Ölkənin turizm məkanı kimi
tanınması üçün
davamlı iş görülməlidir
“Sahənin
inkişafı üçün dövlət
səviyyəsində qərarların qəbulu, siyasi iradənin olması daha
önəmlidir və bunu Azərbaycanda görürük”
Xəbər verdiyimiz kimi, 3-4 aprel tarixində Bakıda Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" mövzusunda seminarı keçirildi. “Avropa” hotelində baş tutan tədbirə DTT-nin baş katibi Taleb Rifai, 31 ölkənin nümayəndələri, ekspertlər qatılmışdı. Fürsətdən istifadə edib Dünya Turizm Təşkilatının rəhbərindən qısa müsahibə aldıq.
- Cənab baş katib, öncə tədbir və müzakirə olunan mövzular barədə fikirlərinizi eşitmək istərdik...
- Dünya Turizm Təşkilatı Avropa Komissiyasının növbəti iclasında Avropada turizmin gələcəyi ilə bağlı məsələləri müzakirə etdik. Bütün iştirakçılar öz ölkələrinin turizmi, gələn il üçün qarşıda duran vəzifələr, yeni ideya və layihələr barədə məlumat verdi, ölkələrin turizm imkanları barədə qısa videoçarxlar nümayiş olundu. Eyni zamanda hər bir yeni ideya və layihənin müsbət və mənfi tərəfləri araşdırıldı. Bu baxımdan iclas olduqca səmərəli keçdi.
"Səmərəli turizm klasterlərinin inkişafı" mövzusunda seminarda isə bu sahə üzrə ekspertlərin məruzələri dinlənildi. Bu dinləmələrin keçirilməsində əsas məqsəd turizmdə qruplaşmanın aparılmasının əhəmiyyətini vurğulamaq, bunun ümumilikdə ölkə turizminin inkişafına müsbət təsirlərini diqqətə çatdırmaq idi. Seminarda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizmi ilə bağlı dəyərli mülahizələrini bölüşdü, yeni turizm növlərinin inkişafından bəhs etdi.
- Bəs siz DTT-nin baş katibi kimi Azərbaycanın turizmlə bağlı gələcəyini necə görürsünüz?
- Öncə ondan başlayaq ki, Azərbaycan əsrarəngiz ölkədir və olduqca böyük turizm potensialına malikdir. Burada həm tarix, həm gözəl təbiət, həm də yüksək səviyyədə qonaqpərvərlik mədəniyyəti var. Ancaq bütün bunlardan da önəmli turizmin inkişafı ilə bağlı dövlət səviyyəsində siyasi iradənin olmasıdır. Mən hər dəfə Azərbaycana gələndə ölkə başçısı cənab İlham Əliyevlə görüşürəm. Və hər dəfə də bu görüşdən ayrılanda əmin oluram ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı aydın təsəvvür, səmimi istək, hazırlanmış proqram var. Müzakirələrimiz olduqca səmərəli keçir, bu istiqamətdə böyük işlər görüldüyünü müşahidə edirəm. İki il əvvəl Azərbaycana gələndə cənab Prezidentlə, eyni zamanda Əbülfəs Qarayevlə viza məsələsini müzakirə etmişdik. Artıq bu məsələ həllini tapıb, elektron viza rejiminə keçilib. Bir daha vurğulamaq istəyirəm ki, dövlət səviyyəsində qərarların qəbulu, siyasi iradənin olması turizmin real potensialından daha önəmlidir və bunu Azərbaycanda görürük.
- Qeyd etdiyiniz kimi, ölkəmizdə turizmlə bağlı böyük işlər görülür, beynəlxalq tədbirlərə ev sahibliyi edirik. Ancaq hələlik gözlədiyimiz səviyyədə turist axını müşahidə olunmur. Bunun üçün daha hansı tədbirlər görülməlidir?
- Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir, ancaq bir neçə kütləvi tədbirlə böyük turist axını gözləmək tezdir. Ölkənin turizm məkanı kimi tanınması üçün davamlı iş, zaman lazımdır. Önəmli olan bu və ya digər tədbirin özü deyil, onun yaratdığı təsirdir. Bu baxımdan görülən işi səmərəli hesab etmək olar, çünki dünyada Azərbaycanın imici müsbətdir, ölkə kimi siyasəti və məqsədləri aydındır. O ki qaldı daha çox turist cəlb etmək üçün görülməli olan yeni işlərə, bununla bağlı budəfəki səfərimizdə müəyyən müzakirələrimiz oldu. Hesab edirəm ki, Çin bazarına, inkişaf etməkdə olan ölkələrin turistlərinə daha çox üz tutmalısınız, hava nəqliyyatının əhatə dairəsi genişləndirilməli, eyni zamanda bu nəqliyyat vasitəsində qiymətlər aşağı salınmalıdır. Bunlar artıq mərhələli şəkildə həll olunmalıdır. Ümid edirəm və hətta müəyyən mənada əminəm ki, artıq növbəti görüşümüzdə bu məsələlər də həll olunacaq.
- Bir mühüm məsələyə də münasibətinizi bilmək istərdik. Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ problemi var, torpaqlarımızın bir hissəsi işğal altındadır. İşğalçı Ermənistan beynəlxalq turizm sərgilərində Dağlıq Qarabağı öz stendində təqdim etməyə çalışır. Bu, BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrinə ziddir...
- Öncə açıq şəkildə vurğulayım ki, beynəlxalq hüquq, BMT-nin müvafiq qətnamələri sizin ərazi bütövlüyünüzü, suverenliyinizi tanıyır, bu, birmənalıdır. O cümlədən Dünya Turizm Təşkilatı da daim bu mövqedən çıxış edir və şəxsən mən də eyni qənaətdəyəm. 57-ci iclasın gedişində Azərbaycan mədəniyyət və turizm nazirinin müavini də bu məsələni qaldırdı. Gürcüstan nümayəndə heyəti də eyni narahatlığını ifadə etdi. Biz də istəyirik ki, bu cür sərgilər təşkil olunarkən beynəlxalq hüquqa hörmətlə yanaşılsın. Ancaq çox təəssüf ki, bəzən müstəqil təşkilatçılar buna əməl etmirlər. Ancaq biz bacardığımız qədər bu cür halların qarşısını almağa çalışırıq.
Sadiq Musa
Mədəniyyət.- 2014.- 11
aprel.- S. 5.