Əməli Turan - özü bir dövran

 

 Əli bəy Hüseynzadə - 150

 

Türk xalqlarının özünü tanımasında Əli bəy Hüseynzadənin müstəsna xidmətləri var

 

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan ədəbi-mədəni mühitinə Avropa təfəkkür tərzi ilə nəzər yetirən o qədər də çox ziyalı, ədib yox idi. Daha çox ədəbiyyat və mətbuat sahəsində fəaliyyət göstərən, yaxud da mətbuatla bu və ya digər səviyyədə əlaqəsi olan bəzi şəxsiyyətlər yenilikçi, nüfuzedici fikirlərinə görə fərqlənirdi. Belə şəxsiyyətlər içərisində Azərbaycanda və türk dünyasında milli ictimai fikrin öndərlərindən biri, böyük ideoloq, yazıçı, şair, tədqiqatçı, tərcüməçi, jurnalist, müəllim, rəssam, həkim, görkəmli mütəfəkkir, əməli Turan, özü bir dövran olan Əli bəy Hüseynzadənin (1864-1940) xüsusi yeri var.

 

Turan xofu

 

“Dilinin ucundakı həqiqəti” qələminin ucuyla mükəmməl səviyyədə dünyaya bəyan edən bu görkəmli şəxsiyyət ideya-estetik görüşlərinin tutarı, sanbalı ilə türk xalqlarının taleyi və gələcək inkişafının əsas istiqamətlərini çox dəqiqliklə ifadə etməklə “mənəvi ata” mərtəbəsinə yüksəlmişdir. Çarizmin müstəmləkəçilik siyasətinə qarşı türk-islam birliyi ideyasını gündəmə gətirən, onu vahid ideologiyaya çevirən bu böyük türkçü ömrünün sonuna qədər əqidəsinə sadiq qalmışdır.

Əli bəy Hüseynzadənin aldığı mükəmməl təhsil, gəzib-gördüyü Avropadan əxz etdiyi qabaqcıl dəyərlər və bununla yanaşı, türk xalqlarının tarixi, taleyi ilə bağlı aydın təsəvvürləri 70 illik sovet dövründə velikorus qafalı ideoloqları ona münasibətdə maksimum ehtiyatlı olmağa vadar etmişdir. Sovetlər dövründə aparılan tədqiqatlarda, yazılan dərsliklərdə məhz Əli bəy Hüseynzadəyə görə Azərbaycan romantizmi “mütərəqqi” və “mürtəce” (?!) olmaqla iki yerə ayrılmış, o, ikinci istiqamətin banisi kimi xarakterizə olunmuşdur. Türk birliyi - Turan düşüncəsinin yaratdığı qorxu səbəbi ilə “pantürkist”, “panislamist”, “mücərrəd” Turançı” kimi hədəfə alınan böyük mütəfəkkir hələ çar zamanında imperializmin əsas düşməni elan edilmişdi. Mətbu və ədəbi mühitdə füyuzatçılarla mollanəsrəddinçilər arasında elə bir nifaq qondarılmışdı ki, bu “barışığa” nail olmaq üçün neçə onillər lazım olmuşdu. Hətta bu cəbhələr arasındakı “düşmənlik” haqqında “Molla Nəsrəddin”in dostu və düşmənləri” adlı monoqrafiya da yazılmışdı.

Məsələnin mahiyyəti bu qədər də sadə deyildi. Müstəmləkəçiləri narahat edən daha ciddi mətləblər var idi. Belə ki, hələ I Dünya müharibəsi gedişində Əli bəy Hüseynzadənin də daxil olduğu “Turan heyəti” çar Rusiyasının müstəmləkəsi altındakı türk-müsəlman qövmlərinin “siyasi haqlarını müdafiə etmək məqsədilə Avropa ölkələrində səfərdə olmuş”, rəhbər şəxslərlə görüşərək müzakirələr aparmışdı. Eyni zamanda Əli bəy Hüseynzadə 1916-cı ilin qışında Almaniyada əsir olan rusiyalı türklərdən ibarət taborlar təşkil etməyə çalışmışdı. Mütəfəkkir-ədibin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Azər Turan yazır ki, “Turan heyəti”nin Avropaya bu gözlənilməz və uğurlu səfərləri Rusiya Dövlət Dumasında ciddi müzakirələrə səbəb olmuşdu”.

O, türklərin dilinə, ədəbiyyatına, tarixinə mədəniyyətinə, ümumiyyətlə, düşüncə sisteminə Şərq-Qərb kontekstində yanaşaraq sanballı qənaətlər irəli sürürdü. Osmanlı dövlətində, çar Rusiyasında və Qafqazdakı şöhrəti, nüfuzu ona olan “qibtə hislərini gücləndirmiş”, ciddi rəqibə çevirmişdi. Ancaq Əli bəyin məfkurə və təbliğat maşını irəliləməkdə, əks-səda doğurmaqda idi...

