Ötəri
söhbətlərdən fraqmentlər
Bir neçə dəfə Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kamal Xudaverdiyevlə mətbuat üçün söhbət eləmək istəmişəm, hər dəfə də onun ortadan bir işi çıxıb. Hərdən ötəri görüşəndə, ya teatrın aktyor bufetində çay içəndə müsahibə məsələsini yadına salırdım. O da deyirdi ki, «müsahibə yox, amma gəl, teatrın problemləri ilə bağlı mübahisə edək. Bu olar iş».
(Əvvəli
ötən sayımızda)
Səhnədə «Sokratı anma gecəsi» tamaşasının bir növ ictimai baxışı idi. Çox adam dəvət edilməmişdi, teatrın bədii rəhbəri Həsən Turabov, quruluşçu rejissor Mərahim Fərzəlibəyov, daha bir neçə adam zalda əyləşib tamaşaya baxırdılar. Üç gün sonra, 1999-cu il aprelin 9-da tamaşanın premyerası göstəriləcəkdi. Aprelin 3-də «Şah Edip, yaxud alın yazısı» («Şah Edip») faciəsinin ilk tamaşası olmuşdu. Zala keçmək istəyəndə mənə dedilər ki, tamaşanın rəssamı Tahir Tahirov səni soruşurdu, nə isə sözü vardı. Truppa müdirinin otağına, dördüncü mərtəbədə rəssamların tərtibatları böyük pərdələrə köçürdükləri sexə baş çəkdim, ancaq Tahiri tapmadım. Aktyor bufetinə gəldim.
Kamal Xudaverdiyevin aktyor bufetində öz yeri vardı. Adətən küncdə, pəncərənin yanında oturardı. Özü də bir az yanakı oturardı ki, bufetdəkilərin hamısını görə bilsin. Çünki hansısa hərəkəti xoşuna gəlməyən aktyora replika atırdı, hərdən lap acı söz də deyirdi. Elə də çayxor deyildi, amma qarşısında çox vaxt içindəki çayın yarısı içilmiş armudu stəkan olardı. İki dənə də nazik limon dilimi. Amma bu limon çay üçün deyildi...
Bufetdə iki-üç gənc aktyor bir mizin arxasında sakitcə söhbətləşirdilər. Kamal Xudaverdiyev Çingizxanın geyimində, qrimində daimi yerində oturmuşdu. «Sabahınız xeyir!» deyib elə qapının ağzından Tahiri soruşdum. Bufetçi Ağabəy dedi ki, Tahir bu gün bura gəlməyib.
Kamala tərəf çöndüm. Gözucu mizin üstünə baxdım. Limon diliminin ikisi də nəlbəkinin içindəydi...
İlham.
Necəsən, ay Kamal?
Kamal. (yarıboş çay stəkanını
göstərdi) Necə olacam, belə də...
(Geri dönüb çıxmaq istədim. Kamal arxadan səsləndi).
Kamal. Hara gedirsən, gəl otur görək. Qorxma, hələlik ayrı şey yoxdur (mizin
üstünü göstərdi).
İlham.
«Sokrata» baxmaq istəyirəm.
Kamal. Srağagün baxdın də. Bir
də premyeraya gələrsən.
(Nə demək istədiyini başa düşdüm. Keçib onun
yanında oturdum. Bilə-bilə sual verib
söhbəti dəyişdim).
İlham.
Premyeranız nə vaxtdır?
Kamal.
Ayın 9-da... Müəllim, baxdın bizim
tamaşaya?
İlham.
Akademik teatrda bütün tamaşalar sizindi də.
Hansını deyirsən?
Kamal. Bizim olsa da, hamısı mənim deyil. «Şah Edip»i deyirəm.
İlham.
Baxdım.
Kamal.
Heç bir söz demirsən... Yaxşıdı... pisdi...
babatdı... Apar qaytardı...
İlham.
Ay Kamal, premyera günü gəlib qrim otağında səni
təbrik eləmədik?
