Dənizkənarı bulvarın yeni növrağı

 

Bakının gözəllik simvollarından biri, hər kəsi öz əsrarəngizliyi ilə cəlb edən dənizkənarı bulvarın ərazisi son bir neçə ildə daha da genişlənib, burada yeni istirahət və əyləncə üçün komplekslər yaradılıb, yaşıllıq zolaqları salınıb. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla söhbətimizdə həm şəhər sakinlərinin, həm də paytaxtımızın qonaqlarının sevdiyi bu məkanda baş verən yeniliklərlə daha yaxından tanış olduq.

Həmsöhbətim bildirdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması layihəsi uğurla icra olunur: Bu ərazi Bakının simasını daha da gözəlləşdirib. Şəhər sakinlərinin və eləcə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarını səmərəli təşkili üçün qısa vaxt ərzində burada ən müasir infrastruktur yaradılıb, müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektləri istifadəyə verilib. Bundan başqa, artıq bir ildir ki, bulvarın Dəniz vağzalından şəhər istiqamətinə uzadılması məqsədilə 3 kilometr ərazidə tikinti işləri başlanıb və işlərin 40-50 faizi görülüb. Ərazidə ağaclar əkilib, yaşıllıqlar salınıb. Dövlət başçısı görülən işlərlə tanış olub, öz tövsiyələrini verib”.

 

İnsanların əyləncəsi necə təmin olunur?

 

Dənizkənarı bulvarda uşaq və yeniyetmələrin əyləncəsini təşkil etmək üçünyeni layihələr həyata keçirilir. Bu günlərdə yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olub və açılışda Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. N.Məcidovun sözlərinə görə, müasir attraksion-panoram Hollandiyanın “Dutch Wheels” şirkəti ilə bağlanmış müqavilə əsasında qurulub: “Diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var. Adamların sayından asılı olaraq 10 dəqiqədən 30 dəqiqəyə qədər hərəkət edə bilir. Əvvəlki attraksiondan 3 dəfə böyükdür, qapalıdır və təhlükəsizidir. Kabinələrin qapıları metro qatarlarının qapıları kimidiroperator tərəfindən idarə olunur”.

Bulvar ərazisində hərəkət edən gəzinti qatarına xüsusilə balacalar çox maraq göstərirlər. Bundan əlavə gəzinti gəmiləri var. Ərazidə kafe, restoran, çayxana, mövsümiilboyu fəaliyyət göstərən satış köşkləri də buraya gələnlərə xidmət göstərir.

Rəis müavininin sözlərinə görə, bulvar o qədər inkişaf edib ki, onun ən müxtəlif yerlərində klip, film çəkmək üçün müraciət edirlər: “Son bir ildə daha çox diqqətə səbəb olan məkanlardan biri də “Kiçik Venesiya”dır. Bu məkan təmirdən sonra daha da gözəl görkəm alıb. Kanallar daha da genişlənib, su daim şəffafdır, gözəl qayıqlar hərəkət edir. Burada iki restoran var - biri Azərbaycan mətbəxi, digəri xarici mətbəx nümunələrini təklif edir”.

Həmsöhbətim paytaxt sakinlərinə daha bir şad xəbər verdi: bu yaxınlarda açıq havada idman kompleksi istifadəyə veriləcək: “Bir il əvvəl Milli Olimpiya Komitəsi belə bir müraciət etdi ki, bulvarda idman meydançası açılsın. Bu, çox yaxşı təklif idi. Çünki insanların əksəriyyəti səhər buraya idman etməyə gəlirlər, amma bunun üçün trenajor yox idi. Artıq meydançada trenajorlar quraşdırılır, ətrafı abadlaşır. Yaxın bir ay ərzində istifadəyə veriləcək. Yeni bulvarda velosiped xətti də insanların mədəni istirahətinə xidmət edir”.

 

Yüzlərlə çinar, söyüd arasında iki baobab kimə mane olur?

