Xalq teatrında müasir
repertuarın rolu
Seminarda xalq teatrlarının
problemlərindən söz
açıldı
Aprelin
11-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı
ilə “Müasir repertuarın xalq teatrında rolu” mövzusunda seminar keçirildi.
“Park İnn” hotelinin
“Nəsimi” zalında gerçəkləşən tədbirdə
xalq teatrlarının
bədii rəhbərləri
və rejissorları, incəsənət xadimləri
iştirak edirdi. Seminarın keçirilməsində
məqsəd regionlardakı
xalq teatrlarının
fəaliyyətlərinin müasir
tələblərə uyğun
qura bilməsi üçün bədii rəhbər və rejissorlara praktik kömək göstərməkdir.
Elmi-Metodiki Mərkəzin direktoru
Vilayət İsmayılov
tədbiri açaraq xalq teatrlarının inkişaf etdirilməsi, bu sahədə görülməli işlərdən
danışdı: “Xalq
teatrları dövrün
tələblərinə uyğun
və uzunmüddətli
repertuara sahib olmaqla öz peşəkarlıq
səviyyələrini artıra
bilərlər. Xalq teatrlarında
apardığımız araşdırmaların
nəticələri heç
də müsbət olmadı. Bir sıra problemlər
aşkarladıq ki, bu da onların
işinə çətinlik
törədir. Xalq teatrlarında
müsabiqələr keçirməyi,
həmçinin gələn
il bunu genişləndirib
festival da təşkil
etməyi düşünürük”.
Teatr Xadimləri İttifaqı
Yaradıcılıq şöbəsinin
müdiri Çingiz Ələsgərli xalq teatrlarında peşəkarlığın
artırılmasında düzgün
repertuar seçiminin vacibliyini qeyd etdi: “Sovet dövründə
bəzi xalq teatrları inkişaf edərək dövlət
teatrlarına çevrilirdi.
Xalq teatrlarının inkişafı
istiqamətində nə
isə etmək istəyiriksə, öncə
repertuarı doğru seçməliyik. Repertuarın davamlı olması ilə kollektivdə peşəkarlığın da
səviyyəsi yüksələcək”.
Xalq artisti İlham Namiq Kamal xalq
teatrlarının inkişafında
rayon və şəhərlərin
rəhbərliyinin köməyinə
ehtiyac duyulduğunu dedi: “İcra hakimiyyətlərində humanitar
sahəyə cavabdeh şəxslər xalq teatrlarına məhəbbətlə
yanaşmalıdır. Çünki mədəniyyətimizin inkişafında
bu sənət ocaqlarının böyük
rolu var. Düşünürəm
ki, teatrlarımız müasir əsərlərə
də yer verməlidirlər. Çünki insanlar tamaşalarda onların qarşılaşdığı
problemləri, hadisələri,
səhnədə özlərini
görmək istəyirlər.
Teatrlara gəncləri dəvət
etməyi də unutmamalıyıq, bu vasitə ilə teatrlara yeni nəfəs gələ bilər”.
Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə
“Xalq teatrlarının
inkişaf problemləri”
mövzusunda məruzə
ilə çıxış
etdi. Bildirdi ki, xalq teatrlarında çalışanların əksəriyyəti
bu sahədə təhsili olmayan həvəskar insanlar olsa da, onların
teatra böyük həvəsi və məhəbbəti var: “Teatrlarda klassik repertuardan daha çox istifadə olunmalıdır. Xalq teatrlarına
marağı artırmaq
üçün həmin
teatrda çalışanlara
müəyyən qədər
məvacib də ödənilməlidir. Çünki o zaman aktyorlarda işləməyə həvəs
olacaq. Maddi çətinlik üzündən
aktyorlar çox vaxt xalq teatrlarından
uzaqlaşırlar. Bu kollektivlərə maddi yardım olunarsa, biz inkişaf barədə danışa bilərik”.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi
Hafiz Quliyev xalq teatrlarının inkişafında
dünyanın bu sahədə irəlidə
olan ölkələrinin
praktikasından istifadə
etməyin vacibliyini diqqətə çatdırdı:
“Dünyanın əksər
ölkələrində xalq
teatrlarının inkişafı
sahəsində müxtəlif
tədbir həyata keçirilir. Bu sahədə
müasir yazıçıların
da xidmətlərindən
yararlanmaq lazımdır.
Həmin
yazıçılar teatrlarla
qarşılıqlı əlaqədə
işləməlidir. Xalq teatrları üçün
müasir tələblərə
cavab verən səhnələr qurulmalı,
maraqlı dram əsərləri
yazılmalıdır”.
Xalq artisti Tariyel Qasımov həvəskar insanların
teatrlara cəlb olunmasından danışdı. Bildirdi ki,
onların müxtəlif
truppalarda, dərnəklərdə
birləşdirilməsi ümumilikdə
teatrlarımızın inkişafını
təmin edə bilər.
Digər çıxış edənlər
də xalq teatrlarının inkişafı
üçün məktəblərdə
teatr dərnəklərinin
təşkil olunmasını,
yarışların və
festivalların keçirilməsi
ilə yanaşı, dövlət teatrları ilə qarşılıqlı
əlaqələrin qurulmasının
vacibliyini vurğuladılar.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 16
aprel.- S. 6.