Kamal. Kimnən?
İlham.
Həsən Turabovnan ikimiz.
Kamal. Doğurdan? Nə bilim əşi, premyera
günü adam elə həyəcanlı
olur ki, çox şey yadında qalmır. Hələ
gec deyil, fikrini indi de.
İlham.
Fakt şəxsən mənim üçün
çox dəyərlidir. Nəhayət,
Milli Dram Teatrı antik dramaturgiyaya müraciət etdi.
Afişalarda Sofoklun da adı yazıldı...
Kamal. Dayan ey, mənim üçün tarix-nadir açma
burda. De görüm, mənim
oynadığım şah Edip necə
çıxmışdı?
İlham.
Suala sual versəm olar?
Kamal. Verməyinə ver, amma mətləbdən
uzaqlaşma.
İlham.
Onda mənə de görüm, şah Edip klassik
bədii personaj baxımından bu rolu ifa edən Kamal
Xudaverdiyev üçün kimdir?
Kamal.
Ağlına gəlməyən dəhşətli hadisə
başına gələn bədbəxt... Bəlkə
də zavallı.
İlham.
Finalda nəyə görə daha çox
zavallı Edip oynayırdın? İstəyirdin
tamaşaçıların ona yazığı gəlsin?
Kamal. Bəs kimi oynayaydım? Uzun illər
bilmədən anası ilə yataqda bir yastığa baş
qoyan, iki qız, iki oğlan övladına həm ata, həm
qardaş olan taxt-tac sahibinin bu faciəli aqibətini necə
oynamaq lazımdır? Bütün bu dəhşətlər
onun başına özü bilməyərəkdən gəlib
axı. Alimlər bunu qəzavü-qədər,
alın yazısı adlandırırlar. Sofokl
pyesin mövzusunu yunan əsatirindən götürüb.
İlham.
Bunu bildik.
Kamal. Sən mənə de görüm bugünkü
tamaşaçıya əsatiri səhnədən nəql eləməyin
nə xeyri, ya nə mənası olar?
İlham.
Məncə, heç bir xeyri, heç bir mənası.
Onda bu, teatr tamaşası olmaz ki. Əsatiri olduğu kimi bilmək kimə
lazımdırsa, zəhmət çəkib kitabı
açıb oxusun.
Kamal. Ay
sağ ol! Bax, ona görə
də mən zavallı insan Edipi, Tanrının qəzəbinə
tuş gələn qüdrətli bilək sahibi Edipi,
atasının tutduğu bəd əməllərə cavab
verməyə məhkum olunmuş qatil şah Edipi oynamağa
çalışmışam. İnsan
tutduğu pis əmələ görə vicdan əzabı çəkmirsə,
yalnız özünü düşünürsə bu, faciədir.
Mənim fikrimcə, fərdin törətdiyi bədbəxtlik,
kimlərəsə elədiyi pislik bir il...
on il... əlli il... sonra onun övladının, nəvəsinin,
bəlkə də nəticəsinin qabağına
çıxacaq. Özü də daha dəhşətli
formalarda.
«Şah Edip» faciəsinin süjetini xatırlayaq.
Edipin atası Lay hökmdar Pelopa qonaq gedir və onun
oğlunu oğurlayır? Bu, hansı
insanlığa sığır? Lay duz-çörəyi
namərdcəsinə tapdalayır, insanlıq ləyaqətini
itirir. Pelop əsatirdə, eləcə də
pyesdə Ellada sakinlərinin inanc yeri olan Olimp
dağındakı allahlara üz tutur. Onlardan
Layın cəzalandırılmasını istəyir. Allahlar Pelopun qarğışını qəbul
edirlər və Layı lənətləyirlər. Hətta Laya çatdırılır ki, o,
oğlunun əlində öləcək. Belə
də olur. Lənətlənmiş
Layın günahlarının əziyyətini oğlu Edip,
arvadı İokasta çəkirlər. Deməli,
Edip daxilən, ruhən qatil, cani deyil.