 

Bu gün Bakı bulvarını cəlbedici edən məqamlardan birilandşaftlar, yaşıllıq sahələri və müxtəlif, hətta bu günə qədər görmədiyimiz nadir ağac növləridir. Əlbəttə, bunu xoş qarşılayanlarla yanaşı, giley edənlər də var. Həmsöhbətim isə bulvarda müxtəlif, o cümlədən xaricdən gətirilən ağac növlərinin əkilməsinin məkanın daha da gözəlləşməsinə xidmət etdiyini deyir: “Bulvara hər iki aydan bir ağaclar gətirilir. Burada daim yaşıllaşdırma işi aparılır və bu hələ uzun müddət davam edəcək. Ağacların başqa ölkələrdən gətirilməsinə gəlincə, bu gün 100 çinar, 500 söyüd o qədər gözə görünmür, nəinki 2 baobab. Çünki bu, ekzotik ağacdır və insanlar onu maraqla qarşılayırlar, yanında dayanıb şəkil çəkdirənlər də olur. Əgər yüzlərlə çinar, söyüd varsa, 2 baobab kimə mane olur? Və yaxud kaktus. Azərbaycanda bu ağac növü olmayıb. Olubsa da, balaca olub. Ancaq hazırda bulvarda gördüyünüz kaktusları Azərbaycan vətəndaşları 99 faizi ya kitabda, ya da televiziyada görüblər. Bulvardakı xarici ağacların olması onu daha cəlbedici edir”.

Ağacların əsasən İtaliyaAlmaniyadan alındığını deyən N.Məcidov bu ölkələrin müəyyən bölgələrinin Azərbaycanın iqlimi ilə uyğunluq təşkil etdiyini bildirdi: “Ağaclar uzun müddət orada həmin iqlimə uyğunlaşandan sonra biz onları Bakıya gətiririk. Bu sadəcə “xoşuma gəldi, alıb gətirdim” demək deyil. Əgər diqqətlə fikir vermisinizsə, yeni bulvarda ağacların çoxu qışda parça ilə bağlanmışdı. Bu, soyuğadavamlı olmayan ağacları mühafizə etmək üçün xarici ölkədən gətirilən xüsusi örtüklərdir. Əsasən palma, baobabkaktus ağacları qışda örtüklə bağlanır. Lazım olanda o parçalar vaxtaşırı isladılır, dəyişdirilir. Bütün bu işlər idarəmizin bu sahə üzrə mütəxəssislərinin nəzarəti altında həyata keçirilir”.

 

“Vətəndaşlarımız bu gözəlliyi qorumağa diqqət göstərirlər”

 

Bəs hər zaman əcnəbilərin də ağızdolusu danışdıqları Bakı bulvarının yenilənməsində xarici təcrübədən necə, istifadə olunurmu? Rəis müavini deyir ki, idarənin məsul şəxsləri xarici ölkələrə səfərlər edirlər və hər bir qabaqcıl təcrübə burada tətbiq edilir: “Bir çox ölkələr var ki, dənizləri olsa da, sahildə belə bulvarları yoxduronu salmaq da artıq gecdir. Dənizin havası, mənzərəsi özü bir gözəllik yaradır. İnsanlar var ki, saatlarla oturub dənizə baxmaqdan zövq alırlar. Məsələn, yeni bulvar salınarkən çoxlu lazımsız tikililər söküldübu məkan daha da gözəlləşdi. Zığ istiqamətində işlər bitdikdən sonra bulvarın nə qədər gözəlləşdiyini gözlərimizlə görəcəyik. Əlbəttə, bulvarın simasının dəyişməsi, yaşıllıqların salınması, ağacların əkilməsi, işıqlandırma gözə çarpandır. Amma bu gözəlliyi qoruyub saxlamaq da lazımdır. İdarənin özünün güclü qoruma sistemi var. Zibil qabları kifayət qədər çox olduğuna görə artıq insanlar zibili yerə atmırlar. Bizdə ikinövbəlidir. Günün bütün vaxtlarında bulvarda təmizlik, səliqə-sahman var. Hiss edirik ki, vətəndaşlarımız da bu gözəlliyi qorumağa diqqət göstərirlər, onlarda bulvara böyük məhəbbət yaranıb”.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bir sıra mədəni tədbirlər keçirir ki, bu həm şəhər sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olur.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 11.