Mehmanxanaturizm şirkətlərində monitorinqlər

 

Martın 31-dən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı-Abşeron bölgəsində fəaliyyət göstərən mehmanxanaturizm şirkətlərində monitorinqlər keçirilir. Turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxanaturizm şirkətləri tərəfindən göstərilən xidmətlərdə dövlət standartlarına riayət olunmasının yoxlanılması və mövcud nöqsanların aradan qaldırılması üçün nazirlik tərəfindən belə monitorinqlər hər il bütün bölgələr üzrə keçirilir.

Hazırkı monitorinqlər həm də 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır. Monitorinqlərin il ərzində 3 mərhələdə keçirilməsi planlaşdırılır.

Birinci mərhələ üzrə Bakı-Abşeron bölgəsində monitorinqlər aprelin 29-dək davam edəcək. Növbəti monitorinqlər yay mövsümü ərəfəsində, iyunun 23-dən iyulun 22-dək olan müddətdə respublikamızın digər regionlarında keçiriləcək. Yay mövsümündən sonra isə oktyabrın 15-dən noyabrın 13-dək monitorinqlər Bakı-Abşeron bölgəsində davam etdiriləcək.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 9.