Bax, mənim oyunumun əsasında bu fikir durur.
İlham.
Sofoklun yazdığı pyesdə belədir ki,
şah Edip özünün ata qatili olduğunu, anası ilə
evləndiyini biləndən sonra həm anası, həm də
arvadı İokastanın sancağıynan öz gözlərini
kor edir. Dramaturqun bu finalı bəyəm
şah Edipin zavallılığına dəlalət edir?
Kamal.
Burada başqa məsələ var. Mən tamaşanın
rejissoru Bəhram qardaşıma dedim ki, gəl, bizim yozumda Edip finalda özünü
öldürsün.
İlham.
Arqumentin nədir? Nə
üçün bunu istəyirdin?
Kamal. Çünki Edip çox iradəli, igid, cəngavər,
hökmdarı olduğu məmləkətdə adamlara xoş
güzəran bəxş etmiş adamdır. Onun keçirdiyi dəhşətli
sarsıntının nəticəsində özünü kor
etməsi məncə düzgün deyil. Çünki
Edipin kor olması rüsvayçı keçmişini
unutmağa əsas vermir axı. Əksinə, o kor ola-ola
keçmişini xatırlamaqla bir az miskin
və yazıq görünə bilər. Ancaq mənim
oynadığım Edip qətiyyən nə miskin, nə də
yazıq deyil. Şah Edip talesiz
zavallıdır.
İlham.
Maraqlı yozumdur və geniş mənada
«Şah Edip kompleksi» adlanan fəlsəfi konsepsiyaya uyğun gəlir.
Bəs nə üçün finalda şah Edip
özünü öldürmədi?
Kamal. Nə
bilim... Bəhram razı olmadı... Tamaşanın rejissoru
odur, mən neynəyə bilərdim...
* * *
2000-ci il fevral ayının 21-i idi. Tezdən
gəlmişdim, teatrdakı otağımdaydım. Həsən
Turabov haqqında yazdığım «Aktyora oxşamayan adam» kitabımın korrektor nüsxəsini
gözdən keçirir və şəkilaltı sözləri
bir də oxuyurdum. Bir neçə şəkilaltı
sözün yerləri dəyişik
düşmüşdü, onları düzəldirdim. Nəşriyyatdan demişdilər ki, materialları
günortayacan qaytarmalıyam.
Kimsə
qapını şəstlə açdı və
başımı qaldıranda Kamal iri addımlarla
yaxınlaşıb əl verdi.
Kamal.
Salam! Müəllim, yorulmadın bu yazmaqdan?
(Keçib divanda əyləşdi. Divan sağ
tərəfdən mənim stoluma bitişik idi).
İlham.
Yazmıram, oxuyuram.
Kamal. Nə oxuyursan?
İlham.
Həsən Turabov haqqında kitab
yazmışam, oradakı şəkillərlə sözlərin
düz gəlib-gəlmədiyini yoxlayıram.
Kamal. Mənim haqqımda da nəsə yazmısan?
İlham.
Elə şey olar, əlbəttə. Həsənlə bir yerdə
oynadığınız tamaşalardan söz açanda səndən
də yazmışam.
Kamal.
Sağ ol da, gərək adamın adamı olsun... Bəs ayrıca mənim haqqımda nə vaxt kitab
yazacaqsan?
İlham.
Sağlıq olsun.
Kamal.
İndi istəmirəm... Mən öləndən
sonra yazarsan.
İlham.
Sənin nə yaşın var ki, ölümdən
danışırsan?!..
Kamal. Altmış iki yaş azdır bəyəm?
İlham.
Əlbəttə azdır.
Kamal.
Yaxşı... Onda elə-belə, sözgəlişi dedim...
Axı ölən aktyoru hamı tərifləyir... Sən də məndən ancaq tərif yazarsan
(şaqqanaq çəkib güldü).
İlham.
Ay Kamal, səhər-səhər xeyir ola?