 

Hürriyyət olarsa, məhəbbət də olar

 

Əli bəy Hüseynzadə “Füyuzat” dərgisinin 1906-cı il altıncı sayında dərc olunmuş “Nicat məhəbbətdədir!” məqaləsində “ədalət-hürriyyət-məhəbbət” üçlüyünü bəşəriyyətin xilası üçün prioritet hesab edirdi. Göstərirdi ki, ədalət olan yerdə bəşəriyyətin məsudluğu da mümkündür: “Ədl olursa hürriyyət də olur, hürriyyət olursa məhəbbət və məvəddət (sevgi) də olur. Həzrəti-İsanın da, həzrəti-Məhəmmədin də şər (şəriət) və qanunları bu həqiqətə müncərdir...” (bağlıdır). Görkəmli ədəbiyyatşünas-tənqidçi, AMEA-nın müxbir üzvü Yaşar Qarayev bu məqalənin ideya istiqaməti, konkret hədəfləri haqqında yazırdı: “Bu, (“Nicat məhəbbətdədir!” tendensiyası - F.Y.) Əli bəyin qənaətidir, həm təbiətdə, həm də cəmiyyətdə zorakı qəsdi inkar edən müasir humanitar təlimlərlə də onu birləşdirir. Həyatı idealsız, absurd, mənəvi, əxlaqi dəyər və sərvətdən məhrum xaos, yerüstü iblis səltənəti sayan bəzi qaranlıq, işıqsız modern Qərb fəlsəfələrindən Əli bəyi aparıb Şərqlə, klassik Şərq ontoloji dəyərləri ilə birləşdirən körpü də bu nöqtədə idi!..

1892-ci ildə qələmə aldığı “Turan” şeirində müəllif dinindən, məzhəbindən, məkanından asılı olmayaraq, hər bir türkü birliyə çağırır, bunun üçün heç bir maneənin olmadığını bildirirdi:

 

...Əcdadımızın müştərəkən mənşəi Turan.

Bir dindəyiz biz, həpimiz haqpərəstan

Mümkünmü ayırsın bizi İncil ilə Quran?..

 

Türkün böyük həqiqəti

 

Müəllifi olduğu məşhur triada - türkləşmək, islamlaşmaq və müasirləşmək ideyasının konturları daxilində türk xalqlarının inkişaf strategiyasını dəqiq müəyyənləşdirən Əli bəy Hüseynzadə ilk növbədə onların ictimai-siyasi fikir tarixinə özünüdərk problemini gətirirdi.

Əli bəy bu xüsusda yazırdı ki, insanların tarixi faciələrin məngənəsində qalmaması üçün elm adamlarının, qələm əhlinin üzərində böyük məsuliyyət var. “Həyat” qəzetinin 1906-cı il 127-ci sayında çap olunan “Ey qələm” adlı məqaləsində yazırdı: “Sevgili qələmim, sənin də üləmaların vəzifələri kimi böyük-böyük vəzifələrin var. Sən də gərək o fazili-möhtərəmin adını səhayifi-tarixdə hörmətlə yad edəsən. Millətimizi, üləmamızı dəvət edəsən, onlar sənin dəvətinə qulaq verməzsə, fəryad edəsən, ah-nalə edəsən, bəlkə bu dərd-qəmlərimizə əlac ola. Yoxsa sən də, biz də məhv olub gedəriz”.

Müəllif bu ali vəzifəni dərk edə-edə türk xalqlarının taleyi məsələsində daha çox qələm əhlini qınayırdı. 1905-ci ildə “Həyat” qəzetinin 8 sayında işıq üzü görən “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı türklüyün manifesti hesab olunan məqaləsində təəssüflə bildirirdi ki, soydaşlarımız türklüklə fəxr etdikləri halda bu xalqlar haqqında yetərli bilgilərə malik deyillər. Buna görə də görkəmli ədib ilk olaraq “türk” məfhumuna aydınlıq gətirilməsini vacib hesab edərək yazırdı: “Türklərin kim olduqlarını və kimlərdən ibarət bulunduqlarını, nərədən nəşət etdiklərini, neçə şöbəyə ayrıldıqlarını, bu gün nərədə sakin olduqlarını və nə namlar təhtində yaşadıqlarını göstərməliyik. İçimizdə özbəklərin, qırğızların, başqırdların türk olduqlarını bilməyənlər də var!”. Vurğulayırdı ki, bu xalqların böyük həqiqətini anlamaq üçün türk dünyasının görkəmli dövlət xadimlərinə, dahi mütəfəkkirlərinə əcnəbilərin nəzəri ilə baxmaq, onların verdiyi qiymətlə razılaşmaq obyektivlikdən uzaqlaşmaq deməkdir.

