlərin keçirilməsinə nail olmaq imkanı verir”.

Tədbirin sonunda Beynəlxalq Avrasiya Mətbuat Fonduna Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mükafatı təqdim olundu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 23 aprel.- S. 11.