Görkəmli bəstəkar, ifaçı və musiqi təşkilatçısı

 

Hər bir sənətkarın istedadı və zəhməti sayəsində yaratdıqları milli sərvətimizə çevrilərək xalqla sənətkar arasında bir bağlılıq, doğmalıq yaradır. Bu doğmalıq nəsillər bir-birini əvəz etsə də, yaddaşlarda əbədi kök salır. Belə unudulmaz simalardan biri də görkəmli bəstəkar, musiqi təşkilatçısı, Xalq artisti Tofiq Əhmədovdur.

Tofiq Əhmədov Azərbaycanda milli estrada musiqisinin yaradıcılarından və onun inkişafına təkan verən incəsənət xadimlərindən biridir. Musiqi aləminə klarnetsaksafon ifaçısı kimi qədəm qoyan sənətkar öz istedadı və zəhməti sayəsində zəngin yaradıcılıq yolu keçmişdir. Bu yolda bir çox nailiyyətlər əldə edərək estrada üslubunda pyeslər və mahnılar yazan bəstəkar, Azərbaycan TeleviziyaRadiosunun estrada simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru kimi sənət zirvələrinə yüksəlmişdir.

Bu məqamda sənətkarın ömür kitabından bəzi səhifələri vərəqləyək:

Tofiq Qəzənfər oğlu Əhmədov 1924-cü il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə məhəbbəti onu bu ecazkar sənətlə əbədi olaraq doğmalaşdırır. 1941-ci ildə respublikamızda yeni yaranan estrada simfonik orkestrinə klarnetsaksafon ifaçısı kimi daxil olur. O vaxt orkestrin rəhbəri və dirijoru unudulmaz bəstəkarımız Tofiq Quliyev idi. 1942-ci ildə bəstəkar Tofiq Əhmədovu rəhbərlik etdiyi Xəzər Donanması estrada ansamblına dəvət edir. O, 1945-ci ilə qədər həmin orkestrdə işləyir.

Bu illərdə ali təhsil almağı da unutmur. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəfəsli alətlər şöbəsinin klarnet sinfini bitirir. 1953-cü ildən estrada sahəsində püxtələşmiş bir sənətkar kimi daha geniş fəaliyyətə başlayır. Həmin il Moskvaya mahir truba ifaçısı Edi Roznerin rəhbərlik etdiyi estrada orkestrinə dəvət olunur, dörd ilə qədər orkestrin konsertmeysteri olur. Kifayət qədər təcrübə toplayan musiqiçi 1957-ci ildə Bakıya qayıdaraq “Biz Bakıdanıq” adlı estrada orkestrini yaradır. Öz bilik və bacarığını ustalıqla nümayiş etdirən sənətkar 1961-ci ilə qədər bu ansambla rəhbərlik edərək Azərbaycan estradasının yaradıcılarından və təbliğatçılarından biri kimi səmərəli fəaliyyət göstərir, ansambl ilə müxtəlif ölkələrə qastrola gedir.

Tofiq Əhmədovun yaradıcılığının böyük bir hissəsi Azərbaycan TeleviziyaRadiosu ilə bağlıdır. 1961-ci ildə buradaBiz Bakıdanıq” estrada ansamblının solistləri əsasında estrada orkestri yaradır. Kollektivə A.Zeynallı adına Musiqi Texnikumundan, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasından (indiki BMA) tələbələri və məzunları dəvət edir. Bu axtarışları sayəsində orkestr mükəmməl bir kollektiv kimi püxtələşir. O, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Lütfiyar İmanov, Rauf Atakişiyev kimi görkəmli sənətkarları orkestrlə əməkdaşlığa cəlb edirdi. Sonralar Natəvan Şeyxova, İlhamə Quliyeva, Rauf Adıgözəlov, Mobil Əhmədov, Züleyxa Mirismayılova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Akif İslamzadə, Flora Kərimova, Elmira Rəhimova və digər sənətkarlar Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinə qədəm qoydular. O, ömrünün sonuna qədər bu kollektivin bədii rəhbəri və baş dirijoru olur.