 

Türk dili tərəqqi və mədəniyyət dilidir

 

Əli bəy Hüseynzadə hesab edirdi ki, türk xalqlarının inkişafına, birliyinə gedən yol məhz maarifçilikdən keçir. Təsadüfi deyil ki, “Həyat” qəzetinin birinci sayında dərc olunan “Qəzetimizin məsləki” məqaləsində vurğulayırdı ki, “qəzetimizin əsl vəzifəsi, borcu millətimizi qələmlə müdafiə və bu yolda mücahidədir” (cihaddır). Davam edirdi ki, “Həyat” miləlül-islamiyyəyə və ələlxüsus türk qövmünə dair məlumat və onların nə olmuş olduqlarına və nə olacaqlarına bacardıqca diqqət edib bu yolda türklərin əhvali-siyasiyyə və tarixiyyə və ədəbiyyələrinə dair nəşriyyata qeyrət edəcəkdir”.

Görkəmli fikir adamının düşüncəsinə görə, elmin, maarifin bütöv kütlənin beynində intişar tapması üçün “millətin öz ana dili məlum və maarif təhsilinə alət olsun. Millət öz dilinin qədrini bilsin və onun tərəqqi və təkamülünə çalışsın”. “Qəzetəmizin məsləki haqqında bir neçə söz”, “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Türk dilini öyrənməyin fəvaidi”, “Yenə dil müşkülatı” və digər məqalələrində türk dilinin (kəlməsinin) etimologiyası, ifadə xüsusiyyətləri, şaxələri haqqında professional tədqiqatçı bacarığı ilə yüksək elmi əhəmiyyətə malik tezislər irəli sürürdü. Əli bəy Şərq dilləri sırasında türk dilinin mövqeyini belə müəyyənləşdirirdi: “Ərəb dili din və məzhəb dili oldu. Fars dili şeir və ədəb dili oldu. Türk dili isə dövri-cədid üçün tərəqqi və mədəniyyət dili olur”.

Mütəfəkkir ədib cəhaləti xalqların birinci bəlası hesab edir, inkişafı əngəlləyən böyük maneə sayırdı. Çünki özünü tanımayanların milli kimlik haqqında düşünmələri absurd idi. Əli bəy “Hali-vətən” şeirində cahilliyin xalqa vurduğu zərbəni belə ifadə edirdi:

 

Bilirmisin cahillər nə etdilər vatana?

Nə qoydular uyusun, nə qoydular oyana.

 

Şeirin növbəti bəndində belə bir sual da verirdi ki, “Böylə durmaq uyuşuq, rəvamı bir diriyə?!” Əlbəttə, rəva deyil! Türkiyəli şair Məhməd Əmin Yurdaqulun yazdığı kimi “Türk övladı evdə durmaz, gedərəm!” - irəliyə, birliyə, inkişafa, parlaq gələcəyə doğru!

Əli bəy Hüseynzadənin vətən sevgisi, yurda bağlılığı, milli fikir yükü bütün türk qövmlərinin tarixi, dili, taleyi, qəhrəmanlığı, sevinci, nisgili kimi rəngarəng anlayışları, gerçəklikləri yaşatmağa, dünya ədəbi-ictimai fikrinə tanıtmağa böyük təkan vermişdir. Tanınmış fransız şərqşünası Lüsyen Büva “Bütün müsəlman Şərqi Məhəmməd ağa Şahtaxtlıya minnətdar olmalıdır” deyirdisə, fikrimizcə, bütün türk qövmləri də özünü tanımasında məhz Əli bəy Hüseynzadəyə borcludur.

 

“Eşqin duyulur dalğalanan bayrağımızdan”

 

Vaxtilə mərhum şair, ədəbiyyatşünas Rəfiq Zəka Xəndan Əli bəy Hüseynzadəyə həsr etdiyi “Unudulmuş dahi” şeirində qürurla

 

Eşqin duyulur dalğalanan bayrağımızdan,

Alqış sənə türk ülgülü türk növrağımızdan

 

- deyərək, əsəri bu misralarla bitirirdi:

 

...Bərrak əməlin türklər üçün sönməz ocaqdır,

Bir gün gələcək ki, səni hər türk duyacaqdır.

Heyhat, unutmuşsa da dövran səni, Ustad,

Bir gün basacaq bağrına Turan səni, Ustad!..

 

Ey sevimli şairimiz! “Ey türkçü könüldaşlarımın öndəri Ustad”! Hər ikinizin ruhu rahat olsun, artıq o gün yetişib! Böyük Əli bəyin ideya müəllifi olduğu milli qürur qaynağımız - üçrəngli bayrağımız başımızın tacına çevrilib. Birliyi uğrunda hər an, hər yerdə mücadilə apardığı türk xalqları artıq bir-birini maneəsiz bağrına basır, səsinə səs verir!

 

Fariz Yunisli

 

Mədəniyyət.- 2014.- 23 aprel.- S. 13.