Kamal. İşim düşüb sənə. Gördüm maşının darvazanın
ağzındadı, bildim ki, otaqdasan.
İlham.
Mən sənin qulluğunda hazır. Amma
otağımda...
Kamal. (sözümü kəsdi) Əşi
yox, onu demirəm, hələ olmaz, saat 12-də məşqim
var. Qalsın sonraya.
İlham.
Bəs onda...
Kamal. Bir macal ver də, deyirəm. Yaxşı bir ərizə
yazmaq lazımdır... Prezidentin adına...
Ev üçün...
İlham.
Onda ala sən kitabda gedəcək şəkillərə
bax, mən də ərizəni yazım. Amma
sən Allah ehtiyatlı ol, səhifələr
qarışıq düşməsin (vərəqləri ona
uzatdım).
Kamal. Qorxma, bir-bir baxacam.
(Hərdən Kamala ailə sayı, hazırda
yaşadığı evin ünvanı, sahəsi haqqında
suallar verirdim.
O da suallarımı əlüstü qısaca
cavablandırırdı. Ərizəni
yazdım, əlyazısında özünə oxudum. Bəyəndi. O vaxtı kompyuterim yox idi. Makinada ərizənin üzünü
köçürdüm, üç nüsxə
çıxarıb verdim Kamala. Ayağa
qalxdı).
Kamal. Müəllim, təşəkkürlər. Əlin yüngül olsa bir qonaqlıq məndə.
(Fikirləşdim ki, fürsətdən istifadə edim. Neçə
ildən bəri yazmaq istədiyim onunla sənət dialoquna bu
gün başlayım).
İlham.
Kamal, bəlkə bu gün məşqdən
sonra gələsən bura.
Kamal. (güldü) Tədbir var?
İlham.
Yox... Tədbiri söhbətdən sonra eləyərik.
Deyirəm məqamdı, bəlkə çoxdan
sənə dediyim söhbəti yavaş-yavaş başlayaq?
Kamal. Nə
söhbət?.. Həəəə... Sənət barədə.
İlham.
Bəli, sənət barədə.
Kamal. Deyəsən, işin-peşən qurtarıb ey sənin?
Neynirsən söhbəti?
İlham.
Çap elətdirmək istəyirəm. Qoy tarixdə ikimizdən də nəsə qalsın.
Kamal.
Yox əşi... Qəzetçilərin gic-gic
sualları yığıb məni boğaza. Yəqin sən də soruşacaqsan ki, aktyor sənəti
xoşuna gəlirmi? Mən də cavab verəcəm
ki, əvvəl gəlirdi, indi yox.
Soruşacaqsan ki, niyə? Cavab verəcəm ki,
bu gün nə teatra, nə də aktyora hörmət
qalmayıb, ona görə xoşum gəlmir.
Soruşacaqsan ki, bir də doğulsaydın aktyor
olardınmı? Cavab verəcəm ki, yox, tamojnı, yəni
bizim dildə desəm, gömrükçü olmaq istəyərdim.
Orda yaxşı qazanc var.
Soruşacaqsan ki, ən böyük arzun nədir? Cavab verəcəm ki, rahat
evim olsun, heç olmasa 60 yaşından sonra mən də adam kimi yaşayım.
Soruşacaqsan ki, səhnənin sehri nədədir? Cavab verəcəm
ki, səhnənin sehri yoxdur ey, bura kley dəryasıdır.
Ora düşən yapışıb qalır, nə
qədər çalışsa da qopub çıxa bilmir?
Soruşacaqsan ki, səni kinoya niyə çəkmirlər? Cavab verəcəm
ki, «Azərbaycanfilm» reanimasiyada ölüm
ayağındadır. Mən hardan yada
düşüm.
Soruşacaqsan ki, teatrın bugünkü repertuarı səni
qane edirmi? Cavab verəcəm ki, tamaşaların çoxu nə
«akademik», nə də «milli» sözünə uyğun gəlmir.
