Ürəkləri fəth edən bəstəkar

 

Ramiz Mirişli - 80

 

Dahi Üzeyir bəyin müdrik kəlamlarından biri düşür yadıma: “Bir musiqi əgər sənin öz xalqının xoşuna gəlirsə, demək, bütün xalqların xoşuna gələcək və beynəlmiləl bir əsər olacaq”. Belə bir fikirvar ki, musiqinin dili yoxdur. O, ən yaxşı ünsiyyət vasitəsidir. Gözəl, ürəyəyatımlı melodiya hər kəsin qəlbinə yol tapır. Musiqi ümumbəşəri sənət növüdür. Amma onu yazıb-yaradanların vətəni var. Hər musiqiçi öz vətənini əsərlərində tərənnüm edir. Bunu bacaranlar xalqın sevimlisinə çevrilirlər. Haqqında söhbət açacağımız Ramiz Mirişli belə sənətkarlardandır.

Az musiqisevər tapılar ki, onun bir mahnısını zümzümə etməsin. “Küsüb məndən”, “Səadət”, “Günəşi gözləyirik”, “Bayram axşamlarında”, “Naxçıvan”, “Ay qəlbi kövrək”, “Sevdalandım yaz gəlincə”, “Qızlar bulağı”, “Dalğalar”, “Səndən danışdı”, “Oxu, tar” - bu mahnıların sayı çoxdur. Sözsüz ki, kiçik bir yazıda onların hamısını sadalaya bilmərik. Amma bəstəkarın bir mahnısının da adını çəkəcəyik. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı: “Sənin vüqarın mənəm”. Doğrudan da Ramiz Mirişli Azərbaycanımızın vüqarlı sənətkarlarındandır. Mayası xalq musiqisi ilə yoğurulan istedad peşəkarlıqla qovuşanda sənətkar böyük zirvələr fəth edir. Ramiz Mirişlinin də yaradıcılığı milli köklərdən intişar tapıb.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Ramiz Mirişli qədim Naxçıvan torpağında anadan olub. O, müqəddəs bir ocağın övladıdır. Ulu öndər Heydər Əliyev Naxçıvana səfərlərinin birində bəstəkarın ata-baba ocağını ziyarət edərək “Bəlkə Ramizin də belə istedadlı bir bəstəkar olmasının mənbəyi bu müqəddəs ocaqdır” - demişdir.

Sənətə kamança aləti ilə qədəm qoyan Ramiz Mirişli ilk musiqi təhsilini Naxçıvanda alıb. Bu yerdə bəstəkarın söhbətlərimizin birində dediklərini diqqətə çatdırmaq istərdim: “Erkən yaşlarımdan musiqiyə böyük həvəsim vardı. Kamança alətini öyrənib ifa etdikcə sanki qəlbimdə gözəl hislər oyanır və musiqiyə daha da aludə olurdum. Hətta 12 yaşım olarkən toy şənliyində də çıxış etmişəm. Bibim qızının toyu idi. O vaxt Naxçıvanda kamança çalan az idi. Bir tarzən gəlib mənə dedi ki, get kamançanı gətir, birgə çıxış edək. Əvvəl tərəddüd etsəm də, sonra həmin tarzənlə çox həvəslə toyu şənləndirdik. Sonralar Bakıya gəlib Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə dərs alanda da kamançanı unutmadım. Yaxşı yadımdadır ki, A.Zeynallı adına Musiqi Məktəbində İslam Rzayevlə bir dövrdə oxumuşuq. Həm tələbə ikən, həm də sonrakı dövrlərdə İslamla toy-düyünlərdə olmuşuq. Bunu ona görə deyirəm ki, kamança mənə mənəvi dayaq olmaqla bərabər, həm də maddi rifahıma təkan verib. Xalq musiqisinə sevgimi kamança daha da artırıb, onun vasitəsilə muğamlarımıza bələd olmuşam. Kamançanı bu gün də həvəslə dilləndirirəm”.

Kamança ilə başlayan yaradıcılıq yolu bəlkə də bəstəkarlığın ilk mərhələsi idi. Musiqi Texnikumunda oxuyarkən ara-sıra mahnılar, fortepiano üçün pyeslər yazırdı. Məktəbi bitirib Naxçıvana qayıdır. Orada pedaqoji fəaliyyətə başlayır. Kamança ilə bərabər musiqi nəzəriyyəsi fənnini də tədris edir. Lakin içində baş qaldıran istedadı onu daha böyük bir yola çıxmağa sövq edirdi. Odur ki, yenidən Bakıya gələrək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) daxil olur. Unudulmaz sənətkarımız Cövdət Hacıyevin sinfində bəstəkarlıq texnikasının sirlərini öyrənir.