Hər bir musiqi kollektivinin uğuru üçün istedadlı ifaçılarla bərabər, repertuar seçimiçox əhəmiyyətlidir. Tofiq Əhmədov bədii rəhbər kimi bu iki amilə həmişə xüsusi diqqət yetirmişdir. Bu orkestr üçün də müxtəlif nəsildən olan bəstəkarlar yazıb-yaratmışlar. Məsələn, görkəmli bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev əsasən simfonik janrda işləmələrinə baxmayaraq, Tofiq Əhmədov onlara estrada orkestri üçün də əsərlər sifariş edirdi. Bu mənada Qara Qarayevin orkestr üçün yazdığı “Estrada rəqsi”ni, Fikrət Əmirovun “Rəqs qravürləri”, “Üç miniatür” və başqa əsərlərini qeyd edə bilərik. Tofiq Əhmədovla daha çox yaradıcılıq ünsiyyəti olan Tofiq Quliyevsimfonik orkestr üçün çoxlu sayda pyeslər yazmış və onun əksər mahnılarını müğənnilər məhz bu orkestrlə ifa etmişlər. Buna bəstəkarın “Azərbaycan ritmləri” və başqa əsərləri misal ola bilər.

Estrada simfonik orkestrinin repertuarı bu istiqamətdə geniş yaradıcılıq fəaliyyəti olan Rauf Hacıyevin də əsərləri ilə zəngindir. OnunBizim ritmlər”, “Lirik rəqs” və başqa pyesləri, mahnıları orkestrin təfsirində ifa olunub. Bundan başqa, Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Xəyyam Mirzəzadə, Əziz Əzizov, Oqtay Kazımi, Ramiz Mirişli, Cavanşir Quliyev, Mobil Babayev, Faiq Sücəddinov, Eldar Mansurov, Oqtay Rəcəbov, Musa Mirzəyev, Rühəngiz Qasımova və başqalarının əsərləriorkestrin repertuarında özünə layiqli yer tutmuşdur.

Tofiq Əhmədovun yaradıcılığını bir neçə mərhələyə ayırmaq olar. O, ifaçı, dirijor, bəstəkar və musiqi təşkilatçısı kimi mühüm xidmətlər göstərib. Əgər bəstəkar Tofiq Əhmədovdan danışsaq, deməliyik ki, onun neçə-neçə yaddaqalan mahnıları və orkestr üçün çoxlu sayda əsərləri varbunlar bu günxalq tərəfindən sevilərək dinlənilir. “Sağ ol, dağlar”, “Ana gözləri”, “Güldür məni” və başqa mahnıları bu qəbildəndir. O, Famil Mehdi, Fikrət Qoca, Tofiq Mütəllibov, Rəfiq Zəka Xəndan, Nüsrət Kəsəmənli kimi tanınmış şairlərlə təmas qurur, onların şeirlərindən istifadə edirdi.

Azərbaycan musiqi incəsənəti tarixinin mühüm bir səhifəsi ifaçı, bəstəkar, ictimai xadim Tofiq Əhmədovun adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan TeleviziyaRadiosunun estrada simfonik orkestri fəaliyyətə başladığı ilk illərdən bəri respublikamızla yanaşı, beynəlxalq aləmdə də böyük nüfuz qazandı. Finlandiyanın Helsinki şəhərində keçirilən gənclərin VIII ümumdünya festivalında, 1968-ci ildə Bolqarıstanda keçirilən ənənəvi “Qızıl Orfey” festivalında və digər beynəlxalq tədbirlərdə orkestr xüsusi mükafatlara layiq görülüb.

Tofiq Əhmədov ömrünün son günlərinə qədər orkestrdə səmərəli fəaliyyət göstərib. Sənətkarın vəfatından sonra da orkestr onun qoyduğu ənənələri uğurla davam etdirməkdədir.

Tofiq Əhmədov 1981-ci il martın 21-də vəfat edib. Onun çoxcəhətli yaradıcılığı daim yüksək qiymətləndirilib. 1971-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Prezident İlham Əliyevin sənətkarın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamı Tofiq Əhmədov irsinin əbədiyaşarlığının bariz nümunəsidir. Xalqına, vətəninə, seçdiyi sənətinə sadiq sənətkar işıqlı xatirəsi, zəngin yaradıcılıq irsi ilə daim qəlblərdə yaşayır və yaşayacaq.

 

Səadət Təhmirazqızı,

 

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 6.