“Mədəni irsin qorunması və erməni saxtakarlıqları”

 

Bakıda Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə konfrans keçirilib

 

Aprelin 23-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, alimlər iştirak ediblər.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tədbiri açaraq UNESCO tərəfindən elan olunmuş Dünya Kitab və Müəlliflik Hüququ Gününün planetimizin əksər ölkələrində, o cümlədən 1997-ci ildən Azərbaycanda qeyd edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin müəllifi və yaradıcısıdır. Məhz onun uzaqgörənliyi sayəsində 1993-cü ildə Müəllif Hüquqları Agentliyi yaranıb və 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun qəbul olunub. Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında nümunəvi sistem kimi qəbul olunub. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sahəyə xüsusi yer ayrılıb.

Konfransın mövzusundan söz açan Kamran İmanov bildirib ki, Azərbaycan xalqının mədəni irsi yüz illər boyu ermənilər tərəfindən “Gəldim, gördüm, mənimsədim” sxemi üzrə oğurlanıb. Ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix uydurmaqla, Azərbaycanın və bölgənin tarixini təhrif etməklə müşayiət olunur. Vurğulanıb ki, Prezident İlham Əliyev informasiya və əks-təbliğat işinin qurulmasında bu erməniçilik amilinin nəzərə alınmasını, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etmək üçün daha genişmiqyaslı və müntəzəm tədbirlərin həyata keçirilməsini tövsiyə edib. Bu, yalnız Azərbaycan xalqının müdafiəsi naminə deyil, bütövlükdə, saxta erməni təbliğatını ifşa etmək vəzifəsi olaraq qarşıya qoyulub.

Konfransda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva UNESCO-nun baş direktoru İrina Bokovanın Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciətini oxuyub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva son illər xalqımızın maddi-mədəni irs nümunələrinin qorunması və dünyada təbliği istiqamətində görülən işlərdən söz açıb: “Müstəqillik dövrünə nəzər yetirdikdə həm maddi, həm də qeyri-maddi mədəni irs sahəsində əldə edilmiş uğurlar Azərbaycan xalqının milli mədəni dəyərlərinə sahibliyini beynəlxalq səviyyədə təsdiqləmişdir. Milli mədəniyyətimizin inciləri olan muğamımız, aşıq sənətimiz, Novruz bayramı, milli xalça sənəti və tar ifaçılığı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən Qarabağ atüstü oyunu adı ilə təcili qorunma siyahısına, İçərişəhərŞirvanşahlar sarayı, Qobustan Milli Tarixi Bədii Qoruğunun dünya irsi siyahısına daxil edilməsi zəngin mədəniyyətimizin tanınmasında müstəsna rol oynayır”.

Konfransın aktual mövzuya həsr olunduğunu deyən nazir müavini diqqətə çatdırıb ki, erməni vandalizmi nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən 11 dünya əhəmiyyətli abidə dağıdılıb və qarət olunub: “Erməni saxtakarlığı, erməni plagiatlığı artıq bütün dünyada tanınmışdır. Ermənilər tərəfindən Azərbaycan mədəni irsinin mənimsənilməsinə yol verilməməsi üçün bütün imkanlardan istifadə etməliyik. Bu məsələyə vahid kompleks yanaşma olmalı və həyata keçirilən tədbirlər sistemli və davamlı xarakter daşımalıdır. Son illər bu istiqamətdə ciddi addımlar atılmış və mühüm işlər görülmüşdür”.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov, Milli Təhlükəsizlik Nazirliyi Aparatının rəhbəri Fərhad Vahabov, Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev mövzu ilə bağlı çıxış ediblər.

Konfransda “Qız qalası və ermənilərin saxtalaşdırma iddiası”, “İlk qriqorian kilsəsi, Eçmiədzinin gerçək tarixi”, “Azərbaycana qarşı mənəvi təcavüzün forma və xüsusiyyətləri” və “Dənizdən-dənizə: gerçəklik və uydurmalar” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 4.