İfa poeziyası...
Səhnələrin
ali səs, hərəki-feli nəfəs
dramaturgiyası idi - Həsən
Əbluc...
Başdan-başa poetik, dramatik, estetik sənət adamı. Öz sənətkar “mən”inin
ilkinci, özgə mətnlərinin ikinci müəllifi. Sözün özünü
dil-ağzıyla, havasını
nəfəsi, məna-məram
“dava”sını qaş-gözüylə
çatdıran. “Nə
gözəlsən, ay gözəl,
Sən gözəlsən,
- Ay gözəl?!” kimi
misraları dəmyə
könüllərdə belə
bitdirən, “Dərd alıb, qəm satıb nəf eyləmişəm” kimi poetik fəlsəfələri
daha baha çatdıran...
Cənubumuzun paytaxtında doğulmuş
Həsən büsbütün
elə o qədim şəhrə - Təbrizə
bənzəyirdi. İstedad dolu canında-qanında,
oturuş-duruşunda, yeriş-yürüşündə
o özəl-qəzəl şəhəri
də gəzdirirdi.
Bir üzü Güney, bir üzü Quzey kimiydi. Bunları birləşdirib Bütöv
Azərbaycan eləmişdi.
Sənət-səhnə fəaliyyətində
hər gözəllikdən
bir nişanə əks olunan Həsən Əblucda bir “qəmu-sonuc” hiss edilirdi: doğma yurd həsrəti. O, Vətəninin bu tayında çox istəklərinə yetsə
də, uzun illər yurd-yuva vüsalıyla yaşadı.
Bir vaxt - hələ 20-25 yaşlarında
Filarmoniya səhnəsində
Bəxtiyar Vahabzadədən
söylədiyi:
Yarım o tayda qaldı,
Yarım bu tayda qaldı,
Toyum burda çalındı,
Yarım o tayda qaldı.
- misralarını 45-50-sində
də ekranda elə qiraət etdi ki, deyərdin
bəs, vay-vay, bu “qərib” kəs hələ də subay... Haçansa qiraətləyəndə
ki; “Ey dəvə
yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, Salamat qal, salamat”, - deyərdin bəs, bu sənət “bəy”inin məşuqəsi
təbiətdi, bütün
güllər-çiçəklərsə
zürriyyət...
Televiziya çəkilişlərində mən hərdən onu “Koroğlu”dakı dəlilərə, xüsusən
də adaşına -
Dəli Həsənə
bənzədərdim. Onlar qılınc
dəliləri, bu isə söz. O çənlibelçi xalqçılar
düşməndən bac almaqçün necə çalışıb-çarpışırmışlarsa,
bu əslən təbrizli irfançı
da - sənətdən
öc almaqçün
eləcə düşünüb-daşınırdı...
Füzuli dəlisi idi Həsən Əbluc. Bəxtiyardan
söyləyəndə “ulu
dağlar”a bənzəyərdi,
Məmməd Arazdan hayqıranda “göy kişnər, bulud ağlar”dı, ayrılıqdan,
qəriblikdən hoylayanda
“çeşməli-sulu dağlar”a oxşayardı, “Arazbarı”sayaq sızlayıb-bozlayardı.
Şair misralarının, el qoşularının
ikinci müəllifi təsiri bağışlayardı
- məclis-mərəkələrdə, efir-ekranlarda. Yır-yığıncaqlarda “surətxəyal” olardı, məcmu nəfəs surətini, məlum qəfəs obrazını xatırladardı.
Haraya - hansı səviyyə dairəsinə düşərdisə,
özünü oraya uyğun topar-taparlayardı.
O sayaq ilahi səs sahibi Azərbaycan teleradiosunun pilləkənlərini elə
səssiz, elə təvazökar təhər-tövrlə
qalxıb-enərdi ki,
sanasan, bu dünyanın göydə
quşuna, yerdə bəşər-qoşununa borcu
var...
Bəli,
borc... Canı qədər sevdiyi xalqına, “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” kimi
misralardakı vətəndaşlara
olan ziyalı borcu...
Bu “borclu”nun ana Vətəndən umduğu,
cəmi-camaatın beş-onundan
küsdüyü məqamlar
da olurdu. Belə hallarda
isə “haqq-hesab”ı
şəxsi planda yox, sənət “büdcəsində” “çürüdürdü”.
Məsələn, ötən dəfələrdə
yalnız şair xitabı kimi səsləndirdiyi “İti
bazarında atından
baha, Mən belə dünyanın nəyindən küsüm”
misralarına bu səfər özünəməxsus
qaş-göz, qırım-durum
“ədəva”ları da
qatırdı. Amma:
Mən güneyli oldum,
arzum quzeyli,
Ona çatammadım - çalışdım
xeyli,
Bəxtiyar, bəxtindən oldun
gileyli,
Bu da sənin üçün xoş bəhanədi -
kimi bəndləri yalnız qiraət əlçatmazlığında təqdim edir, bu qəbil iri,
milli-mənəvi külçələri
gəldi-gedər həyat-qeybət
xırdaçılıqlarında xırdalamazdı.
Onun adını
göstərən titrlərdən,
subtitrlərdən də
poeziya dalğalanırdı,
tamaşaçıya təkrarsız
poeziya, qançəkər,
şirin-şəkər şeriyyət
vəd edilirdi. İndi
xatırladacağım axarı
misraları - elə bu misralardakı isim-sifətlər qədər
gözəlcə, qəşəngcə
söylərdi Həsən
Əbluc: “...Sənət
səmasında süzür
Füzuli, Sənət
göylərindən öz
qələmiylə - Al-əlvan
çiçəklər üzür
Füzuli...”
