Respublika Uşaq
Kitabxanası Moldovada sərgi-yarmarkada iştirak edib
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova və biblioqrafiya şöbəsinin müdiri Sevil Əhmədova aprelin 3-dən 6-dək Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən uşaq və gənclər üçün beynəlxalq kitab sərgi-yarmarkasında iştirak ediblər.
Tədbir Moldovanın Uşaq və Gənclər Milli Departamenti Şurasının və İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşib.
Sərgi-yarmarkada Azərbaycan üçün ayrılmış stenddə uşaq ədəbiyyatımızın ən yaxşı nümunələri nümayiş olunub. Müasir yazıçılardan Sevinc Nuruqızının, Gülzar İbrahimovanın, Solmaz Amanovanın və digər müəlliflərin kitabları ziyarətçilərin diqqətini cəlb edib. Son dövrlərin nəşri olan uşaq kitabları ingilis, rus və Azərbaycan dillərində təqdim olunub. Həmçinin ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, şifahi xalq ədəbiyyatını əks etdirən kitablar sərgilənib. Stendimiz müxtəlif suvenirlər, ölkəmizin rəmzləri ilə bəzədilib.
Sərgi iştirakçılarına Azərbaycanın təbliği məqsədilə açıqcalar, kiçik döş nişanları, Respublika Uşaq Kitabxanasının bələdçisi və vizit kartı, kitabxananın təsisçisi olduğu “Göy qurşağı” jurnalının son nömrələri, müəlliflərin hədiyyə etdiyi uşaq kitabları paylanıb.
Sərgi çərçivəsində uşaq ədəbiyyatının inkişafı məsələlərinə dair simpoziumda Zahirə Dadaşovanın “Azərbaycan uşaq kitabxanaları müstəqillik illərində” mövzusunda məruzəsi dinlənilib, slayd vasitəsilə Respublika Uşaq Kitabxanasının maraqlı tədbirlərindən görüntülər təqdim edilib.
Sərginin son günü bir çox nominasiyalar üzrə
müsabiqə keçirilib, münsiflər
heyəti uşaq yazıçımız
Solmaz Amanovanın “Monastır apteki” kitabını diploma
layiq görüb.
Mədəniyyət.- 2014.- 16
aprel.- S. 8.