Sözün ruhunu qoruyub saxlayan şair
Vaqif Bəhmənlinin “Hamı” və
“İşartı” kitablarının imza günü keçirildi
Aprelin 11-də Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi “Təhsil” Nəşriyyat Evinin kitab mağazasında Əməkdar mədəniyyət işçisi, tanınmış şair, tərcüməçi Vaqif Bəhmənlinin “Hamı” və “İşartı” kitablarının imza günü keçirildi.
Tədbiri giriş sözü ilə açan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov kitabların insan həyatında rolundan, mənəviyyatın və mədəniyyətin formalaşmasına təsirindən danışdı. Oxucularla müəlliflərin belə görüşləri kitabın təbliği baxımından əhəmiyyəti vurğulandı: “Kitabın əvvəlki hörmətini, dəyərini özünə qaytarmaq üçün daima çalışmalıyıq. Mədəniyyətimizin, mənəviyyatımızın inkişafında, elmimizin yüksəlməsində kitabların əvəzsiz rolu var”.
Bəhruz Axundov şair Vaqif Bəhmənlinin əsərlərinin yüksək bədii zövqə, böyük ədəbi dəyərə malik olduğunu qeyd etdi, müəllifə yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı müstəqillik dövründə ölkəmizdə çox sayda bədii kitabların çap olunduğunu, onların artıq keyfiyyət baxımından xaricdə işıq üzü görən nəşrlərdən fərqlənmədiyini qeyd etdi: “Sovet imperiyası dağılanda çoxları fikirləşirdi ki, Bakıda böyük tikintiləri, yaşayış massivlərini kim inşa edəcək, genişmiqyaslı işləri kim görəcək, böyük sayda kitabları kim nəşr edəcək. Amma zaman göstərdi ki, müstəqil Azərbaycan hər şeyə qadirdir. İndi sovet dövrü mikrorayonlarından da gözəl göydələnlər ucaldırıq, milli məfkurəmizi təbliğ edən kitablar da nəşr etdirə bilirik. Bugünkü tədbir də buna əyani bir misaldır. Vaqif Bəhmənlinin yaradıcılığı ədəbiyyatımızda böyük hadisəyə çevrilib. O, həmişə gənc, sözün ruhunu qoruyub saxlayan şairdir”.
Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov çıxışlarında şairin yaradıcılığını yüksək qiymətləndirdilər, belə tədbirlərin ədəbiyyata, kitaba marağın artırılmasında rolundan danışdılar.
Vaqif Bəhmənli tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi. Yaradıcılıq uğurları qazanmasında Sabir Rüstəmxanlının adını xüsusilə vurğuladı: “Bugünkü tədbirdə mənim ilk qələm tutmağa başladığım vaxtlardan dostluq etdiyim insanları da görürəm. Bu məni həm sevindirir, həm də həyəcanlandırır. Burada böyükdən kiçiyə hamını özümə doğma sayıram”.
Vaqif Bəhmənli həmkarı Rəşad Məcidin yeni işıq üzü görmüş “Dəlicəsinə” kitabı haqqında da təəssüratlarını bölüşdü. “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz növbəsində bildirdi ki, müəlliflərin kitablarını öz imzası ilə oxuculara təqdim etməsi yaddaqalan hadisədir.
Sonda Vaqif Bəhmənli, Sabir Rüstəmxanlı və Rəşad Məcid kitablarını imzalayaraq oxuculara hədiyyə etdilər.
F.Hüseynov
Mədəniyyət.- 2014.- 16
aprel.- S. 8.