Məşhur “Qorxaq” və böyük istedad
SSRİ Xalq artisti
Georgi Vitsin möcüzəli istedada malik insan idi. Onun həyatı
da, sənət yolu da kəşməkəşli
olub.
1917-ci il aprelin
23-də Sankt-Peterburqda dünyaya
göz açmışdı.
Sonra ailələri Moskvaya köçmüşdü. Atası I Dünya müharibəsindən
əlil qayıtmışdı,
evi dolandırmaq İttifaqlar Evinin sütunlu zalında biletsatan işləyən
anasının üzərinə
düşmüşdü. Uşaqlıqda tez-tez anasının iş yerinə gedən Georginin teatra həvəsi yaranır. Məktəbdə dram dərnəyinə yazılır. Vitsin səhnə
istedadı ilə yanaşı, gözəl
rəqs etməyi də bacarır. Yaxınları ona baletlə
məşğul olmağı
məsləhət görsələr
də, o, teatrı seçir. Məktəbi bitirəndən sonra
“Malı Teatr”ın nəzdindəki teatr sənəti məktəbinə
qəbul olunur. Lakin dərslərə vaxtlı-vaxtında
getmədiyindən onu
məktəbdən xaric
edirlər. Sonrakı
il üç
teatr studiyasına sənədlərini verir və hər üçünə də
qəbul olunur. Vaxtanqov adına
teatr studiyasını
seçir və bir il orada
oxuduqdan sonra
1936-cı ildə Nikolay
Xmelyovun teatr studiyasına qəbul olunur, aktyor kimi fəaliyyətə başlayır. Oynadığı bir-birindən maraqlı
rollarla tezliklə şöhrətlənir.
Bir çoxları
tamaşalara məhz ona görə bilet alırdı, lakin heç kəsin ağlına gəlməzdi ki, teatra bu qədər
bağlı olan Vitsin nə vaxtsa teatrdan ayrılıb kinoda çəkilməyə başlayacaq. Onun kinoda
debütü 1950-ci ildə
olur. Əvvəlcə, kiçik rollarda,
sonra baş rollarda çəkilir.
“Ehtiyat oyunçu”
filmində Vasya Vesnuşkin rolu ilə məşhurlaşır.
1960-cı ildə Leonid Qaydayla
tanış olur və beləliklə,
məşhur üçlük
- “Çoxbilmiş” (Yevgeni
Morqunov), “Qorxaq” (Georgi Vitsin) və “Səfeh” (Yuri Nikulin) yaranır. “Köpək Barbos və qeyri-adi qaçış”dan sonra bir-birinin ardınca “I əməliyyatı və
Şurikin başqa macəraları”, “Qafqaz əsiri”, “Yeddi qoca və bir
qız” və s. filmlərə çəkilir.
O, müxtəlif rolların
öhdəsindən o qədər
məharətlə gəlir
ki, əlli yaşında da iyirmi beş
yaşlı oğlanın
rolunu oynayır. 1971-ci ildə isə
“Uğur centlmenləri”
filmində Qavrila Şeremetyev roluna çəkilir. Bu film komediya janrında olsa da, Vitsinin
rolu ciddi idi.
Georgi Vitsin
100-dən çox filmə
çəkilib. Tamaşalarda, filmlərdə yaratdığı
rollarla yanaşı, bir çox cizgi filmlərinin (“Pişiyin evi”, “Şaxta baba və boz canavar”,
“Düyməcik” və
s.) səsləndirilməsində də iştirak edib. Ömrünün son illərində o, filmlərə çəkilməyib,
şou-proqramlarda iştirak
edib.
Georgi Vitsinin şəxsi həyatına
gəldikdə, iki dəfə ailəli olub. Birinci həyat yoldaşı
aktrisa Nadejda Topoleva olub, onlar bir müddətdən
sonra ayrılıblar.
Lakin Nadejda xəstə olanda Vitsin həmişə
ona dərman və ərzaq alıb aparırdı.
Aktyor ikinci dəfə isə məşhur alim İvan Miçurinin qohumu Tamara Fyodrovna ilə ailə həyatı qurur və onların
Nataşa adında bir qızları var. Rəssamlıqla məşğuldur.
Həyat
yoldaşının dediyinə
görə, Georgi heyvanları çox sevib, quşlara, itlərə, pişiklərə
həmişə yemək
verib. Evində də iki tutuquşu və iti olub. Çox vaxt “sərxoş” rolları oynasa da, həyatda içki içməyib, yoqa ilə məşğul
olub. Amma həkimlər deyir
ki, yaşlaşanda yoqa ilə məşğul
olmağı səhhətinə
pis təsir edib. Çoxlarımızın
sevimli aktyoru Georgi Vitsin 2001-ci il oktyabrın
22-də 84 yaşında vəfat
edib.
Səbinə
Əlibalaqızı
Mədəniyyət.- 2014.- 23
aprel.- S. 11.