Soruşacaqsan ki, müasir pyeslərdə oynamaq
xoşuna gəlir? Cavab verəcəm ki, «yox»,
oxuduqlarımın çoxu dram əsəri deyil.
Soruşacaqsan ki, bəs vəziyyətdən
çıxmaq üçün nə etmək lazımdır? Cavab verəcəm ki,
kaş Cəfər Cabbarlı on illiyə dirilib gələydi,
ilə bir-iki pyes yazıb yenə gedəydi öz cənnətinə...
(Diqqətlə üzümə baxıb güldü).
- Müəllim,
davamı qalsın sonraya... Sağ ol, mən getdim...
(Gəldiyi iti addımlarla da otaqdan çıxdı).
* * *
2000-ci il iyun ayının 20-si idi. Bərk
bürkü vardı. Həsən Turabovun kabinetində
Süleyman Sani Axundovun məşqləri gedən «Eşq və
intiqam» faciəsi haqqında danışırdıq. Mənim fikrim qəti idi ki, əsəri Lütfi Məmmədbəyovun
belə arxaik, bir qədər də primitiv səhnə
yozumunda tamaşaçılara göstərmək
biabırçılıqdır. Həsən də
deyirdi ki, «bilirəm, amma neynəyim, Lütfi dönə-dönə
xahiş edib... Yaşlı adamdı, nəsə bir iş
görmək istəyir...»
Turabov bu fikrimnən razılaşdı ki,
tamaşanın premyerasını bu vəziyyətdə
oynamayıb saxlayaq. Payızda əsərin üzərində bir az da məşq edilsin, sonrasına baxarıq.
Bu əsnada teatrın kadrlar şöbəsinin müdiri
Yaqut xanım qucağında bir qalaq qovluq içəri
keçdi. Bizə baxıb qapının ağzında
dayandı.
Həsən. Yaqut xanım gəl... keç burda əyləş
(mənimlə üzbəüz boş yeri göstərdi).
(Mən durub kabinetin ayaq tərəfindəki divanda əyləşdim. Elə bu məqamda
qapı açıldı və Kamal Xudaverdiyev içəri
daxil oldu).
Kamal. (ucadan gur səslə) Sabahın
xeyir, Həsənağa.
Həsən.
Sabahın xeyir, Kamal... salam. Otur İlhamnan
söhbət elə, beş dəqiqəyə
qurtarıram.
Kamal. (yanımda oturdu) Necəsən,
müəllim?
İlham.
Sağ ol. Buna da şükür.
Kamal. (başıyla Həsəngili göstərdi)
Xeyir ola? Yəqin yenə fəxri adlara
siyahı tuturlar...
İlham.
Bilmirəm, Yaqut xanım sənin
qabağınca gəlib.
Kamal. (üzünə təbəssüm qondu) Sən
bilmirsən, amma mən bilirəm...
İlham.
«Cəzasız günah» tamaşasına baxdım...
Kamal. Baxmalısan də. Sənin, yəni siz
«şünasların» işidir də baxmaq (şünaslar
sözünü kinayəli vurğu ilə dedi).
İlham.
Sözümü kəsmə, deyirəm yəni
baxmışam, amma xoşuma gəlməyib, tamaşa zəif
alınıb. Elə bir gözə dəyən
aktyor ifası da yoxdur.
Kamal. Zəif alınar da. Müəlliflərə
demək olmur ki, pyesin zəifdir, o saat inciyib-küsürlər.
Xəlvətcə rejissora deyirlər ki, filan
aktyoru roldan çıxart.
İlham.
Səbəb nə qoyurlar, ya nəyi bəhanə
gətirirlər?
Kamal.
Filan aktyor mənim təsvir elədiyim obrazın xarakterinə
uyğun deyil... Obrazı dərindən duya bilmir... Vəssalam. Bunnan da hansısa
aktyor qalır işsiz. Yəni, konkret bu
tamaşadan söhbət gedir.
İlham.
Zəif rolu oynamaqdansa oynamamaq daha yaxşı
deyil?