Misralar gözəl,
ifa özəl olanda - dinləyici dillənməz, tamaşaçı
göz qırpmaz. Belə
“qarşılıqlı anlaşma
şəraitində” də
ki, riyazi inteqrallar da poeziyalaşar! Yəni, əgər Həsən Əbluc tamaşaçını
bundan öncəki “sadə” ilə “dilə tutub” cəzb etməsəydi, növbəti “mürəkkəb”i:
- “Ey mələksima, səndən özgə hamı heyrandır sana, Həqq bilir, insan söyləməz
- hər kəs ki insandır, sana”nı ona necə həzm etdirə bilərdi?..
Budur, ekran açılır, sehrli şüşənin
o üzündən mehrli
Səs-Səda saçılır:
Ala gözlüm,
səndən ayrı düşəli,
Hicranın qızıyla
kef eyləmişəm.
Günüm ahnan-vaynan keçib
dünyada -
Dərd alıb, qəm
satıb nəf eyləmişəm!..
Dədə Ələsgərin bu
mənəvi əntiq,
poetik daş-qaş “alver”indəki “nəf”ində
Həsən Əbluc elə bir ifa-“investisiya əməliyyatı”
aparır ki, külli-zövqlər milyonerləşir.
Hələ onun xatirəsinin isti çağlarıdır;
yüzlərlə anıb-andıranı,
xatırlayıb-yananı var. Kimlərinsə ürəyindən
əvəzsiz itki ağrısı kimi, kimlərinsə gözləri
qarşısından kino
lenti kimi keçir. Birinciyə sözüm yox,
ikincinin isə müxtəsərcə bir
izaha ehtiyacı var; onun neçə-neçə
kinolentlərdə yaşadığına
işarət edirəm.
Abbas Mirzə Şərifzadə
haqda çəkilmiş
qısametrajlı sənədli
filmdə onun səsi əsas qəhrəmanlardan biri kimi canlanır. Onun səsinin və özünün yer aldığı “Dəli Kür”ü, “Dantenin yubileyi”ni, “Babək”, “Ən vacib müsahibə”, “Tənha narın nağılı”, “Uşaqlığın
son gecəsi”, “Yaşamaq
gözəldir, qardaşım!”,
“İstintaq”, “Qanlı
zəmi”, “Sən niyə susursan?” və onlarla digər filmləri xatırlayın. Bu xatırlama
“əməliyyat”ında hay-küysevər, vurçatlasınxoşlar
tamaşaçılarçün bir qədər çətinlik yaranacağına
rəğmən deyim
ki, Həsən Əbluc bütün kompleksi ilə lirika idi; təbiətin
tufansız-küləksiz təsir
qüvvəsi, bədii
sükut diqtəsi, əsərlərin, yazı-pozuların
üç nöqtəsi
kimi...
...Bu qənaətimdə bir qaranlıq varsa, məsələni gün kimi aydınlaşdıran,
ən yaddaqalan “Qatarda” televiziya tamaşasına xəyalən
səyahət edin. O tamaşada aləmi bir-birinə qatan Dadaşovla abrına qısılan “müəllim”i
müqayisə edin. Kupenin bir oturacağında fırtınalı dramatizm
(Yaşar Nuri), digərində psixo-müalicəvi
lirizm (Həsən Əbluc). Bu əsərin
müəllifi və tamaşa rejissorunun məqsəd-mizanı öz
yerində, Həsən
Əblucun əlavə-əlahiddə
yön-fon elementləri
isə ayrıca bir fenomenal-teatral faktura...
Onun dublyaj səsi də özgə bir aləm! Əcnəbi filmlərdəki
yad-yad, uzaq-uzaq adamların lad-lad danışıq
tərzlərini bizimçün
necə də yaxınlaşdırır - bu
antena-atlant adam!
Bu an tez-tez işlətdiyimiz
bir sözü lap təzə kimi qəbul edin: həyat davam edir. Yəni yeni-yeni aktyorlar,
qiraətçilər gəlir
səhnələrimizə, ekranlarımıza - bir çox ustadların tərzi-hərəkət, diksiya
qatqarları ilə.
Amma razısızmı
ki, ən çoxunda Həsən Əbluc nəfəsi var. Axı, o həm də dam-daşsız auditoriyalardan - səhnə
və efir-ekrandan əlavə, ordinar təhsil ocağında - bir vaxt Politexnik
İnstitutunu son kursdan
buraxıb, qəbul olunduğu universitetdə
(ADMİU) müəllim idi.
Onun özü universitetdə müəllim idi, səs-nəfəs aləmi
isə bütöv bir universitet! O, misraları elə vəsli-vüsal söylərdi
ki, sanasan, həm də ustad dərsi keçir. O, deyəndə
ki:
Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bugünümdən dünənimə uzaqlaşan
ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla
sən,
Səs ver mənim səsimə sən! -
- elə bilərdin,
ulu babalarımız onun bu heyrətamiz
Səsinə mütləq
səs verəcək...
...Yuxarıda dedim o, büsbütün anadan olduğu Təbrizə bənzəyirdi. Əlavə
edim ki, o yaşayıb-yaradıb dünyasını
dəyişdiyi Bakıya
da, can dəftərində
yaşatdığı böyük
Turana da az oxşamırdı.
Görəsən, o, “22 aprel 1942 - Təbriz,
13 mart 1994 - Bakı” kimi
xronoloji “misraları” necə söyləyərdi?..
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 23
aprel.- S. 12.