Konservatoriyada təhsil alarkən çox səmərəli yaradıcılıq fəaliyyəti göstərir. Fortepiano üçün prelüdlər, fortepiano triosu, kvartetlər, bir neçə mahnı və romansları tələbəlik illərinin bəhrəsidir. Diplom işi kimi simfonik poema yazır və bu əsər də müvəffəqiyyətlə qarşılanır. Sonralar Ramiz Mirişli simfonik orkestr üçün daha bir neçə simfonik poema yazır. Bəstəkarın 1985-ci ildə yazdığı tar ilə simfonik orkestr üçün üçhissəli “Konserti onun yaradıcılığında xüsusi mərhələ oldu.

Milli musiqiyə dərindən bələd olan bəstəkara belə bir sualımız var: “Musiqidə milliliyin təzahürü bu gün nə səviyyədədir və necə olmalıdır?”

Cavab: “Əvvəla, onu deyim ki, hər bir bəstəkar milli musiqidən öz düşüncəsi və bilgisi qədər istifadə edir. Yaxşı olardı ki, bəstəkar xalq musiqisini dərindən bilsin. Amma ondan istifadə qaydaları da birmənalı deyil. Məsələn, bir də görürsən ki, muğamı olduğu kimi istifadə edərək onu təzə əsər kimi təqdim edirlər. Əlbəttə ki, bu qətiyyən düzgün deyil. Nə də ki, sırf texnologiyaya əsaslanmaq düzgün deyil. Bəstəkar öz düşüncələrini milli musiqi intonasiyaları ilə üzvi şəkildə qovuşdurmağı bacarmalıdır. Musiqidə milliliyin təzahürü belə olmalıdır”.

Ramiz müəllimin əsərləri onun fikirlərinin bariz nümunəsidir. Bu əsərlər özündə müxtəlif janrları ehtiva edir. O, çoxlu sayda dram tamaşalarına və kinofilmlərə musiqi bəstələyib. Bu sırada “Alma almaya bənzər”, “Qəzəlxan” və başqa filmlərin, uşaqlar üçün “Tıq-tıq xanım” və digər cizgi filmlərini, beş musiqili komediyanın, eləcə də başqa janrlarda əsərlərin adını çəkə bilərik. Onların hər birində gözəl melodiya üstünlük təşkil edir.

Bəstəkarın yaradıcılığında qırmızı xətlə keçən bir janr da var ki, bu da mahnıdır. Qeyd etdiyimiz kimi, Ramiz Mirişli gözəl melodiyalardan yoğurulan, xalq musiqisi ruhunda professional mahnılar müəllifidir. Bu xüsusiyyət onun digər janrlarda yazdığı əsərlərə də sirayət edib. Məsələn, Mövlud Süleymanlının “Bəylik dərsi” əsərinin tamaşasına yazdığı musiqidə bəstəkar çoxlu sayda mahnı yaradıb. Bu mahnılar tamaşa çərçivəsindən çıxaraq müstəqil şəkildə də ifa oluna bilər.

Ramiz Mirişlinin mahnıları aktual mövzulardan bəhs edir. Vətənə, torpağa, anaya məhəbbət, əməyi tərənnüm edən nəğmələr və məhəbbət lirikası onun duyğularının musiqi dili ilə ifadəsidir. Bəstəkar öz mahnı və romanslarının da bədii mətnini çox düzgün seçmək bacarığına malikdir. Hüseyn Cavid, Mikayıl Müşfiq, İslam Səfərli, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Fikrət Qocabu kimi dəyərli söz sərraflarının şeirlərinə müraciət edir. Ramiz Mirişli öz musiqisi ilə o şeirlərə də sanki yeni bir həyat bəxş edib. O, şeirlər gözəl sənət nümunəsi olmaqla bərabər, bəstəkarın musiqisi ilə daha yaddaqalan və əbədiyaşar sənət əsərlərinə çevrilib.

Ramiz Mirişlinin yaradıcılığını kiçik məqalədə əhatə etmək, təbii ki, çətindir. Bəs görək, 80 yaşlı sənətkar özü haqqında nə deyir: “Siz, deyəndə bildim ki, 80 yaşım var. Hələ özümü bu yaşda hiss etmirəm, yazıb-yaratmaq eşqi ilə yaşayıram. Mənə “Ana laylası” adlı yeni bir tamaşaya musiqi yazmaq da təklif olunub. İndi bu istiqamətdə işə başlamalıyam”.

Əziz və hörmətli Ramiz müəllim, arzu edirik ki, həmişə ruhunuz və qəlbiniz cavan olsun. İlham pərisi Sizi tərk etməsin, yazıb-yaratmaq eşqiniz tükənməsin. Ürəkləri fəth edən əsərlərinizin, gözəl mahnılarınızın sayı daha da artsın. Çünki Xalq artisti, professor Ramiz Mirişlinin bir bəstəkar və pedaqoq kimi Azərbaycan musiqi mədəniyyəti tarixində öz yeri, öz dəst-xətti var. Növbəti yubileylərinizdə görüşənədək.

 

Səadət Təhmirazqızı,

 

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 7.