“Arşın mal alan” rusiyalı
tələbələrin ifasında
Novosibirsk Teatr İnstitutunun tələbələri
Bakı Slavyan Universitetinin qonağı olublar
Xəbər verildiyi kimi, Rusiyanın Novosibirsk şəhərinin
Dövlət Teatr İnstitutunun tələbələri
Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasını
səhnələşdiriblər.
Tamaşa
Novosibirsk vilayətinin Mədəniyyət
Nazirliyi, Novosibirsk Dövlət
Teatr İnstitutu və bu şəhərdəki
“Rus-Azərbaycan evi”nin dəstəyi ilə hazırlanıb.
Şəhərimizdə səfərdə olan novosibirskli tələbələr
aprelin 17-də tamaşanı
Bakı Slavyan Universitetinin (BSU) akt zalında nümayiş etdirdilər. Nümayişdən öncə Bakı
Slavyan Universitetinin tələbə-müəllim heyəti
ilə qonaqların görüşü keçirildi.
Görüşdə “Rusiya-Azərbaycan
evi”nin rəhbəri
Mais Məmmədov, qurumun ağsaqqallar şurasının sədri
Əyyub Abbasov, qurumun üzvü İsa Səfərov da iştirak edirdi.
BSU-nun rektoru, professor Asif Hacıyev dahi Azərbaycan bəstəkarının
məşhur əsərinin
səhnələşdirilməsinə görə tamaşanın
quruluşçu rejissoru,
Novosibirsk Teatr İnstitutunun
“Aktyor sənəti və rejissorluq” kafedrasının dosenti Anatoli Axreyevə və institutun tələbələrinə minnətdarlığını
bildirdi. Rektor Azərbaycan və
Rusiya tələbələri
arasında dostluq əlaqələrinin iki ölkənin təhsil və mədəniyyət
sahəsində möhkəm
əlaqələrinin göstəricisi
olduğunu vurğuladı.
Novosibirskdəki “Rus-Azərbaycan evi”nin
rəhbəri Mais Məmmədov “Arşın
mal alan” operettasının Azərbaycan
mədəniyyətinin incilərindən
biri kimi dünyada tanındığını
bildirdi.
Novosibirskli tələbə Emil Malıgin
unudulmaz sənətkarlar
Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarından mahnılar ifa etdi.
Sonra “Arşın mal alan”
tamaşası nümayiş
olundu, tələbə-aktyorların
ifası alqışlarla
qarşılandı.
Tədbir barədə növbəti
sayımızda geniş
material təqdim edəcəyik.
Mehparə
Mədəniyyət.- 2014.- 18
aprel.- S. 2.