Kamal.
Əlbəttə, yaxşıdır... Amma
birindən imtina eləyirsən, ikisindən,
üçündən... bir də görürsən,
neçə müddətdir təzə rol üzünə həsrət
qalmısan. Ya da rejissorlar sənnən işləmək
istəmirlər ki, filankəs iddialıdır, hikkəlidir,
mübahisə xoşlayandı... Daha nə bilim nələr...
Heç kim ağrımaz başına dəsmal
bağlamaq istəmir.
İlham.
Bəs onda «Cəzasız günah»da niyə
oynadın?
Kamal. Ay
qardaş, bəs neynəyim? Mən aktyoram, səhnədə
olmaq, təzə rol oynamaq, işləmək istəyirəm
axı... Belə zəif rollar oynamaq istəmədiyim
üçün hələ neçə il
əvvəl Azər Paşaya dedim ki, Elçinin «Ah, Paris...
Paris!..» əsərində sözsüz
süpürgəçi rolunu mənə versin. Sözüm
olmasa da, heç olmasa səhnədəyəm ki...
İlham.
Həmin rolu rejissor assistenti Nəcəf Həsənzadə
də oynayırdı.
Kamal. Nə olsun, burda qəribə nə var? Bəyəm sən bilmirsən ki, Nəcəf
tamaşalarda bizim aktyorların bəzilərindən daha
yaxşı oynayır?! Kişinin oğlu əsl epizod,
tipik xarakterlər aktyorudur...
Amma İlham, öz aramızdı dinməzcə oturub
altdan-altdan tamaşaçıları süzmək özü
də bir teatrdır. Yadındadı də mənim mizanım?
Səhnə güzgüsünün sütununa
söykənib dinməzcə ətrafdakı hadisələri
seyr edirdim.
İlham.
Əlbəttə yadımdır. Oturmurdun, çömbəltmə dururdun, əlində
də uzun saplı küçə süpürgəsi.
Kamal. Həəə. Ayrı şey demək istəyirəm.
Biri tamaşaya baxmağa gəlib, biri bəzək-düzəyini
göstərməyə, biri elə-belə vaxt keçirməyə,
biri yanındakılarla mırt vurmağa... Aləmdi... Bunları görəndə aktyorlara, başda da
özümə, yazığım gəlir.
İlham.
Niyə?
Kamal.
Day «niyəsi» yoxdur ki... günlərnən, həftələrnən,
aylarnan məşq elə, əziyyət çək, tər
töküb tamaşa hazırla... Amma gəlib
baxanların saat yarım, iki saat səbri çatmır ki,
rahat oturub diqqətnən tamaşaya baxsınlar.
İlham.
Elə tamaşalar hazırlayın ki, maraqnan
baxsınlar.
Kamal. Bəyəm
«Paris», «Kral Lir» pis tamaşalardır?
İlham.
Yox, ikisi də yaxşı tamaşadır.
Kamal. Bəs onda nə deyirsən?
İlham.
Hamı elə deyil. Tamaşaçı
var ki, əsəri səndən-məndən yaxşı təhlil
eləyir.
Kamal. O
da olsun beş faiz. Əşi,
sən tamaşaların finalında zala baxmırsan? Heç aktyorlara səhnənin önünə gəlib
baş əyməyə macal vermirlər. Hərdən
finalda sözlər eşidilməz olur. Basa-basnan,
tələm-tələsik hamı qarderoba qaçır.
İlham.
Bu da bizim tamaşaçıların bəlasıdır.
Gec-tez düzələcək.
Kamal.
Aktyorlar səhnədə bir az «xaltura» eləyəndə
tamaşaçılar dodaq büzürlər. Küçədə
rastlaşanda incik-incik bizə irad tuturlar. Bəs
elə bilirsən, onların saymazyana hərəkətləri
bizə pis təsir eləmir?
Elə eləyir... elə eləyir...
Mədəniyyət.- 2014.- 16
aprel.- S. 12; 13.